“Üç dənizin əfsanəsi”nin xeyir-dua günü

post-img

Mayın 25-də BTC-yə ilk neftin vurulmasının 19-cu ili tamam olur 

Xəzər regionundan dünyaya qapı açan Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Ölkəmizi Cənubi Qafqaz regionunun liderinə çevirən bu nəhəng enerji dəhlizi 18 ildir ki, sabit və ahəngdar rejimdə fəaliyyət göstərərək xam nefti dünya bazarlarına çatdırır. 

Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin ideya müəl­lifi isə ümummilli lider Heydər Əliyevdir. Məlum olduğu kimi, Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarı­na nəqli ilə bağlı idi. Heç şübhəsiz, bu məsələdə ölkəmizin maraqlarının qorun­ması xüsusi aktuallıq kəsb edirdi. Məhz bunun nəticəsi idi ki, əsas ixrac boru kəməri ilə bağlı uzun müddət davam edən danışıqlar Azərbaycanın yeni neft strategiyasının banisi, ölkə Prezidenti Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsinin ger­çəkləşməsi ilə yekunlaşdı.

Yeri gəlmişkən, Bakı–Tbilisi–Ceyhan xəttinin əsas ixrac kəməri kimi çəkiləcəyi ilk dəfə 1998-ci il aprelin 26-da Azərbay­can, Gürcüstan və Türkiyə prezidentlə­rinin Trabzon görüşündə dəqiqləşdirilib. Bu, həm də sözügedən kəmərin reallaş­masına dair son siyasi qərarın verilməsi demək idi. Həmin il oktyabrın 29-da isə Ankarada Azərbaycan, Türkiyə, Gür­cüstan, Qazaxıstan və Özbəkistan pre­zidentləri, eləcə də ABŞ-nin energetika naziri tərəfindən Bakı–Tbilisi–Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çə­kilməsi ideyasını müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə bu la­yihəyə dair ilkin razılaşma əldə olunub. 

Sonrakı dövrlərdə Heydər Əliyevin siyasi iradəsi nəticəsində həmin layihə­ni maraqlı tərəflərlə uzlaşdırıb razılaş­dırmaq, beynəlxalq güc mərkəzlərinin dəstəyini qazanmaq, nəhayət, onu im­zalamaq mümkün olub. Təsadüfi deyil ki, Ulu öndər 1999-cu il sentyabrın 20-də Respublika Sarayında (indiki Heydər Əli­yev Sarayı) “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli məra­simdəki çıxışında demişdir: “Mən bu gün bəyan edirəm ki, Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına çıxarıl­ması üçün çox böyük əhəmiyyət daşıyan Bakı–Ceyhan neft kəməri tikilməlidir, isti­fadəyə verilməlidir.” 

Nəhayət, Ümummilli liderin qətiyyəti sayəsində “Bakı-Tbilisi-Ceyhan” layihə­si həyata vəsiqə alıb. ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulun “Çıra­ğan” sarayında “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edil­məsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ara­sında saziş” imzalanıb. Bununla da, “Üç dənizin əfsanəsi” adlandırılan və minilli­yin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı¬–Tbilisi–Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza ya­radılıb. 

2002-ci il avqustun 1-də BTC neft kəmərinin tikintisini və istismarını həyata keçirmək üçün Kayman adalarında “BTC Co.” şirkəti təsis edilib. Sentyabr ayının 18-də isə Bakıda, Səngəçal terminalı­nın ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin aprel ayında tikinti iş­lərinə başlanılıb. 

Ulu öndərin qalibiyyətli neft strategi­yasının ardıcıl şəkildə həyata keçirilməsi üçün misilsiz xidmətlər göstərən Prezi­dent İlham Əliyevin gərgin əməyi sayə­sində 2005-ci ilin yazında tikintisi başa çatdırılmış BTC xam neftin nəqli üçün hazır vəziyyətə gətirilib. 2005-ci il may ayının 25-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin BTC-yə vurulmasına start verilib. Həmin gün terminalda qu­raşdırılmış xüsusi qurğudakı sürgü аçıl­dıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. İyunun 4-də Ceyhan limanın­dan 600 min barel həcmində Azərbay­can nefti ilə doldurulmuş ilk tanker (“Bri­tish Hawthorn”) yola salınıb. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən sayılan BTC-nin təntənəli açılış mərasi­mi keçirilib. 

Qeyd edək ki, BTC kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Aralıq dənizinin Türkiyə sa­hilindəki Ceyhan dəniz terminalınadək 1768 kilometr məsafə qət edir. Onun 443 kilometri Azərbaycan, 249 kilometr Gür­cüstan, 1076 kilometri isə Türkiyədən keçir. Kəmərin tikintisinə ümumilikdə, 110 milyon adam-iş saatı sərf olunub. Tikintinin ən intensiv dövründə, təqribən, 22 min adam işə cəlb olunub ki, onların da 80 faizə qədərini yerli əhali təşkil edib. İnşaat işlərinə 4 milyard ABŞ dolları xərc­lənib. 500 yaşayış məntəqəsinin ərazi­sindən keçən boru kəməri bütün marşrut boyunca torpağa basdırılıb. BTC-nin ob­yektlərinə 8 nasos stansiyası (Azərbay­canda 2, Gürcüstanda 2, Türkiyədə 4), 1 təzyiqazaltma və 2 aralıq ərsinburaxma stansiyası və 101 kiçik siyirtmə məntəqə­si daxildir.

Bu nəhəng infrastrukur layihəsinin tikintisi üzrə əsas podratçılar isə Azər­baycan ərazisində CCIC şirkəti, Gür­cüstanda “Spi Petrofak” şirkəti, Türkiyə hissəsinin tikintisi üzrə əvvəlcədən təsbit edilmiş qiymətə “açar” təhvili müqaviləsi əsasında BOTAŞ şirkəti olub. 

Gündəlik ötürmə gücü 1,2 milyon ba­rel təşkil edən BTC ilə ən yüksək nəql göstəricisi isə 2010-cu ildə qeydə alınıb. Belə ki, həmin il iyulun 21-də kəmərlə 1 milyon 57 min barel xam neft nəql edilib. BTC ilə ən yüksək illik nəqletmə də məhz 2010-cu ildə qeydə alınıb: 286 milyon 214 min barel.

2023-cü ildə konsorsium iştirakçı­ları layihə ilə bağlı mühüm bir nailiyyəti qeyd ediblər. Belə ki, yanvarın 18-də BTC ilə neft ixracı 4 milyard barel həd­dinə çatıb. Bu ilin birinci rübündə isə BTC boru kəməri ilə, təqribən, 7 milyon ton xam neft və kondensat Ceyhan ter­minalında 72 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara veril­miş boru kəməri vasitəsilə 2024-cü ilin birinci rübünün sonunadək 568 milyon tondan çox xam neft nəql edilib. Xam neft Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, kəmərlə Xəzərin digər re­gional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat