“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Avrasiyada nəqliyyat-logistika rabitəsinin yaxşılaşdırılması, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi baxımından olduqca zəruridir.
AZƏRTAC Rusiya hökumətinin teleqram kanalına istinadla xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, “Şərq-Qərb” nəqliyyat dəhlizi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə öz tranzit potensiallarını reallaşdırmağa imkan verir, “Şimal-Cənub” dəhlizi isə Aİİ-yə üzv dövlətlərdən olan ixracatçılar üçün qlobal Cənub ölkələrinin inkişaf edən bazarlarına çıxmaq üçün daha yaxşı rəqabət şəraiti yaradır.
O bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri nəqliyyat layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Rusiya-Azərbaycan sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsi üzrə Azərbaycanla bir sıra layihələr həyata keçirilib. Azərbaycan, həmçinin İranla sərhəddə öz avtomobil və dəmir yollarının, infrastrukturunun buraxılış imkanlarını artırır.
Özbəkistan tərəfdaşları ilə birlikdə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizini inkişaf etdirməyə hazırdır. Rusiya üçün bu, Əfqanıstan, Pakistan və Hindistanın sıx məskunlaşmış bazarlarına çıxış deməkdir.
İran Aİİ yanında müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib. Tərəflər müvafiq hüquqi prosedurların şərtlərinə əməl etdiyi təqdirdə, İrana bu statusun verilməsi barədə qərar Aİİ-yə üzv dövlətlərin başçıları tərəfindən 2024-cü ilin sonunda Avrasiya Ali İqtisadi Şurasının növbəti iclasında qəbul edilə bilər.
Avrasiya Hökumətlərarası Şurasının iclasının yekunlarına əsasən, “2023-cü il üçün Avrasiya İqtisadi Komissiyasının transsərhəd bazarlarda rəqabətin vəziyyəti haqqında illik hesabatı və onlarda ümumi rəqabət qaydalarının pozulmasının qarşısının alınması üzrə görülən tədbirlər haqqında” Sərəncam və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin ərazilərində “Şərq-Qərb” və “Şimal-Cənub” istiqamətlərində nəqliyyat infrastrukturunun yaradılması və inkişafına dair, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə (Avrasiya Hökumətlərarası Şurasının 21 iyun 2022-ci il tarixli 8 nömrəli tapşırığının icrası barədə məlumat daxil olmaqla) “2023-cü il üçün hesabat haqqında” Sərəncam imzalanıb.