“Odlar yurdu” Avropaya “od” göndərir

post-img

Bu gün ölkəmizin enerji sektorunda həm ənənəvi, həm də bərpaolunan enerji layihələrinin icrası nəticəsində mühüm göstəricilər əldə edilir. Ənənəvi yanacaq növləri – neft-qaz sahəsində işlər uğurla həyata keçirilir. Neft hasilatının sabit­ləşməsi istiqamətində davamlı tədbirlər görülür, sabit neft hasilatı məqsədilə investorlar qarşısında zəruri vəzifələr qoyulur.

Azərbaycan lideri İlham Əliyev fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasi­mindəki nitqində bununla bağlı qeyd edib ki, respublikamız artıq 8 ölkəyə təbii qaz ixrac edir. Tələbat daha böyükdür, bu, ilk növbədə, Avropa İttifaqı məkanında diqqət çəkir. Azərbaycan etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək edir. 

Dövlət başçısının sözlərinə əsasən, Azərbaycanın gələcəkdə Avropa is­tiqaməti üzrə ixrac coğrafiyasının daha da genişlənəcəyi nəzərdə tutulub. Bu yaxınlarda ölkəmizin yeni resurs bazası işə salınıb. “Şahdəniz”dən sonra ikinci resurs bazası olan “Abşeron” qaz-kon­densat yatağından ilk “mavi yanacaq” çıxarılıb və yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də baş­lanacağı planlaşdırılıb. 

Gələn il ölkəmizin resurs bazasını gücləndirəcək “Azəri-Çıraq-Günəşli” ya­tağının dərin laylarından qaz hasilatı da nəzərdə tutulur. Bundan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Belə bir vəziyyət isə vaxtilə respublikamızı istəməyən qüvvələrin “Azərbaycanda neft yoxdur” iddiasının əsassızlığını bir daha göstərir. 

“Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatının nəzərdə tutul­ması o deməkdir ki, Azərbaycan özünü həm də bütün dünyada artıq “mavi ya­nacaq” ölkəsi kimi təsdiqləyir. “Şahdə­niz” yatağının işlənməsinin uğurla davam etdirilməsi isə Azərbaycanın Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “qoca qitə”nin yeni enerji xə­ritəsini formalaşdırmaq anlamına gəlir. Başqa sözlə, zəngin qaz ehtiyatlarına və beynəlxalq nəql şəbəkəsinə malik res­publikamız Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir.

Xatırladaq ki, “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gün­də transmilli şirkətlərlə imzalanıb. “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kont­rakt olan “Şahdəniz” qaz layihəsinin bi­rinci mərhələsi çərçivəsində hasil edilən “mavi yanacaq” 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə xarici istehlakçılara çatdırılıb. 

Azərbaycanın qaz ehtiyatları təkcə “Şahdəniz”lə kifayətlənməyib. Keçən ilin iyul ayının əvvəlində respublikamız özü­nün enerji siyasətinin “mavi yanacaq” seqmenti üzrə daha bir mühüm uğura imza atıb, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilo­metr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz ha­silatına başlayıb. Həmin ilin avqustun 4-də isə Azərbaycan (SOCAR) “Tota­lEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışı ilə bağlı saziş imzalayıb. SOCAR və “TotalEnergies” şirkətlərinin iştirak payları isə müvafiq olaraq 35 faiz həddində müəyyənləşib. 

“Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu “Neft daşları”ndakı mövcud qurğularla əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbayca­nın daxili bazarına satılacağı da nəzərdə tutulur.

Qeyd edildiyi kimi, İHS layihəsi çərçi­vəsində hazırda gündəlik 4,3 milyon kub­metr qaz və 1400 ton kondensat hasil olu­nur. “Abşeron” yatağının ehtiyatı da daxil olmaqla Azərbaycanın təsdiqlənən qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Ölkəmizin illik qaz ixracı isə 21 milyard kubmetr təş­kil edir. Yaxın 5 il ərzində Azərbaycan bu həcmdə qaz ixracını 30-31 milyard kub­metrə qədər artırmağı planlaşdırır. Avro­paya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proq­nozlaşdırılır. Beləliklə, sözügedən tarixi hadisə, eyni zamanda, təsdiqlənən 2,6 trilyon kubmetrlik qaz ehtiyatlarının həc­mi ilə Azərbaycan dünyada həm də “mavi yanacaq” ölkəsi kimi tanınır.

Yeri gəlmişkən, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda ilk investisiyanı ölkəmizə yatır­ması respublikamızda xarici sərmayə­darlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcəyi və ölkə­mizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfə verəcəyi əminlik­lə gözlənilir. 

“Abşeron” qaz-kondensat yatağı “Şahdəniz–2” kimi mürəkkəb geoloji struktura malikdir. Lakin “Şahdəniz-2” layihəsindən daha dərində yerləşir. Ona görə də “Abşeron” qaz-kondensat yata­ğında da manifold texnoloji üsulu ilə ha­silatın həyata keçirilməsi gerçəkləşdirilir. 

Yeri gəlmişkən, “Abşeron” layihə­si çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu qazın bütünlükdə Azər­baycanın daxili tələbatının ödənilməsinə yönəldilməsi qarşıda mühüm vəzifə kimi durur. Yatağın ikinci mərhələsində çıxa­rılacaq qazın isə xarici bazarlarda satıl­ması və yaxın 5 il ərzində bu perspekti­vin gerçəkləşməsi nəzərdə tutulur. Eyni zamanda, yatağın ikinci mərhələsində nə qədər qazın hasil olunacağlı ilə bağlı SO­CAR və onun tərəfdaşı hazırda danışıqlar aparır.

“Abşeron” çox mürəkkəb quruluşa malik qaz-kondensat yatağı olaraq in­diyədək Xəzər dənizində açılan və istis­mar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərin­liyində yerləşirsə, “Abşeron” 600 metr də­rinlikdədir. O cümlədən, məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800–7 min 100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7 min 300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır.

Dövlət başçısının “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman” və “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflərin olduğu barədə fikri ilə bağlı ekspertlər bildirirlər ki, hazırda adları çəkilən yataqlarda bu gün hazırlı­ğa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni, belə bir fakt hələ bundan çox illər sonra da Azərbaycanın Avropa üçün önəmli tərəf­daş olacağını deməyə əsas verir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat