Orta Dəhlizin nəbzi Azərbaycanda döyünür

post-img

Türkiyə Respublikasının Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası keçirilib. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən mə­lumata görə, iclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçiri­lib. Nəticələrə əsasən, 2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Mar­şrutu (Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib. İclasda, həmçinin Orta Dəhlizin inki­şaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub. Aparılan səmərəli danışıqların nəticəsi olaraq 2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib.

Yığıncaq çərçivəsində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərlərinin üçtərəfli görüşü də keçiri­lib. Görüşdə hər üç tərəfin təsisçisi ol­duğu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşutu çərçivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biz­nes modelinin müəyyən olunması mü­zakirə olunub.

Məlumatda o da bildirilib ki, “Azər­baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı keçirilən “dəyirmi masa”da iştirak edib. Söhbət zamanı ötən il Orta Dəhliz üzrə qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzin­də marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xü­susən də sözügedən marşrutun rəqəm­sallaşdırılması üzrə müzakirələr aparı­lıb.

“Dəyirmi masa”da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələr barədə məlumat verilib.

Qeyd edək ki, Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünya­da baş verən gərgin geosiyasi proses­lər fonunda irəli sürülüb. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin–Qa­zaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Av­ropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhə­miyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləş­dirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz bo­yunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir. 

Son zamanlar Orta Dəhliz Şərqlə Qərb arasında etibarlı logistika üçün optimal seçimə çevrilib. Xatırladaq ki, sözügedən marşrut Çin və Avropa ara­sında üç ticarət dəhlizindən biridir və onun uzunluğu avtomobil və dəmir yolu ilə birlikdə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometr təşkil edir. Sözügedən dəhlizlə hərəkət edən konteyner blo­ku qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu da mühüm logistik üstünlüklərdən hesab olunur. Dəqiqləşdirilmiş hesablamala­ra görə, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 10 min ki­lometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Bu baxımdan yaxın illərdə Orta Dəhliz öz imkanları ilə region ölkələrinin koordi­nasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər. 

Yeri gəlmişkən, Çinin Sian şəhə­rindən yola çıxan çıxan bu ilin ilk blok qatarı cəmi 11 günə Azərbaycana çatıb. Yüklər Qazaxıstanın Aktau limanından Ələt limanına Qazaxıstanın “Berkut” fi­der gəmisi vasitəsilə gətirilib. Qatar 55 konteynerdən ibarətdir. Hər biri 40 fut­luq olan konteynerlərdə ölkəmizə elekt­romobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdı­rılıb. Siandan yola salınmış daha bir qa­tar isə yaxın günlərdə Bakıya çatacaq. Bu da “ADY Konteyner” MMC-nin kon­teyner blok qatarlarının təşkili istiqamə­tində Çin şirkətləri ilə uğurlu əməkdaşlı­ğından xəbər verir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmli iştirakçılarından sayılan Azərbaycan dəhlizin funksio­nallığının artırılmasına mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 19 min ki­lometr avtomobil yolu və 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edi­lib. Hazırda isə 2017-ci ildə istifadəyə verilmiş və Orta Dəhliz vasitəsilə daşı­malarda böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırıl­ması üçün əlavə infrastruktur işləri apa­rılır. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq. Eyni zamanda Azərbaycanın beynəlxalq səviyyəli Ələt Dəniz Limanının yükaşırma qabiliyyə­tinin 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulur ki, bu da Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaradacaq. 

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastruktu­runun yaradılması, o cümlədən Zəngə­zur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislərin hesablamaları­na görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşın­masına imkan verə bilər. 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzun­luğu 140,6 kilometr olan Horadiz–Ağ­bənd dəmir yolu xəttinin tikintisi sürət­lə davam etdirilir. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu də­mir yolu xəttinin işlək mexanizmə çev­rilməsi ilə Bakı–Tbilisi–Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikin­ci dəmir yolu şəbəkəsi yaranacaq. Bu da Şərq-Qərb istiqamətində yüklərin sürətlə daşınmasında əhəmiyyətli rol oynayacaq.

Göründüyü kimi, Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyat və transmilli enerji layihələrinin inkişaf et­dirilməsi Orta Dəhlizin potensialını yük­səldəcək, siyasi və investisiya dəstəyini artıracaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat