Ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı genişlənir

post-img

Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq imkanları və bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr genişmiqyaslıdır. Maliyyə qurumunun indiyədək respublikamıza 189 layihə çərçivəsində 3 milyard 672 milyon avro həcmində investisiya yatırması,  ümumi investisiyaların 26 faizinin özəl sektorun payına düşməsi də bunun bariz təsdiqidir. 

AYİB-in Azərbaycandakı aktiv portfelinin 90 faizini (820 milyon avro) dayanıqlı infrastruktur yatırımları, 7 faizini (64 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3 faizini (27 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.

AYİB-in respublikamıza belə ciddi maraq göstərməsi bir sıra amillərlə əlaqədardır. Bu, ilk növbədə, respublikamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması ilə bağlıdır.      Bu cür əlverişli şərait səbəbindən mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanla əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı da ilbəil artır. AYİB-in respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam daha çox şərtləndirir. 

Qeyd edək ki, AYİB 1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqtisadiyyatına keçid məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayırıb. 

Azərbaycan 1992-ci ildən mərkəzi ofisi Böyük Britaniyada yerləşən bu maliyyə qurumunun üzvüdür. Beynəlxalq maliyyə institutunun layihələrinin 50 faizi enerji sahəsini əhatə edir. Bankın səhm fondunda Azərbaycan Dövlət Neft Fondunun 100 milyon dollarlıq kapitalı saxlanılır.

XQ

İqtisadiyyat