Regional təhlükəsizlik Azərbaycan multilateralizmi kontekstində

post-img

V məqalə

Milli və regional problemlərin həlli

Azərbacyan multilaterallığının uğurlu olmasını təmin edən faktor kimi Prezi­dentin milli maraqları region kontesktində mövcud olan problemlərin həlli ilə üzvi surətdə əlaqələndirə bilməsini göstər­mişdik. O mənada ki, Azərbaycan yalnız özünün daxili milli məsələlərini həll et­mədi, əksinə, onu regionda mövcud olan problemlərin həlli ilə uyğunlaşdırdı. Bizim Asiya – Sakit okean regionunda multila­terallığın çatışmayan başlıca cəhətinin bundan ibarət olması ilə bağlı təhlilimiz də tezisimizə əlavə sübutdur. Orada İn­doneziya, Tailand, Kambocanın nə ayrı­lıqda, nə də bir yerdə regional problemlə­ri multilateral prinsiplər çərçvəsində həll edə bilmədikləri vurğulanmışdır. 

Bundan başqa, Cənubi Qafqazda böyük geosiyasi güclərin maraqları daha kəskin şəkildə toqquşur. Azərbaycan üçün bu da başqa bir çətinlik yaradırdı. Lakin Prezident İlham Əliyev bütün bun­ların öhdəsindən gələrək geosiyasi as­pektdə həqiqi mənada inqilab etdi. II Qa­rabağ savaşı onun yüksək zirvəsidir. Bu tarixi Zəfərin prizmasında Azərbaycanın regional siyasətinin bir sıra mühüm cəhə­tinə multilaterallıq kontekstində nəzər salmaq faydalı olardı. 

Davamlı olaraq enerji siyasəti, regio­nal təşkilatlanma və təhlükəsizliyin yeni formatının yaradılması istiqamətlərinin sintezində Azərbaycan güclü siyasi-dip­lomatik fəaliyyət göstərmişdir. Onun bir əlaməti cəmiyyətdə multikultural dəyər­lərin inkişaf etdirilməsi idi. Digər əlaməti regional əməkdaşlıq və təhlükəsizlik for­matlarının yeniləşməsi ilə bağlı idi. 

İlham Əliyev Cənubi Qafqazda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatla­rının təşəbbüskarıdır. Bir neçə il davamlı olaraq müxtəlif kombinasiyalarda region dövlətləri və ona yaxın olan böyük döv­lətlər arasında XXI əsrin şərtlərinə uy­ğun əməkdaşlıq formatları ideyasını irəli sürən Azərbaycan Prezidenti, onların reallaşması üçün də kifayət qədər fəallıq göstərmişdir. Həmin formatlar çoxdur və faktiki olaraq şəbəkə təşkil edir. Multila­terallıq kontekstində onların bir neçəsi üzərində dayanaq. 

İlham Əliyev Azərbaycan–Türkiyə, Azərbaycan–Rusiya–Türkiyə, Azərbay­can–Türkiyə–Gürcüstan, Azərbaycan– Türkiyə–İran formatlarında əməkdaşlıq formalarını irəli sürərək, Cənubi Qafqa­zın sabitliyi və təhlükəsizliyi istiqamətin­də mövcud ab-havanı ciddi surətdə də­yişmişdir. Çünki məsələ yalnız ideya ilə məhdudlaşmadı, onun konkret layihələr əsasında reallaşdırılması üzrə əsaslı ad­dımlar atıldı. Onun nümunələrindən biri məlum Rusiya – Türkiyə böhranı zama­nı Azərbaycan Prezidentinin fəallğıdır. İlham Əliyev regionun iki güclü dövləti arasında yaradılmış süni ixtilafın aradan qaldırılması üçün təsirli addımlar atdı ki, indi onu diplomatik dairələrdə ayrıca vurğulayırlar. Əgər, bu, baş tutmasaydı, indi Cənubi Qafqazda sülh, sabitlik və ya təhlükəsizlikdən danışmaq mümkün deyildi. Nümunə kimi, Ukraynadakı və­ziyyəti göstərə bilərik. Rusiya ilə Ukrayna arasında münasibətlərin sivil yolla tən­zimlənməsini üzərinə götürüb real həll edən lider olmadı. İndi tərəflər bir-birinə qarşı çox aqressiv davranmaqdadırlar və bütövlükdə, Avropanın təhlükəsizliyi mü­zakirə mövzusudur. 

