Qiymətlərin yüksəkliyi bu xidmətin əlçatanlığını azaldıb
Xəbər verildiyi kimi, Bakının mərkəzindəki bəzi parkinq məntəqələrində avtomobillərin saxlanmasına görə yeni tariflər müəyyənləşdirilib. Belə ki, Azadlıq meydanındakı və “Qış parkı”ndakı yeraltı dayanacaqlarda, eləcə də Bakı Dəmiryol Vağzalının qarşısındakı ərazidə qiymətlər kəskin şəkildə artırılıb. Artıq aprelin 1-dən həmin dayanacaqlarda yeni tariflərin tətbiqinə başlanılıb.
Yeni tariflərə əsasən, “Qış parkı” yeraltı dayanacağında gündəlik tariflər 2 saata qədər olan müddət üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-10 saat üçün 4 manat, 10-12 saat üçün 5 manat, 12-24 saat üçün isə 8 manat müəyyənləşdirilib. Həmin ərazidə aylıq tariflər isə 12 saata görə 80 manat, 24 saata görə 120 manat, “Qonşular” tarifinə görə 50 manat təşkil edir. Xatırladaq ki, köhnə tariflər isə müvafiq olaraq 30, 60 və 20 manat məbləğində idi.
Azadlıq meydanındakı yeraltı dayanacaqda isə tariflər belədir: 1 saatadək 1 manat, 1-3 saat –2 manat, 3-6 saat – 3 manat, 6-12 saat – 5 manat, 12-24 saat – 10 manat ödəniş tələb olunacaq. Bundan başqa, sözügedən ərazi üzrə təklif olunan aylıq paketə görə hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat, “Qonşular” paketinə görə isə 75 manat ödəniləcək.
Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə avtomobillərin park edilməsinə görə isə fantastik qiymətlər müəyyənləşdirilib. Belə ki, avtomobilini həmin ərazidə park etmək istəyən vətəndaşlar 15-30 dəqiqə üçün 1 manat, 30-60 dəqiqə üçün 2 manat, 1-2 saat üçün 4 manat, 2-3 saat üçün 6 manat, 3-5 saat üçün 10 manat, 5-7 saat üçün 14 manat, 7-10 saat üçün 18 manat, 10-15 saat üçün 22 manat, 15-20 saat üçün 26 manat, 20-24 saat üçün 30 manatından keçməlidirlər. Bununla yanaşı, hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Məsələyə aydınlıq gətirən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərilməsi səbəbindən avtomobillər üçün parkinq tarifləri müəyyən edilib. ADY-dən verilən məlumata görə, sözügedən ərazi sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb. Həmin zonada isə 72 avtomobili parkinq etmək mümkündür. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər. Tariflərin yüksək olmasına gəlincə isə, qurumdan bildiriblər ki, bu zonanın təyinatı, ilk növbədə, sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları və çıxışını təmin etməkdir.
Ekspertlər yeni parkinq tariflərinin paytaxtda tıxacların müəyyən qədər azalmasına səbəb olacağını bildirsələr də, istənilən halda qiymətlərin bu şəkildə artırılmasının əleyhinədirlər. Bəzi ekspertlər isə bu sahədə Tarif (qiymət) Şurası tərəfindən tənzimlənilən qiymətlərin tətbiq olunmasını vacib hesab edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişirdi. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edirdi. Bu da parklanma fəaliyyətindən daxil olan vəsaitlərin mövcud xərcləri tam qarşılamağa imkan vermirdi. Belə ki, parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Bu səbəbdən də yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.
Amma sürücülər heç də belə düşünmürlər. Avtomobil sahiblərinin əksəriyyəti parkinq tariflərinin kəskin yüksəlməsindən narazıdırlar. Onlar deyirlər ki, AYNA-nın parkinq xidmətlərinə görə müəyyənləşdirdiyi yeni tariflər onları qətiyyən qane etmir. Çünki qiymətlərin birdən-birə bu dərəcədə artırılması, necə deyərlər, onların cibinə uyğun deyil. Qiymət artımının onların ailə büdcəsi üçün əlavə yük olduğunu bildirən sürücülərin sözlərinə görə, bu onların dolanaşığına mənfi təsir göstərəcək.
