Gələn il Xəzərin dərin laylarından da qaz hasil ediləcək

post-img

Ötən il yataqlardan 48,5 milyard kubmetr mavi yanacaq çıxarılıb

Son illər Avropada “mavi yanacağ”a tələbat getdikcə artır. İndi “köhnə qitə”nin əksər ölkələri təbii qazla təminatının ödənilməsi üçün Azərbaycana böyük ümid bəsləyirlər. Elə bir qədər əvvəl Avropa İttifaqının Enerji Komissiyası tərəfindən Azərbaycanın Panavropa qaz təchizatçısı adlandırılması da təsadüfi deyil.

2023-cü ildə Azərbaycandan 23 mil­yard 856 milyon kubmetrdən artıq qaz ixrac olunub ki, bu da əvvəlki illə müqa­yisədə 6,9 faiz çoxdur. Ümumi ixracın 11,8 milyard kubmetri Avropanın payına düşüb. Bütövlükdə isə, Cənub Qaz Dəh­lizinin sonuncu seqmenti olan Trans-Ad­riatik Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən ötən müddət­də ölkəmiz “köhnə qitə”dəki tərəfdaşla­rına, təqribən, 31,5 milyard kubmetr təbii qaz göndərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa məkanına ixrac edilən qazın həcmi çox olmasa da, bu, ölkəmizin ümumi ixracının yarısını təşkil edir. Ötən il ölkəmizdən Türkiyəyə 9,5 mil­yard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr “mavi yanacaq” ixrac olunub.

Hazırda Gürcüstan, Türkiyə, Yuna­nıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan və Serbiya Azərbaycan qazı­nın əsas alıcılarıdır. Azərbaycan qazının mövcud ixrac coğrafiyası, həqiqətən də, ölkəmizin Panavropa təchizatçısı oldu­ğunu təsdiq edir.Yaxın illərdə isə Cənub Qaz Dəhlizinin təkanverici qüvvəsi sayı­lan interkonnektorların köməyi ilə ölkəmi­zin qaz ixracı coğrafiyasının bir qədər də genişlənəcəyini proqnozlaşdırmaq olar. Bunun üçün isə Azərbaycan kifayət qədər təbii qaz resurslarına malikdir. Ölkəmizin qaz ehtiyatları ilə zənginliyi artıq bey­nəlxalq miqyasda da öz təsdiqini tapıb. Belə ki, son illər həyata keçirilmiş geo­loji-kəşfiyyat işləri nəticəsində Azərbay­canın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilib. Amma əksər mütəxəssislər bu ehtiyatların daha çox olması qənaətindədirlər. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahi­bəsi zamanı Azərbaycanın qaz ehtiyatla­rının zənginliyi ilə seçilən yataqlarından bəhs edib. Dövlət başçısı Avropanın enerji təhlükəsizliyinin təminatında önəm­li rol oynayan “Şahdəniz” qaz-kondensat yatağı ilə yanaşı, Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” kimi digər yataqların da yük­sək potensiala malik olduğunu söyləyib. 

Prezident İlham Əliyev “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağı üzrə həyata keçi­riləcək “Dərin qaz” adlandırılan layihənin də ölkəmizin qaz bazarına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Sözüge­dən layihə çərçivəsində yaxın gələcəkdə ilk qazın əldə olunacağını diqqətə çatdı­ran ölkə rəhbəri orada da potensialın çox yüksək olduğunu bildirib. Məlum olduğu kimi, AÇG-nin dərin laylarında olan qaz ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır.

Hazırda BP şirkəti və konsorsiumun digər iştirakçıları tərəfindən AÇG-nin də­rin laylarından qaz hasilatına (“deep-gas”) başlanılması üçün işlər qrafik üzrə da­vam etdirilir. “BP-Azərbaycan” şirkətinin 2023-cü ilin nəticələrinə dair hesabatına əsasən, ötən il “Azəri–Çıraq–Günəş­li” strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu qazılıb. Fevralın 7-də A22z adlı kəşfiyyat quyu­sunda başlanan qazma əməliyyatları ap­rel ayında tamamlanıb. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə həmin quyudan əldə olunmuş məlumatların təhlili aparılır.

Bugünlərdə isə şirkət “Azəri–Çıraq-Günəşli” yataqlar blokunda dərin laylar­dan qaz hasilatına başlamaq üçün ilk quyunun qazılacağı vaxtı açıqlayıb. Mə­lumata əsasən, “Dərin qaz” layihəsi çər­çivəsində ilk quyu bu il qazılacaq. Qazma işlərinin nəzərdə tutulduğu vaxtda başa çatdırılması isə gələn ilin əvvəllərində buradan ilk qazın əldə ediləcəyinə im­kan yaradacaq. Bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regi­onunda quyular üzrə vitse-prezidenti Cim O’Liri jurnalistlərə açıqlamasında bildi­rib. “AÇG-də dərin laylardan qaz hasilatı üçün ilk hasilat quyusunun qazılmasına 2024-cü ilin ikinci yarısında başlama­ğı planlaşdırırıq. Birinci hasilat quyusu uğurlu olduğu təqdirdə ilk qaz hasilatına 2025-ci ilin əvvəlində başlamağı nəzərdə tuturuq”, – deyə o əlavə edib. 

Xatırladaq ki, “Azəri”, “Çıraq” yataq­larının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənmə­si və hasilatın pay bölgüsünə dair saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Həmin il dekabr ayının 12-də isə sənəd qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG bloku­nun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə im­zalanıb.

“Yeni əsrin müqaviləsi” adlandırı­lan layihədə BP (Böyük Britaniya, la­yihənin operatoru–30,37 faiz), SOCAR (Azərbaycan–25 faiz), MOL (Macarıs­tan–9,57 faiz), “ExxonMobil” (Amerika Birləşmiş Ştatları–6,79 faiz), ONGC (Hin­distan–2,31 faiz), “Inpex Corp.” (Yapo­niya–9,31 faiz), “ITOCHU Oil” (Yaponiya– 3,65 faiz), “Equinor” (Norveç– 7,27 faiz) və TPAO (Türkiyə– 5,73 faiz) şirkətləri pay sahibidirlər.

2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri–Çıraq–Günəşli” layihə­si üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdə­liklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Yeri gəlmişkən, 2023-cü ildə Azərbay­canda 48 milyard 496,7 milyon kubmetr qaz hasil edilib ki, bunun da 36 milyard 413,8 milyon kubmetri əmtəəlik qaz olub. Ümumilikdə isə, ölkə üzrə qaz hasilatı əv­vəlki illə müqayisədə 3,8 faiz artıb. Ümumi hasilatın, təqribən, 13 milyard 440 milyon kubmetri daxili istehlaka yönəldilib. Bu isə 2022-ci ilə nisbətən 0,7 faiz azdır. Ötən il SOCAR-ın tərkibinə daxil olan Azərbay­can Qaz Emalı Zavodunda 3 milyard 506 milyon 843 min kubmetr qaz emal edilib.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat