Türk Dövlətləri Təşkilatı: yeni güc mərkəzi

post-img

Ortaq köklər üzərində birgə hədəflər dünya nizamına yeni ahəng gətirir

Türk Dövlətləri Təşkilatının (TDT) 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib. Ötən müddətdə TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. 

Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi mü­nasibətilə keçirilən andiçmə mərasi­mindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri oldu­ğunu və dövlət siyasətimizin bu təşki­latı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatı da həmişə – həm işğal döv­ründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiter­ror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbay­can bu təşkilatın dəyərli üzvüdür”. 

Bu, Prezident İlham Əliyevin türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbayca­nın xarici siyasətinin prioritet istiqamət­lərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndi­rilməsinə əminliyin parlaq ifadəsidir.

Qeyd edək ki, Vətən müharibəsindən dərhal sonra qarşıya düşməndən təmizlənən torpaqlarda yaşayış məntəqələri salmaq, kənd təsərrüfatına yararlı sahələri minalardan tə­mizləyərək rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir və­zifə qoyulub. TDT ölkələrinin iş adamlarında dost təəssübkeşliyinə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investi­siya imkanları ilə tanış olmaq və bu coğrafi­yada ən yaxşı təcrübə və texnologiyaları tət­biq etmək marağı da buradan irəli gəlib. 

Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əra­ziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələ­rində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə sax­lanılır. 

TDT-nin Azərbaycana etimadı, diqqəti həm də respublikamızın dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üz­ləşdiyi bir vaxtda respublikamızın bu çağırış­lara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamə­tində təcrübə mübadiləsi aparmaqla dayanıqlı inkişafa maraqlıdır. 

TDT-yə üzv ölkələr arasında iqtisadi-tica­ri əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində im­zalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təş­kilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəti­cədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərə­cədə artıma nail olmaq reallaşıb. 

2023-cü il ərzində Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 8 milyard 208 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin mediada yayılan mə­lumatına görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon ABŞ dolları artıb. Halbuki 2022-ci ildə respublikamızın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 6 milyard 635 milyon dol­lar təşkil edib. Hesabat dövründə təşkilata üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərə­bər olub.

Gömrük Komitəsinin məlumatında bildi­rilir ki, 2023-cü il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 31 faiz artaraq 7 milyard 651 milyon dollara, Qırğı­zıstanla ticarət dövriyyəsi 6 dəfə artaraq 65 milyon dollara, Qazaxıstanla ticarət dövriyyə­si 47 faiz azalaraq 314 milyon dollara, Özbə­kistanla ticarət dövriyyəsi isə 2 faiz azalaraq 179 milyon dolara bərabər olub.

2023-cü ildə Azərbaycandan Türkiyəyə 784 milyon, Qazaxıstana 95 milyon, Qırğı­zıstana 59 milyon, Özbəkistana isə 44 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Burada bir məqamı da xatırladaq. Maca­rıstan Türk Dövlətləri Təşkilatında fəal iştirak edir. Bu, adı çəkilən ölkənin TDT-nin regio­nal təchizat və tranzit marşrutlarında, habelə enerji resurslarının şaxələnməsində fəal iş­tirakından da aydın görünür. Azərbaycanın aprel ayında Türkiyə vasitəsilə Macarıstana, təxminən, 275 milyon kubmetr təbii qaz tə­darük etməyə başlamaq qərarı da bunun ba­riz ifadəsidir. Bununla da Macarıstan qardaş ölkənin təbii qaz ixracatının ilk sərhədsiz alı­cısına çevrilir. 

Yeri gəlmişkən, Macarıstanın Azərbay­canla olduğu kimi, Türkiyə ilə də çoxillik dostluğu var. Hər iki ölkə– Macarıstan və Türkiyə TDT-də fəal iştirak edir. Rusiya qa­zını Qara dənizin dibi ilə 930 kilometr uzun­luğunda boru kəməri vasitəsilə Türkiyəyə nəql edən “Türk axını” boru kəmərinin Rusi­yadan Macarıstana bir nömrəli paylama mar­şrutu kimi istifadə olunması da vurğulanan fikrin təsdiqidir.

Türk dünyası hazırda beynəlxalq müna­sibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisa­di çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir: TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məh­sulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təş­kil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür. 

Onu da xatırladaq ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri ara­sında beynəlxalq kombinə edilmiş yük da­şımaları haqqında” sazişin təsdiqlənməsi isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətinə müsbət təsir göstərib. Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçi­vəsində, Orta Dəhlizin Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azər­baycandan keçərək ötürülməsi reallaşıb. 

Çin yükləri Qazaxıstanın sərhəddə yer­ləşən Dostık dəmir yolu stansiyasından daxil olaraq birbaşa Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Dəniz Ti­carət Limanına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür.

Azərbaycan son illərdə Orta Dəhlizin təşviqinə öz töhfəsini verib. Belə ki, tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qa­biliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilib. Bununla da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükdaşıma­nın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin pa­yına düşüb.

Vaqif BAYRAMOV
XQ



Siyasət