Torpaq adamı dövlət dəstəyindən güc alır

post-img

Bu gün ərzaq təhlükəsizliyini gerçəkləşdirən, ixrac potensialının daha da güclənməsinə, habelə kənd yerlərində əhalinin rifahının daha da yüksəlməsinə töhfə verən aqrar sektorun inkişafı hökumə­tin diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdən biridir. Son illərdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq bu sahədə çoxşaxəli dövlət dəstəyi sisteminin qurulma­sı, sözügedən sektorun potensia­lının reallaşdırılmasına yönəldilən resursların həcminin artırılması və nəticədə kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım əldə edilməsi aqrar sistemin gücləndirilməsinə dövlət qayğısı­nın bariz ifadəsidir.

Qeyd edək ki, aqrar sektorun potensi­alının gücləndirilməsi müxtəlif istiqamət­lər üzrə reallaşdırılan genişmiqyaslı təd­birlərlə həllini tapır. Məsələn, bitkiçiliyin canlanması üçün intensiv və ekstensiv amillərə xüsusi diqqət yetirilir, heyvandar­lıq sahəsinin tərəqqisi isə tədrici intensiv metodlara əsaslanılır. Azərbaycanda 3 il əvvəl tətbiqinə başlanılan aqrar sı­ğortanın əhatə dairəsi davamlı şəkildə genişləndirilir. Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri isə hazırda rekord həddə çatır. Fermerlərin ötən il adı çə­kilən fonddan 4 milyon manat civarında sığorta ödənişi alması, belə bir göstərici­nin isə 2021–2022-ci illərlə müqayisədə təxminən 2 dəfə çox olması bunun bariz ifadəsidir.

Onu da deyək ki, kənd təsərrüfatı­nın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Bu fikrin təsdiqi üçün xatırladaq ki, respub­likada meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi vəsaitləri hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaş­dırılıb, 188 min hektar sahə yeni suvarı­lan torpaqlar qrupuna əlavə edilib. Həm­çinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faiz­dən çox yüksəlib.

Aqrar sahədə həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə müəyyən artım göstəriciləri qeydə alınıb. Məsələn, ilkin statistik rəqəmlərə diqqət yetirəndə görürük ki, hesabat dövründə respublika­da, təqribən, 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqa­yisədə 3,1 faiz çox olub. Bundan başqa, son bir ildə ölkədə istehsal olunan bitkiçi­lik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 728 milyon manata yüksəlib. 

Son rəsmi statistik məlumata əsasən, keçən il qarğıdalı da daxil olmaqla tar­lalardan 3 milyon 223 min ton və yaxud 2022-ci ilə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 813 min ton (0,1 faiz çox) tərəvəz, 1 milyon 249 min ton (0,1 faiz çox) meyvə və giləmeyvə, 222 min ton (5,3 faiz çox) üzüm, 1124 ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29 min ton (1,3 faiz çox) günəbaxan, 214 min ton (4,8 faiz çox) şəkər çuğunduru, 5 min ton (22,3 faiz çox) tütün yığılıb.

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, şərhçi 

Aqrar sektorda əldə edilən uğurla­rı şərtləndirən əsas amillərdən biri də fikrimcə, bu sahəyə ötən illər ərzində əlavə güzəştlərin verilməsi ilə bağlı olub. Məsələn, Vergi Məcəlləsində də­yişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriy­yələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabine­ti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. 

Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ver­gidən azad olunub. 2020-ci il yanva­rın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib. Hə­min malların siyahısı Nazirlər Kabine­tinin 30 iyun 2022-ci il tarixli qərarı ilə təsdiqlənib. Bu siyahıya qüvvəli, qaba və şirəli, həmçinin bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları və digər maddələr daxil olunub. 

Qeyd edək ki, artıq bu cür məh­sulların bütün zəncirlər üzrə dövriy­yəsinin ƏDV-dən azad olunması təbii ki, heyvandarlığın inkişafına, eyni zamanda, bu sahədə müsbət göstə­ricilərin qeydə alınmasına öz təsirini göstərir. Vergi güzəşti, həm də ölkədə istehsal edilən mal, qoyun və quş əti­nin bahalaşmasının qarşısını alır. 

Vergi Məcəlləsinə edilən digər bir dəyişikliyə əsasən, cari ildən Azər­baycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, Azərbaycanda buğ­danın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edil­mişdi.

Ümumiyyətlə, son illər ərzində aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul edilib, çoxsaylı fərmanlar imzalaıb və dövlət proqramları təsdiqlənib. Təbii ki, bütün bunlar kənd təsərrüfatının inkişafını şərtləndirib. Bundan başqa, respublikada istehsal olan məhsul­ların “Made in Azerbaijan” brendi adı ilə dünyanın bir çox ölkəsinə ixracına başlanıb və müsbət göstəricilər əldə edilib. Belə ki, statistik göstəriciyə əsasən, 2003-cü ildə kənara göndə­rilən kənd təsərrüfatı və emal məh­sullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912 milyon ABŞ dollarına yüksəlib. 

Aqrar sektordan bəhs edərkən, onu da bildirim ki, bu sahənin regionla­rın tərəqqisinə müsbət təsiri danılmaz­dır. Başqa sözlə, kənd təsərrüfatında davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması bölgələrin inkişafını, ən başlıcası isə ərzaq təh­lükəsizliyini şərtləndirir. Dövlətimizin başçısı tərəfindən Hökumət qarşı­sında əhalinin ərzaq təminatının tam ödənilməsinin daim strateji vəzifə kimi qoyulması, 2024-cü ilin dövlət büdcə­sində bu məsələnin həlli istiqamətinə 500 milyon manatdan çox vəsaitin nəzərdə tutulması da bunun bariz ifa­dəsidir. 

Azərbaycanda ərzaq təhlükəsizli­yindən bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdim. Hökumət artıq ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə başlayıb. Bunun üçün Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəa­liyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib, Kənd Təsərrüfatı Na­zirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. 

Bununla belə, 2023-cü ildə res­publikada ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqayisə­də 22,4 faiz az – 450 manat/ton müəy­yənləşdirilib. Əvəzində fermerlərdən alınan şəkər çuğundurunun qiyməti artırılıb. “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq möv­sümü üzrə şəkər çuğundurunun hər tonunu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha – 485 manata alınması­na qərar verilib.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat