Çinin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyini, eyni zamanda, Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olduğunu təsdiq edir. Beləliklə, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari–iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla gerçəkləşdirilməsi ilə sıx bağlıdır.
Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasında xüsusi yer tutan iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə yaradılan Hökumətlərarası İqtisadi Komissiya hər zaman səmərəli fəaliyyət göstərib. Xatırladaq ki, komissiyanın ilk iclası 2009-cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci il iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub.
Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ilə təsdiqlənib. Çin hökuməti bu polad magistralın istifadəyə verilməsini, marşrutun tikintisində respublikamızın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi daim yüksək qiymətləndirib.
Onu da qeyd edək ki, son illərdə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika nəzərə çarpır. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin əvvəlki illə müqayisədə 21 faizdən çox artması və keçən il dost ölkənin Azərbaycanın ticarət dövriyyəsində dördüncü sırada qərarlaşması da bunun bariz ifadəsidir.
Statistik məlumatlara əsasən, 2023-cü il ərzində respublikamızdan Çinə ixrac olunan məhsulların dəyəri 63,5 milyon dollara yüksəlib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, ölkəmizə yönəldilən idxal məhsullarının 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişafından bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla birgə əməkdaşlıq, hər iki ölkənin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının səmərəli fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə gerçəkləşdirilən layihələr, respublikamızın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə fəal şəkildə qoşulması, eləcə də Şərq–Qərb, Orta Dəhliz layihələri çərçivəsində işgüzar münasibətlər, nəhayət, paytaxt Pekində Azərbaycan Ticarət Evinin uğurlu fəaliyyəti bu dövlətlər arasında yüksək iqtisadi göstəricilərin əldə olunmasını şərtləndirib.
Qeyd edildiyi kimi, Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müddətdə–307 günə icra etməsinə necə nail olub” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənməsində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın belə bir regional bağlantının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”.
Ötən müddətdə dövlətimizin başçısının vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyuldu, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemi qısa zamanda gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı.
Prezident İlham Əliyev belə bir fikir səsləndirərkən, hazırda görülən işləri nəzərdə tutur. Məsələn, indi Yeni Bakı Ticarət Limanı genişləndirilir, çünki bununla Şərqdən-Qərbə daşınan yüklərin həcminin artacağı təqdirdə yükaşırma problemlərinin qarşısı alınır. Başqa sözlə, Azərbaycanın mövcud ticarət infrastrukturu bir neçə il əvvəl fəaliyyətə başlayanda onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə Yeni Bakı Ticarət Limanının imkanlarını 25 milyon tona qədər çatdırmaq qarşıya mühüm vəzifə kimi qoyulur. Bundan başqa, Xəzər dənizində daha çox gəmi tikintisi diqqətdə saxlanılır. İndi gəmiqayırma zavodunun ildə 20-dək gəmi inşa edəcəyi planlaşdırılır. Bu, həm Azərbaycanda, həm də Xəzər dənizində yükdaşımaya tələbat artması ilə bağlıdır. Ümumiyyətlə, hazırda Azərbaycan Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir. Bu, ölkəmizin daha çox yük daşımaq imkanından xəbər verir.
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir, bu sahədə əlaqələndirməni uğurla həyata keçirir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ticarət Evinin açılışında vurğuladığı kimi, dost ölkədə sayca 4-cü ticarət evi olan bu iqtisadi-ticari mərkəz hazırda ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayır.
Onu da xatırladaq ki, dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində iki ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan tərəfindən bu sahəyə də çinli investorlar dəvət edilib.
Bu isə ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən birinin bərpaolunan enerji mənbələri potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarət olduğunu, sözügedən istiqamətdə ölkəmizin potensialının olduqca yüksək səviyyədə qərarlaşdığını göstərir. Yeri gəlmişkən, aparılan araşdırmalar da Azərbaycanın 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyir. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.
Hazırda ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Yuxarıda vurğuladığımız kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılır. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.
Ötən müddətdə bütün dünyada, o cümlədən Avropada özünü etibarlı enerji tərəfdaşı kimi təqdim etməyi bacaran Azərbaycan artıq “yaşıl” keçid platformasının da əsas iştirakçılarından birinə çevrilib. Eyni zamanda, ölkəmizin alternativ və bərpaolunan enerji sahəsində zəngin potensialı, eləcə də mövcud əlverişli investisiya mühiti xarici şirkətlərin diqqətini getdikcə daha çox cəlb edib.
Təsadüfi deyil ki, hazırda bir sıra ölkələrin tanınmış şirkətləri tərəfindən Azərbaycanda bərpaolunan enerji sahəsində mühüm layihələr icra olunur. Bundan əlavə, ölkəmiz əcnəbi şirkətlərlə 10 qiqavat elektrik enerjisinin hasil edilməsi üzrə anlaşma memorandumları və sazişlər imzalayıb. Göründüyü kimi, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün artıq güclü beynəlxalq dəstək qazanıb.
Beləliklə, iki ölkə arasında bir çox sahələrlə yanaşı, alternativ və bərpaolunan enerji sahəsində də birgə fəaliyyət üçün böyük potensial və perspektivlər mövcuddur. Bərpaolunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma sahəsində birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər hazırda davam etdirilir.
Vaqif BAYRAMOV
XQ