Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində jurnalistin “Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir”– fikirlərinə cavab olaraq bildirib ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.
Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə həyata keçiririk ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaradaq.
Ölkə rəhbəri fikrinə davam edərək vurğulayıb ki, hər il Bakıda Xəzərin getdikcə dayazlaşması nəzərə çarpır. Dəniz kənarında, hətta paytaxtın mərkəzində yaşayan hər kəs bunu– iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görür, çaylarda suyun, dağlarda qarın azalması müşahidə olunur. Əgər bu məsələ ilə bağlı əzmlə məşğul olunmasa, hamının əziyyət çəkəcəyi gözlənilir.
Dövlət başçımızın sözügedən müsahibədə vurğuladığı kimi, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda “yaşıl enerji”nin potensialı 157 giqavat təşkil edir. Respublikamız artıq bu mühüm yolla uğurla irəliləyir. Azərbaycan təqribən, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.
Yeri gəlmişkən, yuxarıda qeyd edilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən tədbirdə də Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində icra edilən layihələr barədə ətraflı danışılıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji təşəbbüslərinin yüksək səviyyədə gerçəkləşdirildiyini söyləyib: “Bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq”.
Sözügedən iclasda Azərbaycanın bu sahədə əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından “ACWA Power” şirkətləri olduğu qeyd edilib. Lakin bu təşəbbüsə digər ölkələrdən olan şirkətlər də qoşulub. Məsələn, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalanıb. Bu, beynəlxalq aləmdə Azərbaycan Prezidentinin “yaşıl enerji” kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisi kimi qiymətləndirilib. Belə bir böyük marağın yaranmasını isə bərpaolunan enerji ehtiyatları baxımından respublikamızın istər Xəzər dənizində, istərsə də quruda nəhəng potensiala malik olması şərtləndirib. Bundan əlavə Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya “yaşıl enerji”nin önəmli ixracatçılarından biri olmağı da qarşıya məsul vəzifə kimi qoyub.
Dövlətimizin başçısı iclasdakı nitqində bu məqama toxunaraq belə bir layihənin inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcəyinin artıq qərara alındığını xatırladıb. Əlbəttə, istər bu layihənin, istərsə də digər “yaşıl enerji” mənbələrinin gerçəkləşdirilməsi nəticəsində alınan elektrik enerjisi istifadə edilən təbii qaza daha çox qənaət olunacağı əminliyini qətiləşdirib.
Əlbəttə, Azərbaycanın dünyanın “yaşıl enerji” çağırışına bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələrlə cavab verməsi ölkəmizin bərpaolunan enerji istehsalı təşəbbüsünə nə dərəcədə önəm verməsini, məsələyə məsuliyyətlə yanaşmasını göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən ölkəmizin işğaldan azad edilən torpaqları “yaşıl enerji” zonası elan edilib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.
Xatırladaq ki, təkcə ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində qurulan 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il istismarı reallaşdırılıb. Bununla yanaşı, Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istifadəyə verilib. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bütün bunlarla bərabər, 2023-cü ilin dekabr ayında 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.
Onu da bildirək ki, ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin stansiyalar da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi haqlı olaraq Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilir. COP29 konfransına evsahibliyi Azərbaycan üçün 2024-cü ilin həm ən mühüm hadisəsi, həm respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının davamı, həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsi kimi qiymətləndirilir.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs gündəliyimizin “yaşıl enerji” ilə bağlı olduğunu bir daha görəcək. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha təsdiq edir”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Bu məqamda onu da qeyd edək ki, Azərbaycan “yaşıl enerji” mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Bu sənədin qəbulu “yaşıl enerji” mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.
V.BAYRAMOV
XQ