Xüsusən də bu məbləğ daimi işə gedib-gələnlərə yaxşı heç nə vəd etmir. Belə ki, həmin vətəndaşlar nəqliyyat vasitələrinin park edilməsi üçün əvvəllər ay ərzində 30 manat ödəməli olurdularsa, indən belə, təqribən, 100-120 manatından keçməli olacaqlar. Bu səbəbdən də söhbət etdiyimiz sürücülərin əksəriyyəti işə gedib-gələrkən yalnız ictimai nəqliyyatdan istifadəyə edəcəklərini bildirdilər. Bu isə ictimai nəqliyyatda, xüsusən də marşrut avtobuslarında günün pik saatlarında müşahidə olunan sıxlığın bir qədər də artmasına gətirib çıxaracaq. Heç şübhəsiz, bu məsələdən AYNA-dakılar də xəbərsiz deyillər. Odur ki, qurum problemdən çıxış yolunu tapmalı, ictimai nəqliyyatda olan kəm-kəsirləri ən qısa müddətdə aradan qaldırmalıdır.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qiymətlər fərqli şəkildə tənzimlənir. Təbii ki, inkişaf etmiş ölkələrdə qiymətlər daha ucuz olur. Ötən il Nazirlər Kabineti parklanma ilə bağlı olduqca ədalətli, sosialyönümlü qiymətlər müəyyən edib və bu, hər kəsin cibinə uyğundur. Hətta şəhər ətrafına getdikcə parklanma pulsuz olur. Eyni zamanda, bazar günləri də parklanma ödənişsizdir.
Yeri gəlmişkən, parklanma yeri ilə avtodayanacağın fərqi var. Belə ki, avtodayanacaqlar, əsasən, uzun müddətə nəzərdə tutulur. Onların aylıq tarifləri olur. Dəmiryol vağzalının ətrafındakı parklanma ərazisinə gəldikdə isə, dövlətə məxsus yerdə parklanma qiymətləri Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənməlidir. Parklanma qiymətləri dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır. Xüsusən də əlilliyi olan insanlar, eləcə də inkluzivlik nəzərə alınmalıdır. Mən də sosial şəbəkələrdə qiymətlərin baha olması ilə bağlı ictimaiyyətin narazılıqlarının şahidi oluram. Bundan əlavə, haradasa parklanma yerlərinin, hansısa küçələrin bağlanması sahibkarlığa da ziyan vurur. Düşünürəm ki, bu məsələdə cəmiyyətin fikri nəzərə alınmalıdır.
Vətəndaşların narazılığına gəldikdə isə, bu təkcə qiymətlə bağlı deyil, həm də parklanma yerinin məhdudlaşdırılmasına görədir. Çünki əvvəl 28 May metrosunun yanında Dəmiryol vağzalının böyük parklanma ərazisi var idi. Nədənsə ora bağlandı. Ona görə də belə ajiotaj yaranıb. İndi yaradılan yeni parklanma yeri kifayət qədər geniş deyil. Düşünürəm ki, dəmir yolu vağzalının ərazisində olan parklanma yerləri yenidən fəaliyyət göstərməlidir. Göründüy kimi, hazırda Bakı şəhərində parklanma yerlərinə tələbat kəskin artıb. Bunun da əsas səbəblərindən biri Bakının mərkəzi küçələrində olan parklanma yerlərinin ləğv edilməsi və həmin ərazilərə avtomobillərin girişinə qadağa qoyulmasıdır. Belə olan halda, təbii ki, bir ərazidə parklanma yerləri ləğv edilirsə, digər yerlərdə avtomobil dayanacaqlarına tələb kəskin artır. Çox təəssüf ki, bəzən tələb artdıqda həmin parklanma yerləri və yaxud dayanacaqların da qiyməti kəskin yüksəlir.
Mirbağır YAQUBZADƏ
XQ