İqtisadiyyat Nazirliyinin məlumatına görə, ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal gömrük proseduru üçün idxal mallarının dəyərində 85 faiz, prosedurdan yararlanan şirkətlərin sayında isə 77 faiz artım müşahidə edilib.
Məlumatda bildirilib ki, Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixracı məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Emal əməliyyatları dedikdə, malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür. Respublikamızda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, iki istiqamətdə – təmir və emal məqsədilə gerçəkləşdirilir. Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur.
Malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər olunub. Həmin dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı razılaşması əsasında da istənilən ölkədən xammal və ya materialı respublikaya gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya göndərmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.
İqtisadiyyat Nazirliyinin məlumatında sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətlərinin təhlilinə əsaslanaraq, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha fəal istifadə edilməyə başlanılıb. Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə daxildə emal xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi diqqət mərkəzində saxlanılır.
Ölkə daxilində emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə yuxarıda vurğulandığı kimi, Nazirlər Kabineti tərəfindən 2023-cü il aprelin 10-da müvafiq qərar qəbul edilməsi müəyyən mallarla bağlı emal əməliyyatları aparıldıqdan sonra onların ixracı məqsədilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurunun gerçəkləşdirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, yuxarıda vurğulanan “emal əməliyyatları” dedikdə isə malların hazırlanması, emalı, təkrar emalı və təmiri nəzərdə tutulub.
Daxildə emal proseduru əsasında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər) istifadə edilir. Ümumiyyətlə, xarici ölkələrin təcrübəsində daxildə emal xüsusi gömrük proseduru ixracyönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur əsasında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur.
Beləliklə, istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi artır. Daxildə emal xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın artırılmasına şərait yaranır.
Ekspertlər bildirirlər ki, Nazirlər Kabinetinin 10 aprel 2023-cü il tarixli qərarının tətbiqinin şərtləndirdiyi yeni dəyişikliklər şirkətləri daxildə emal xüsusi prosedurundan daha çox, istifadəyə bir növ təşviq edir. Qərardan irəli gələn əsas yenilik daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanının genişləndirilməsi, yəni malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi imkanının yaradılmasıdır.
Beləliklə, qaydalara edilən yeni dəyişikliklərə əsasən, daxildə emal xüsusi gömrük prosedurundan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib, prosedur sahibi xammal və ya materialı qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində ölkəyə gətirib emal prosesindən keçirdikdən sonra istənilən ölkədəki istənilən alıcıya yönləndirmək imkanı əldə edib.
Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Vaqif BAYRAMOV
XQ