Azərbaycan Rusiya və Türkiyə ilə yanaşı, Gürcüstanın da regional proses­lərdə konstruktiv iştirakına maksimum şərait yaratdı. Ayrıca, Azərbaycan–Tür­kiyə–Gürcüstan əməkdaşlıq formatı yüksək səmərə verməkdədir. Bu üç ölkə bütün sferalar üzrə faydalı əməkdaşlığı davam etdirirlər. Cənubi Qafqazda bir neçə dəfə böhranlı vəziyyət yarananda məhz həmin üç ölkənin əməkdaşlığı pro­seslərə müsbət təsirini göstərdi. 

İndi də Azərbaycan–Türkiyə–Gürcüs­tan əməkdaşlıq formatı enerji, nəqliyyat, loqistika və təhlükəsizlik istiqamətlərində öz səmərəsini nümayiş etdirməkdədir. Xüsusilə, Avropanın eneji təhlükəsizli­yi kontekstində həmin formatın Xəzər dənizi–Qara dəniz məkanında rolu çox müsbətdir. Məsələn, Azərbaycan ener­ji strategiyasının üçüncü mərhələsin­də – bərpaolunan və “yaşıl enerji” üzrə əməkdaşlığın inkişaf etdirilməsi mər­hələsində, həmin formatdan maksimum dərəcədə istifadə edir. Bütün layihələrdə Türkiyə və Gürcüstanın iştirakı təmin edi­lir. Üstəlik, hər iki dövlətlə enerji strate­giyasının üçüncü mərhələsində geniş nəqliyyat-loqistika layihələri reallaşdırılır. Bu, faktiki olaraq yeni səviyyədə geniş bir məkanda Azərbaycanın ciddi rol oy­nadığı əməkdaşlıq və təhlükəsizlik şə­bəkəsinin yaradılması prosesinin özünün yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi deməkdir. 

Regional təşkilatlanma və multilaterallığın 4 aspekti

Vurğulanan istiqamətdə aktual və maraqlı bir məqamı da unutmamalıyıq. Biz, Azərbaycan–Türkiyə–Gürcüstan əməkdaşlıq formatının Orta dəhliz kon­tekstində daha geniş məkanda əmək­daşlıq formatlarına müsbət təsir etməsini nəzərdə tuturuq. Burada konkret olaraq üç istiqamətdən söhbət gedir. 

Birincisi, Azərbaycan–Türkiyə–Gür­cüstan əməkdaşlıq formatı İranla mü­nasibətlərin inkişaf etməsində təsirli rol oynayır. 

İkincisi, həmin format Mərkəzi Asiya dövlətləri ilə üçtərəfli, dördtərəfli əmək­daşlığın inkişafına təkan verir. 

Üçüncüsü, Azərbaycan–Türkiyə– Gürcüstan əməkdaşlıq formatı Avropa ölkələri ilə müxtəlif formatlarda əmək­daşlığın reallaşmasında ciddi rol oynayır. Məsələn, Rumıniya, Bolqarıstan, İtaliya, Slovaniya, Albaniya, Macarıstanla ener­ji strategiyasının üçüncü mərhələsində əməkdaşlıq formatlarında Azərbaycan– Türkiyə–Gürcüstan formatı əsas yerlər­dən birini tutmaqdadır. Deyək ki, “Əmək­daşlıq halqası” adlanan və Avropanın bir neçə dövləti ilə bərpaolunan enerji üzrə əməkdaşlıq formatında Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə fəaliyyət göstərir, enerjinin ötürülməsi marşrutları həmin ölkələrin ərazisindən keçir. Bu da daha geniş kontekstdə Azərbaycanın Aİ ilə əməkdaşlığına əsaslı töhfə verir. 

Dördüncüsü, Azərbaycan–Türkiyə–Gürcüstan əməkdaşlıq formatı əksə­riyyətin böyük heyrətinə rəğmən Türk Dövlətləri Birliyinin real fəaliyyəti üçün olduqca vacib töhfələr verir. Gürcüstan TDT-nin tədbirlərinə müşahidəçi kimi dəvət edilir. Faktiki olaraq bu ölkənin də TDT-yə üzv ola biləcəyi mesajları verilir (əsasən Azərbaycan Prezidenti tərəfin­dən). Digər tərəfdən, Gürcüstanın Aİ ilə xüsusi isti münasibətlərinin olması fonun­da Macarıstanın da TDT-də iştirakı əlavə təbii zərurət kimi görünür.

Ancaq məsələ bununla məhdudlaş­mır. Çünki Gürcüstan Azərbaycan və Tür­kiyə vasitəsilə, bütövlükdə, türk dövlətləri ilə əməkdaşlığa ümid edir. Faktlar onu göstərir ki, Mərkəzi Asiya dövlətlərinin iştirak etdiyi və Azərbaycanla Türkiyənin də yer aldığı hər bir layihədə Gürcüstanın da iştirakı təmin edilir. Bu proses getdikcə daha geniş miqyas almaqdadır. Məsələn, Orta dəhlizin işləməsində və gələcəkdə Şimal–Cənub dəhlizində Gürcüstanın da iştirakının təmin edilməsində. 

İndi Azərbaycan–Gürcüstan–Tür­kiyə formatı üzrə əməkdaşlığın ümumi mənzərəsini yarada bilərik. Belə görünür ki, bu əməkdaşlıq formatı, bütövlükdə, Qərblə Şərq arasında əlaqələrin sağlam müstəvidə inkişafına böyük töhfə verir. Asiya, Mərkəzi Asiya, Qafqaz və Avropa məkanlarının sintezində faydalı əmək­daşlıq və təhlükəsizlik mühitinin yaradıl­masının stimullaşdırıcı faktorlarından biri kimi çıxış edir. Bu da geosiyasi aspektdə Azərbaycan multilaterallığının konkret pozitiv nəticələr verən nümunələrindən biridir. Həm də məsələ bununla məhdud­laşmır.

Azərbaycan multilaterallığı daha geniş kontekstdə

Prezident İlham Əliyevin siyasi-dip­lomatik və təşəbbüskar yaradıcı liderlik keyfiyyəti sayəsində yalnız Azərbaycan –Türkiyə–Gürcüstan regional əmək­daşlıq (və ya təşkilatlanma) nümunəsi yuxarıda vurğuladığımız aspektlərdə konstruktiv rol oynamır. Bura eyni dərə­cədə Azərbaycan–Rusiya–Türkiyə, Azər­baycan–İran–Türkiyə, Azərbaycan–Tür­kiyə–Mərkəzi Asiya ölkələri formatları da aiddir. Daha geniş geosiyasi miqyasda isə həmin formatlar Asiya (Çin və Pa­kistan, qismən Hindistan), Yaxın Şərq (İraq, Səudiyyə Ərəbistanı, Qətər, Birləş­miş Əmirliklər, Misir və s.) Avropa (Çinlə Aİ ölkələri arasında nəqliyyat-loqistika kommunikativ əlaqələrinin yaradılması) istiqamətlərində özünün müsbət funksio­nal rolunu yerinə yetirir. 

Bütün bunlar Asiya–Sakit okean re­gionu nümunəsində Asiya multilaterallı­ğının bir qüsurunun Azərbaycan multi­laterallığında olmadığı qənaətini almaq imkanı verir. Birincisi, Asiya–Sakit okean regionu üçün multilaterallığın regional miqyası ilə regionlararası miqyası ara­sında struktur-funksional bağlar mövcud deyildir. İkincisi, real olaraq Asiya multi­laterallığı regional əməkdaşlıq formatları şəbəkəsi ilə regionlararası əməkdaşlıq formatları arasında sinxronluğu təmin edə bilmir. 

Yuxarıdakı nümunələr göstərir ki, Azərbaycan multilaterallığında hər iki keyfiyyət mövcuddur. Azərbaycan regio­nal miqyasda ikitərəfli və üçtərəfli əmək­daşlıq formatlarını mükəmməl şəkildə regionlararası miqyasda əməkdaşlıq formatları ilə sinxronlaşdırmışdır. Onun substantiv göstəricisi TDT-dir, funksional əlamətlərindən biri isə Orta dəhlizin aktu­allığının daim saxlanmasıdır. Bunlardan əlavə, Azərbaycan həm ayrıca müstəqil dövlət, həm də TDT-nin, MDB-nin və Qoşulmama Hərəkatının fəal üzvü kimi regional, regionlararası və qlobal geo­siyasi məkanda kifayət qədər maraqlı, əhəmiyyətli və nəticəverici təşəbbüsləri ilə seçilir. Bu tezis təkcə Azərbaycan lide­rinin təəsübkeşliyindən deyil, çoxlu say­da faktlardan yaranmışdır. Bir neçəsinə qısa nəzər salaq.

Azərbaycan “Bakı prosesi”nin müəl­lifidir. Fəaliyyət miqyasını və aldığı nəti­cələri yalnız məlumatsızlar bilmir. Huma­nitar forumun təşəbbüskarı Azərbaycan və Rusiyadır. Dünyanın dörd bir yanın­dan bu forumun tədbirlərində iştirak edən yüksək səviyyəli mütəxəssislər və siya­silər vardır. 

Azərbacyanın MDB-dəki fəaliyyətinin müsbət olması ilə bağlı Rusiya, Bela­rus və Qazaxstan prezidentləri dəfələrlə faktlar əsasında fikir söyləmişlər. Ayrıca KTM-də Azərbaycan üzv olmaya-olmaya Ermənistandan daha konstruktiv, faydalı və hüquqi mövqeyinə görə, xüsusi hör­mətə malikdir. 

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi bütün üzv döv­lətlər üçün ədalət, sülh, hüquqi təminat, yardımlaşma, paylaşma kimi məsələlər­də ən fəal lider olmadımı? İlham Əliye­vin özünün yardıma ehtiyacı olmadan dünyanın bir sıra dövlətlərinə qarşı güclü dövlətlərin peyvənd məsələsində haqsız və ədalətsiz davrandığını mərdcəsinə BMT-yə çıxarmadımı? Bu suala yalnız cahillər və qərəzli olanlar mənfi cavab verə bilərlər.

Azərbaycan Prezidenti TDT-nin güc­lənməsi üçün nə dərəcədə aktiv olduğu­nu hətta ermənilər də etiraf edirlər. Bir­başa Azərbaycan Prezidentinin faydalı, aktual, müasir əməkdaşlıq və təhlükəsiz­lik təklifləri Mərkəzi Asiya dövlətləri baş­çılarının Xəzərin bu tayına axışmasına səbəb oldu. Bu proses indi də davam edir və Türkiyə rəhbərliyi tərəfindən bö­yük təqdirlə qarşılanır. Üstəlik, Azərbay­can bu tarixi missiyanı elə yerinə yetirir ki, Qərb, Rusiya və İran da qəbul etməli olur (burada müəyyən incəliklər mövcud­dur, lakin o, başqa mövzudur).

Azərbaycan bütün təxribatlara bax­mayaraq multilaterallığın çox əhəmiy­yətli bir aspektini – Avropa ilə əmək­daşlığı uğurla inkişaf etdirir. Bunu konkret layihələr, siyasi-diplomatik fəa­liyyət, ədalətsizliyə qarşı aktiv mübarizə kontekstində edir. Aİ-nin bir sıra üzvləri Azərbaycana şər-böhtan atanda belə rəsmi Bakı mərdcəsinə seçdiyi yolda da­vam etdi. O cümlədən, Fransa Ermənis­tan məsələsində tam qeyri-konstruktiv və təxribatçı mövqe tutanda Bakı Aİ ilə ener­ji sferasında əməkdaşlığı bütün sürəti ilə inkişaf etdirdi.

Bunların fonunda artıq dünyanın coğrafi olaraq ən uzaq regionlarında yerləşmiş ölkələrin belə Azərbaycana müstəmləkiçiliyə, azadlığa, ədalətə və hüquqsuzluğa qarşı mübarizədə nümunə kimi baxmaları xüsusi miltilateral mənaya malikdir. 

Başqa faktlar da gətirə bilərik. Zən­nimizcə, vurğulananlar da göstərir ki, Azərbacyan multilaterallığının zəngin məzmunu və konkret reallaşma mexa­nizmləri mövcuddur. Digər regionlardan fərqli olaraq bu möhtəşəm uğurlara xü­susi təkan verən prosesin də yaradıcısı Azərbaycandır! Biz II Qarabağ savaşını nəzərdə tuturuq. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət