Azərbaycan “Orta Dəhliz”in önəmli ölkəsidir

post-img

Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın fevralın 19-da keçirilən geniş tərkibdə görüşündə qardaş ölkənin rəhbəri geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslərin Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha təsdiqlədiyini bildirib. Cümhur­başaqanı, eyni zamanda, 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta Dəhlizin strateji mərhələ­si olduğunu, bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və onun tamamilə işlək vəziyyətə gətirilməsi kimi amillərin isə ortaq mənfəətimizə xidmət etdiyini vurğulayıb.

Türkiyə Prezidenti həmin görüşdə­ki nitqində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının önəmini belə əsaslan­dırıb: “Təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çə­tin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xəttin beynəlxalq sə­viyyədə cazibəsi, bir növ, unudulub. Belə bir şəraitdə quru yolu ilə tranzit daşıma­larını da ən qısa zamanda sərbəst vəziy­yətə gətirilməsi zərurətə çevrilib. Azər­baycanın bu məsələdə dəstəyinə ehtiyac duyulub”.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı fevralın 14-də keçirilən andiçmə mə­rasimindəki nitqində Azərbaycanın bun­dan sonra da nəqliyyat sahəsində işləri davam etdirəcəyini, hazırda isə ölkəmizin dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edildiyini vurğulayıb. Dövlətimizin başçısı bunu respublikamıza Qərb, Şərq, Şimal və Cənubdan olan müraciətlərə əsaslanaraq, söylədiyini bildirib. Ölkə rəhbəri daha sonra Azərbaycan ərazisin­də bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu, amma bəzi dəmir yollarında modernləşdirmə işləri aparıldı­ğını da qeyd edib. 

Dövlət başçısı həmin nitqində ölkəmi­zin dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edildiyinin təsadüfi olmadığını respublikamızda nəqliyyatla bağlı vaxtilə bütün lazımi infrastruktur layihələrinin icrası, başqa sözlə, dəmir və avtomobil yollarının yüksək beynəlxalq səviyyədə qurulması, dəniz limanının, gəmiqayırma zavodunun işə salınması kimi amillərlə əsaslandırıb. “Səkkiz beynəlxalq aero­portumuz var, doqquzuncu Laçında inşa edilir. Yəni, biz tam hazırıq. Hazır olma­yanlar da öz işlərini görsünlər, öz ərazilə­rində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təc­rübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi divi­dendlər alacağıq”.

Göründüyü kimi, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng regi­onal layihələr ölkəmizin nəqliyyat qovşa­ğına çevrilməsini, tranzit potensialın güc­lənməsini şərtləndirib. Ümumiyyətlə, ölkə iqtisadiyyatı üçün mühüm önəm daşıyan nəqliyyat sektorunun inkişafı, tranzit im­kanlarının genişləndirilməsi üçün geniş­miqyaslı layihələr gerçəkləşdirilib, dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırılıb. 

Həmçinin indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təh­didlər yaranıb. Rusiya-Ukrayna mühari­bəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziy­yət ciddi narahatlıq doğurub. Buna görə də beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azər­baycanın logistika baxımından önəmi daha da artıb. 

Beləliklə, Azərbaycan üzərindən keçən daha bir nəqliyyat marşrutuna – Orta Dəhlizə (Xəzər dənizi və Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat yolu) maraq güclənib. Bu marşrutun səmərəliliyinin daha da artırılması isə qarşıya mühüm vəzifə kimi qoyulub. Ekspertlər tərəfindən bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut kimi dəyərləndirilib. 

Hazırda bütün iştirakçı dövlətlərdə Orta Dəhlizin inkişaf etdirilməsi, funksio­nallığının genişləndirilməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirilir. Dəh­liz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əmək­daşlıq yaradılır və bu, davamlı olaraq genişləndirilir. Sözügedən marşrutla daşı­malar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılması və həlli ilə bağlı intensiv tədbirlər həyata keçirilir. 

Xatırladaq ki, bu gün Orta Dəhlizin Avropa və Asiya regionu üçün yüksək önəmi barədə danışılarkən, ilk növbədə, bildirilir ki, Çindən Avropaya gedən yük qatarı 10 min kilometrlik mövcud yolu 12 gün ərzində qət edirsə, bu, Orta Dəhlizlə 7 günə reallaşdırılır. Belə bir hal isə Asiya və Avropa arasında qlobal ticarətdə dəhli­zin nə qədər sərfəli və təhlükəsiz olduğu­nu nümayiş etdirir. Şübhəsiz ki, bu, eyni zamanda, region ölkələrinin koordinasi­yalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm daşınma marşrutlarından biri kimi Orta Dəhlizin geniş imkanlara malik oldu­ğunu üzə çıxarır, Azərbaycanın isə belə bir infrastruktur üzrə ən önəmli qovşaq­lardan biri kimi müstəsna rol oynadığını təsdiqləyir. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünya ölkələri ara­sında sayılıb-seçilən ölkələr sırasında­dır. Respublikamız coğrafi olaraq qərblə şərqin, şimalla cənubun inteqrasiya etdi­yi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Bu, ölkəmizin tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirin­də əhəmiyyətli dövlət mövqeyinə sahib olmasına imkan verir.

Postpandemiyadan sonrakı dönə­mində, 2022-ci ilin yanvar-oktyabr ay­larında Transxəzər magistralı üzrə yük daşımalarının həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 27 faiz, mütləq ifa­də ilə 42,5 milyon tona yaxın artıb. 2022-ci ildə Şərq-Qərb dəhlizi vasitəsilə ötü­rülən tranzit yüklərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20 faiz, Şi­mal-Cənub dəhlizi vasitəsilə isə 33 faiz artıb. 2023-cü ilin 8 ayına görə, 2022-ci ilə nisbətən 37 faiz azalıb.

Bakı son iki ildə Avropa ölkələrinə Orta Dəhlizin əhəmiyyətini və iqtisa­di səmərəliliyini təşviq etməyə çalışsa da, bu dəhlizə kifayət qədər əhəmiyyət verməyiblər. Avropa ölkələri yüklərin ənənəvi yollarla ötürülməsinin onlar üçün qənaətbəxş olduğunu hesab edib­lər. Amma mürəkkəb geosiyasi vəziyyət yüklərin 52 günə mənzil başına çatma­sına gətirib çıxarıb. Halbuki rəsmi Bakı region ölkələri ilə aparılan əməkdaşlıq çərçivəsində yüklərin Orta Dəhlizlə çatd­rılmasını 22 günə endirir. Son aylar Qır­mızı dənizdə husi yaraqlılarının Avropa və Amerika ticarət gəmilərinə hücumlar təşkil etməsi Orta Dəhlizin aktuallığını daha da artırır.

Bu baxımdan ölkəmizin tranzit im­kanları da artmaqdadır. Bu isə milli iq­tisadiyyat üçün əlavə gəlir deməkdir. Azərbaycanın birbaşa açıq dənizə çıxışı olmasa da ölkənin sahib olduğu coğrafi mövqe və onun beynəlxalq ticarət yol­larının kəsişmə nöqtəsində yerləşməsi respublikamızın tranzit imkanlarını daha da artırır. Təbii ki, burada limanların, ter­minalların və dəmir yollarının yükaşırma, yük qəbuletmə və yükötürmə imkanları artırılır. Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yük daşınıb. Şimal-Cənub dəhlizi üzrə Astara terminalının tikintisi böyük öl­çüdə yekunlaşıb. Ötən il bu terminalda 700 min dən çox yük aşırılıb. Tranzit imkanlarının artması ölkənin gəlirlərini də artırıb. 2022-ci ilin 9 ayında yükda­şımalardan gəlir 33,2 faiz artaraq 539,6 milyon manat təşkil edib. Tranzit yükda­şımalarından isə 230 milyon manat gəlir əldə edilib. 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-cı illər ölkənin sosial-iqtisadi inkişaf strate­giyasına görə” tranzit imkanlar artırılaraq əldə edilməsi nəzərdə tutulan gəlir həc­mi qarşıdakı 5 il ərzində 450 milyon ma­nata çatdırılacaq.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat