“100-dən yuxarı”ların ən yaşlısı

post-img

9 övlad dünyaya gətirmiş Yaxşı nənənin 50-yə yaxın nəvə-nəticəsi var

Saatlı rayon ərazisində 100-dən yuxarı yaşı olan 9 seçici var. Onlardan 5-i kişi, 4-ü qadındır. Yaşlı insanlardan 7-si 66 saylı Saatlı, 2-si isə 82 saylı İmişli–Saatlı seçki dairəsindədir. 66 saylı Saatlı seçki dairəsinin ən yaşlı seçicisi həm də rayonun ən uzunömürlüsüdür. O, 1919-cu il təvəllüdlü Nəcimova Yaxşı Ələddin qızıdır. Yaxşı nənə seçki dairəsinin 34 saylı Şirinbəyli seçki məntəqəsində səs verəcək. Ahıska türküdür...

Qərara aldıq ki, rayonumuzun ən yaşlı seçicisi ilə görüşək. Odur ki yol al­dıq düz Şirinbəyli kəndinə. Yaxşı nənə bizi elə öz evində qarşıladı. Övladları, gəlinləri, nəvələri ilə birlikdə. Maşallah, çox gümrah, yaşından xeyli cavan gö­rünürdü. Mehriban, gülərüz nənəylə bir az söhbət etdik, ordan-burdan danışdıq, səhhəti ilə maraqlandıq. Uşaqlıq, gənclik illərinə döndük. “Eh, o dövrü, o sürgün illərini heç xatırlamaq istəmirəm” – dedi. Söhbət əsnasında öyrəndik ki, 1944-cü ildə Yaxşı nənə 24-25 yaşlarında ikən doğma elindən-obasından – Gürcüstanın Adıgün bölgəsindən Qazaxıstana sür­gün edilib. 1959-cu ildə isə Azərbaycana pənah gətirib. Əvvəlcə Qax rayonuna, 1961-ci ildə isə Saatlıya, Şirinbəyli kən­dinə köçüb. Və buranı özünə əbədi məs­kən seçib. Ev-eşik, təsərrüfat sahibi olub. 

“Bu ev-eşiyi qurmaq üçün çox əziy­yətlər çəkmişik, bala. Kolxoz dövründə gündüzlər tarlaya gedir, qayıdanda isə həyət-baca ilə əlləşərdik”, – deyir. Sonra birdən gülümsəyir. Özündə illərin xatirə­sini yaşadan üz qırışları ilə Yaxşı nənənin simasına təbəssümlə birgə nuranilik çö­kür. “Təndirdə bişirdiyim çörəyin qoxusu lap uzaqdan duyulardı. Bu kənddə ən dadlı çörəyi mən bişirərdim... Eh, indi qo­calmışam, bişirə bilmirəm, – deyir. – Yax­şı “mantı” da bişirərdim. Sağ olsun gəlin­lərim, indi bütün bu işləri onlar görür”.

Yaxşı nənə 9 övlad dünyaya gətirib. Hazırda 4 oğlu, 4 qızı var. Özü nəvə-nə­ticələrinin sayını itirsə də, övladlarının dediyinə görə, 50-yə yaxın nəvə-nəticəsi var. “Bu uzunömürlüyün sirri nədədir, ay nənə?” – soruşduqda, – “Allahın verdi­yi ömürdür, ay bala, yaşayırıq” – deyir. Məncə, Yaxşı nənəyə rayonumuzun “ən yaşlı seçicisi” titulunu qazandıran əsas səbəb həm də övladlarına, nəvə-nəti­cələrinə olan sevgisi, nikbin əhval-ruhiy­yəsi, yaşamaq istəyi, hər kəslə səmimi, mehriban davranmasıdır.

Sonda bir az seçkidən də danış­dıq. Bir arzusunu, özünün şəxsən seçki məntəqəsinə gedib səs vermək istəyini də dilə gətirdi. Bunu reallaşdırmaq üçün isə illərdir ayaqlarında yaranmış prob­lemə görə yeriyə bilməyən Yaxşı nənə əl arabasına ehtiyacı olduğunu bildirdi. İna­nırıq ki, səsvermə gününədək rayonumu­zun ən yaşlı seçicisinin bu arzusu yerinə yetmiş olar.

Sevimli, söhbətcil nənəni suallarımız­la çox da yormaq istəmədik. Sağollaşıb, ayrıldıq: – Özünə yaxşı bax, Yaxşı nənə, növbəti seçkilərdə görüşənədək...

Mahir ALLAHYARLI,
“Dönüş” rayon qəzetinin redaktoru

 

Son xəbərlər