Bakı–Supsa boru kəməri etibarlı ixrac marşrutudur

post-img

Bu il kəmərlə Qazaxıstan neftinin nəqli planlaşdırılır

Azərbaycanın neftinin Qərb istiqamətinə nəqlini həyata keçirən Bakı–Supsa kəmərinin işində müəyyən fasilələr yaransa da, sözügedən ixrac marşrutu bu gün də öz aktaullığını qoruyub saxlayır. Hazırda ölkəmiz Bakı–Supsa kəməri ilə, demək olar ki, neft ixrac etmir. Bununla belə, kəmərin fəaliyyəti tam dondurulmayıb. Neft nəqli üçün tam hazır vəziyyətdə olan bu kəmərdən istənilən an istifadə edilə bilər. Bakı–Supsa kəməri ilə neft bir ay öncədən təqdim olunan sifarişlər əsasında həyata keçirilir. 

Artıq dəniz qonşumuz, ölkəmizlə tranzit neft ix­racı sahəsində fəal əməkdaşlıq edən Qazaxıstan adı çəkilən kəmərlə ildə 3 milyon tonadək neft nəql etməyi planlaşdırır. Bu barədə Qazaxıstanın Ener­getika Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hazırda iki ölkə arasında bununla bağlı danı­şıqlar aparılır. “Azərbaycan tərəfi ilə illik 3 milyon tonadək həcmdə Qazaxıstan neftinin Bakı–Supsa kəməri ilə nəqli imkanlarının nəzərdən keçirilməsi məsələsi müzakirə olunur”, – deyə nazirliyin məlu­matında bildirilib. 

Bəzi mənbələrin məlumatına görə, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı–Supsa kəməri ilə 5 milyon ton neftin nəqlini təklif edib. Bunun da “Ka­şaqan” yatağından çıxarılan neft olacağı güman edilirdi. Yayılan məlumatlar sırasında Azərbayca­nın, həmçinin bu ölkəyə neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə ixracını təklif etdiyi də yer alıb. Yeri gəlmişkən, “North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barel (1-2 milyard ton) neft həcmindədir.

Bundan əlavə, Qazaxıstanın Energetika Nazirli­yi onu da bildirib ki, 2024-cü ildə Bakı–Tbilisi–Cey­han kəməri ilə 1,5 milyon ton qazax neftinin nəqli planlaşdırılır. Bu ölkənin magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkətinin məlu­matına görə, ötən il Aktau limanından 3 milyon ton neft ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 49 faizə yaxın çoxdur. Məlum olduğu kimi, 2023-cü ildə “Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu isə 2022-ci ilin göstəricisini 5,5 dəfə üstələyib. 

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Həmin göstərişə uyğun olaraq “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən illik neftin 1,5 milyon tonunun Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.

Göründüyü kimi, karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, bu amil müxtəlif səbəblərdən neft və qazın ixracında baş verə biləcək dayanmaların qarşısını almağa imkan yaradır. Məhz bunun nəticəsidir ki, 1998-ci ilin əvvəllərindən etibarən “Əsrin müqaviləsi” çərçi­vəsində başlanan neft ixracında ötən müddətdə, bir gün də olsun, fasilə yaranmayıb. Azərbaycanın neft ixracı sisteminin şah damarı sayılan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin ahəngdar fəa­liyyəti ilə yanaşı, ötən illərdə alternativ ixrac mar­şrutları olan Bakı–Novorossiysk və Bakı–Supsa kəmərləri ilə də müəyyən həcmdə neft nəql edilib. 

Bu baxımdan Azərbaycan neftini Qara dənizin sahilinə çatdıran Bakı–Supsa boru kəməri (Qərb ixrac marşutu) xüsusi əhəmiyyətə malikdir. Xatır­ladaq ki, Bakı–Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara də­niz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir. 2022-ci ilin may ayında Rusiya–Ukrayna müharibəsi səbəbindən fəaliyyəti dayandırılmış bu kəmərlə ay ərzində nəql olunan, təqribən, 3 milyon barel neft həcmləri də Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinə yönlən­dirilib. 

Amma ötən ilin fevralında isə 10 aylıq fasilə­dən sonra kəmərin fəaliyyəti qısa müddətə bərpa edilərək Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan çıxarılan neftin nəqli bu ixrac marşrutu ilə davam etdirilib. Bu da fevra­lın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda bu ölkənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağ­lanması ilə əlaqədar baş verib. Həmin vaxt Supsa limanından Azərbaycan nefti yüklənmiş bir neçə tanker dünya bazarına göndərilib.

Qeyd edək ki, uzunluğu 837 kilometr olan Bakı–Supsa neft boru kəməri 1997–1998-ci illər ərzində çəkilib. Azərbaycan neftini Qərb istiqamətinə nəql edən bu kəmər Səngəçal terminalından başlaya­raq Gürcüstan Qara dəniz sahilindəki Supsa ter­minalına qədər uzanır. Diametri 530 millimetr olan Bakı–Supsa kəmərinə neftin vurulmasına 1998-ci ilin dekabrında başlanıb. 1999-cu il aprelin 17-də isə kəmərin rəsmi açılışı olub. Qərb ixrac marşru­tu boyunca 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansi­yası (hər ikisi Gürcüstanda), 1 ərzinburaxma stan­siyası (Azərbaycanda) inşa olunub. Neftin yığılma­sı üçün Gürcüstanın Supsa terminalının ərazisində ümumi həcmi 1 milyon barel təşkil edən 4 iri çən inşa olunub. 

İlk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azər­baycan sektorunda yerləşən “Çıraq” və “Azəri” ya­taqlarından çıxarılan neft nəql olunub. Belə ki, Bakı yaxınlığındakı Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına göndərilən xam neft buradan tankerlərə yüklənərək Bosfor boğa­zından keçməklə Avropa bazarlarına yola salınıb. 2021-ci ilin yekunlarına əsasən, Bakı–Supsa boru kəməri ilə 4,2 milyon ton neft nəql olunub. İxrac olunan bütün neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat