Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında

post-img

İyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qonaq qismində iş­tirak edib.

İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələri mövcuddur. 

“Ən yüksək səviyyədə etibarlı və inten­siv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və Belarus prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər, Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib”, – deyə Baş nazir bildirib.

Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrin hər biri ilə qarşılıqlı faydalı əmək­daşlığın bütün spektri üzrə qarşılıqlı müna­sibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm ikitərəfli müqavilə-hüquq ba­zası yaradılıb.

İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin prioritet istiqamə­ti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin yekunlarına görə Azərbayca­nın Aİİ üzrə tərəfdaşlarla ticarət dövriyyəsi, təxminən, 9 faiz artıb.

Bildirilib ki, dövlət başçılarının tapşırıq­larını yerinə yetirmək üçün hökumətlərin xətti üzrə ikitərəfli formatda iqtisadi-ticari əməkdaşlığın hələ istifadə olunmamış po­tensialının həyata keçirilməsi üçün müxtə­lif variantlar işlənib hazırlanır. 

Qarşılıqlı investisiya fəaliyyətinin müs­bət dinamikasına diqqət çəkən Baş nazir qeyd edib ki, gündəmdə uzunmüddətli perspektivə yönəlmiş bir sıra yeni ikitərəfli investisiya layihələri var. 

Çıxışında nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığa toxunan Ə.Əsədov vurğula­yıb ki, bu gün Azərbaycanın səyləri ölkənin tranzit potensialının gücləndirilməsinə və onun ərazisindən keçən beynəlxalq dəhliz­lər üzrə yük axınının artırılmasına yönəlib.

Etibarlı və müasir nəqliyyat infrastruk­turu sayəsində Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin (BND), xüsusilə Şi­mal–Cənub və Şərq–Qərb BND-lərin inki­şafına öz töhfəsini verir.

Yaşıl enerji sahəsində əməkdaşlığın və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizənin aktuallığını vurğulayan Baş nazir iclas iştirakçılarına Azərbaycanın bərpaolunan enerji resursları sahəsində uğurla həyata keçirdiyi layihələr barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Aİİ üzrə tərəfdaşlarla regional və beynəlxalq təşki­latlar çərçivəsində də çoxtərəfli formatda əməkdaşlıq edir. 

“Hesab edirəm ki, ölkələrimizin üzv olduğu və geniş spektrli istiqamətlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstər­diyi Müstəqil Dövlətlər Birliyi platforma­sını qeyd etmək yerinə düşər”, – deyə Ə.Əsədov əlavə edib.

XQ



Son xəbərlər