Bu məqsədlə 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyası istismara veriləcək
Dünyanın ən iri neft-qaz ixracı mərkəzlərindən sayılan Səngəçal terminalı yaxın illərdə “yaşıl enerji” hesabına elektrikləşdirilə bilər. Bu məsələ “AzərEnerji” və Səngəçal terminalının operatoru olan BP şirkəti arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunda əksini tapıb.
Sənədə əsasən, adıçəkilən qurumlar Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləyəcəklər. Bu o deməkdir ki, tərəflər “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üzrə ümumi iş həcminin müəyyənləşdirilməsi və bu həcmin “AzərEnerji” ilə Səngəçal terminalının operatoru olan BP şirkəti arasında bölüşdürülməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, iş həcminin dəqiqləşdirilməsi üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə tədbirlər də memorandum iştirakçılarının birgə fəaliyyəti sayəsində reallaşacaq. Bütün bu məsələlər isə layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir.
“AzərEnerji” və BP-nin birgə layihəsinin uğurla həyata keçəcəyi təqdirdə dünya səviyyəli neft-qaz obyekt olan Səngəçal terminalını enerjisi ilə təmin etmək üçün istifadə olunan qazın yandırılması dayandırılacaq. Bununla da, terminalın enerji ilə təchizatı Azərbaycan dövlətinin elektroenergetika sistemi vasitəsilə həyata keçirilməsi təmin olunacaq. “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi”nin real fəaliyyət sahəsinə çevrilməsindən sonra dünya səviyyəli obyektin elektrik enerjisi təchizatı BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerjisinin Azərbaycanın dövlət enerji sistemi ilə əraziyə ötürülməsi hesabına həyata keçiriləcək. Anlaşma Memorandumuna əsasən, “Şəfəq”in “yaşıl enerji”si Səngəçal terminalının təchizatı üçün kifayət etmədikdə obyektin elektrik enerji təchizatı “AzərEnerji” ASC tərəfindən təmin olunacaq.
Sözügedən layihəni Azərbaycanın karbon emissiyalarının azaldılmasına yönəlik təqdirəlayiq addım kimi də dəyərləndirmək olar. Belə ki, enerji sistemdən veriləcək elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və bütövlükdə, ölkəmizin “yaşıl enerji” keçidinə töhfəsi olacaq. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayevin sözlərinə görə, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən ölkəmizdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində, həmçinin BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinə uyğun ardıcıl addımlar atılır. “Yaşıl enerji” sahəsinin genişləndirilməsi və atmosferə atılan zərərli maddələrin azaldılması ilə bağlı Prezident İlham Əliyevin strategiyasına uyğun olaraq həyata keçirilən tədbirlər göz qabağındadır. Bu gün imzalanan Anlaşma Memorandumu da karbon qazının azaldılması niyyətinə öz töhfəsini verəcək”, – deyə o, əlavə edib.
Yeri gəlmişkən, bugünlərdə Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşü zamanı Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanın yeni neft strategiyasının təntənəsi olan Səngəçal terminalı uzun illərdir ki, ölkəmizin neft-qaz sənayesinə xidmət göstərir. Xəzər dənizində quraşdırılmış nəhəng qurğuların, ən müasir texnologiyaların imkanları və fədakar neftçilərin gərgin əməyi sayəsində hasil edilən karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə bu terminala nəql olunur. Xam neftin və təbii qazın şaxələndirilmiş boru kəmərləti ilə dünya bazarına ixracı da Səngəçal terminalından başlanır. Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Qərb ixrac boru kəməri (Bakı–Supsa), Şimal ixrac boru kəməri (Bakı–Novorossiysk), Cənubi Qafqaz boru kəməri (CQBK), Cənub Qaz Dəhlizi, eləcə də SOCAR-a məxsus qaz kəməri öz başlanğıcını məhz buradan götürür.
2023-cü ildə “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından çıxarılan neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. “BP-Azərbaycan” şirkətinin 2023-cü ilin nəticələrinə dair hesabatına əsasən, ötən il terminaldan, təqribən, 230 milyon bareldən çox neft və kondensat texnoloji emal prosesindən sonra dünya bazarına göndərilib. Bunun da 229 milyon barel Bakı–Tbilisi–Ceyhan, təxminən, 1 milyon bareli isə Bakı–Supsa boru kəmərləri vasitəsilə ixrac edilib.
Hazırda “mavi yanacaq” terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, eləcə də terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus kəmərlərlə nəql edilir. Bütövlükdə isə, 2023-cü ildə Səngəçal terminalından gündəlik orta hesabla, təxminən, 71 milyon kubmetr qaz ixrac olunub.
1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən Səngaçal terminalı ilk vaxtlar yalnız “Çıraq” neftini ixrac etmək üçün layihələndirilib. 2001-ci ilin sentyabr ayından etibarən “Əsrin müqaviləsi”nin yataqların tammiqyaslı işlənməsi layihəsi çərçivəsində quruda və dənizdə nəhəng tikinti-quraşdırma işlərinin aparılmasına start verilib. “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının istismara verilməsi ilə başlanan böyük neft hasilatı terminalın genişləndirilməsinə də zərurət yaradıb. Bu məqsədlə 2002-ci il fevralın 20-də Səngəçal terminalının genişləndirilməsi proqramının icrasına başlanılıb. “Azfen–Tekfen” Azərbaycan–Türkiyə alyansının podratçısı olduğu Səngəçal terminalının genişləndirilməsi proqramı isə 2007-ci ildə tamamlanıb.
Azərbaycanın yeni neft strategiyasının təntənəsi olan Səngəçal terminalı 26 ildən artıqdır ki, fasiləsiz rejimdə fəaliyyət göstərir. Müasir sənaye şəhərciyini xatırladan bu nəhəng infrastruktur obyektində xam neftin qəbulu üçün iri çənlər, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetr “mavi yanacaq” təşkil edir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir.
Mirbağır YAQUBZADƏ
XQ