Paşinyan – Qaregin qarşıdurması şiddətlənir

post-img

İyunun 16-dan 21-dək Erməni Apostol Kilsəsində (EAK) monastır yığıncağı keçirilib. Bu barədə kilsənin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, yığıncaqda bütün ermənilərin katolikosu II Qaregin baş nazir Nikol Paşinyanın bəyanatlarından narahatlıq ifadə edib. Katolikos son dövrlər hökumət tərəfindən kilsəyə qarşı yönələn tənqidləri daxili sabitliyə təhlükə kimi qiymətləndirib.

O, kilsənin tarixi və mənəvi rolunun gözdən salınmasına yönəlmiş cəhdlərin xalqla hakimiyyət arasında uçurumu dərinləşdirəcəyini bildirib. Deyib ki, planlaşdırılmış hücumlar erməni din xadimlərini və kilsəni gözdən salmaq, kilsənin səsini boğmaq və cəmiyyətdə onun yüksək reputasiyasını və nüfuzunu (?) azaltmaq məqsədi daşıyır. II Qaregin rahibləri vətənin və erməni kilsəsinin üzləşdiyi yeni çağırışlar qarşısında birləşməyə çağırıb. Yığıncaqda iştirak edən ruhani təmsilçilər də bu məsələdə həmrəy olduqlarını ifadə ediblər. Bildirilib ki, dövlətlə kilsə arasında qarşıdurma əvəzinə dialoqa üstünlük verilməlidir. Sonda qəbul edilən bəyanatda Ermənistan rəhbərliyi məsuliyyətli və təmkinli mövqe tutmağa çağırılıb.

Kilsənin bu cür mövqe tutması erməni cəmiyyətində birmənalı qarşılanmayıb. “Baqramyan 26” Teleqram kanalı yazır ki, kilsə həqiqətən də bir qrup insanın sürü halında yaşadığı, bir növ, qapalı dünyadır. Kanal qeyd edir ki, kilsənin siyasi proseslərə bu dərəcədə müdaxilə etməsi onun dini missiyasından uzaqlaşdığını göstərir. Müasir erməni gəncliyi arasında kilsəyə inamın azalmasının əsas səbəblərindən biri məhz bu cür mövqelərdir: “Kilsənin deyil, kassalı bəzi konkret şəxslərin kilsənin “yüksək reputasiyasına və nüfuzuna” xələl gətirməməsi üçün sizə lazım olan tək şey yalançı olmamaq və Rəbbin qarşısında verdiyiniz əhdi pozmamaqdır. Söhbət sizin üçün vəzifəyə gedən yolu açan anddan gedir! Erməni din xadimlərini gözdən salan əhdlə bağlı verilən yalançı bəyanatlar deyil, əhdin pozulması və səbəb-nəticə əlaqəsini alt-üst etmək cəhdidir ki, bu da özlüyündə başqa bir günahdır! Vəziyyəti düzəltmək üçün vətəndaş Ktriç Nersisyanın rahibləri onun ətrafında birləşməyə çağırmasına ehtiyac duyulmur, o, sadəcə olaraq, subaylıq andını pozmadığını və övladı olmadığını bəyan etməlidir!”

Teleqram kanalı bildirib ki, məsələ bu qədər sadədir: “O zaman bütün suallar aradan qalxacaq. Əlbəttə, əgər baş nazir Ktriç Nersisyanın yenidən yalan danışdığını sübut etməsə. O zaman Ktriç Nersisyan yenidən katolikos II Qaregin olacaq, ondan üzr istəniləcək və sübut olunacaq ki, kilsədəki ən yüksək vəzifələr küfr edənlər tərəfindən qəsb edilməyib. Əksinə, bildiriləcək ki, orada Allaha xidmət edən və kilsənin “yüksək nüfuzunu” qoruyub saxlamaqda maraqlı olan müqəddəs insanlar var və cəmiyyətimiz artıq baş nazirə suallar verəcəkdir! Amma Ktriç Nersisyan bu yolla getmir, əksinə, bütün gücü ilə özünü təmizə çıxarmağa çalışır. Günahsız, toxunulmaz adlandırır. Ondan fərqli olaraq kilsə həqiqətən də cəmiyyətdə yüksək nüfuza malik təsisat adlandırılmağa layiqdir”.

***

Bu arada Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası N.Paşinyanın EAK-ın din xadimləri ilə bağlı etdiyi paylaşımlara görə icraata başlamaqdan imtina edib. Bu barədə “Radio Azatutyun” məlumat yayıb. Vəkil Ara Zohrabyan komissiyaya şikayət ərizəsi ilə müraciət edərək hökumət başçısının paylaşımlarına hüquqi qiymət verilməsini tələb edib. Zohrabyanın sözlərinə görə, komissiya imtinanı artıq təkbaşına araşdırmaya başlaması ilə izah edib. Komissiya qeyd edib ki, Paşinyan öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərib, rəsmi şəxslərin davranış qaydalarını pozmayıb. Ancaq vəkil israr edir ki, baş nazir “Dövlət qulluğu haqqında” və komissiyanın özü haqqında qanunu pozub.  O iddia edir ki, Paşinyan faktiki olaraq kilsənin özünüidarə işlərinə qarışır və bu, onun səlahiyyətindən kənara çıxır: “Onlar iddia edirlər ki, Paşinyan baş nazir kimi deyil, bir vətəndaş kimi hərəkət edib. Lakin onun “Facebook” paylaşımları hökumət başçısı kimi fəaliyyəti ilə birbaşa bağlıdır. Üstəlik, o, hökumətin iclaslarında və parlament tribunasından eyni məsələləri qaldırıb”.

Komissiya sədrinin səlahiyyətlərini icra edən radioya bildirib ki, vəkil qərarla razılaşmasa, məhkəməyə şikayət edə bilər. A.Zohrabyan artıq iddia hazırlayır və komissiyanın imtinasına inzibati məhkəmədə etiraz etmək niyyətindədir.

“ArmenianReport” isə yazır ki, Paşinyanın EAK-la münaqişəsi təkcə ideoloji qarşıdurma deyil. Bu, ölkədə son müstəqil və hörmətli qurumlardan birini məhv etmək cəhdidir. Sayt yazır ki, kilsə əsrlər boyu erməni xalqının mənəvi dayağı olub, xüsusən də təlatümlər və xarici təhlükələr zamanı: “Müharibədən sonrakı travma, itkilər, Azərbaycan və Türkiyədən gələn təhdidlər (?) kontekstində kilsə ilə müharibə daxili parçalanmaya aparan birbaşa yoldur. Paşinyan mənəvi avtoritetləri aradan qaldırmaqla erməni xalqını qeyri-müəyyənlik və qorxu ilə baş-başa buraxır. Nəticədə Ermənistan iqtisadi durğunluq, kapitalın qaçması, mütəxəssislərin ölkədən getməsi, sosial gərginliyin artması ilə üzləşəcək. Ən yaxşı halda avtoritar sabitlik, ən pis halda dövlət sisteminin dağılması baş verəcək. Hakim rejim getdikcə daha çox avtoritarizm yolunu xatırladır: real müxalifətin yoxluğu, biznesin dağıdılması, kilsənin tabelikdə olması, hakimiyyətin bir şəxsin və onun dar çevrəsinin əlində cəmləşməsi. Parlamentdəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bu gün Ermənistanda baş verən proseslərin mahiyyətini tam dəqiqliklə əks etdirir. O haqlı olaraq deyir ki, biz təhlükəli yolla gedirik. Əgər cəmiyyət indi oyanmasa, sabah çox gec ola bilər”.

***

Qeyd etmək lazımdır ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının Paşinyanın kilsə ilə bağlı açıqlamalarına dair icraata başlatmaqdan imtina etməsi hüquqi və ictimai müstəvidə ciddi suallar doğurub. Vəkil A.Zohrabyanın bu məsələdə israrla mövqe sərgiləməsi hakimiyyətin kilsəyə müdaxiləsinin hüquqi çərçivədən çıxdığını düşündüyünü göstərir. Paşinyanın “Facebook” paylaşımlarının sıradan vətəndaş deyil, hökumət başçısı statusu ilə səsləndirilməsi isə bu arqumentləri gücləndirən əsas amildir. Komissiyanın “baş nazir səlahiyyət çərçivəsində hərəkət edib” arqumenti, əksinə, cəmiyyətin bir hissəsi tərəfindən siyasi loyallıq nümunəsi kimi qiymətləndirilir. Hüquq müstəvisində davam edəcək bu proses, eyni zamanda, kilsə-hakimiyyət münasibətlərinin daha da gərginləşəcəyindən xəbər verir. Zohrabyanın bu məsələni inzibati məhkəməyə daşımaq niyyəti, məsələyə təkcə hüquqi deyil, həm də ictimai diqqəti yönəltmək cəhdi kimi görünür. Bu, Ermənistanda dövlət-din münasibətlərinin yenidən tənzimlənməsi ilə bağlı daha geniş diskussiyalara yol aça bilər.

“ArmenianReport”un yanaşmasına gəldikdə isə qeyd etmək lazımdır ki, sayt Paşinyanla EAK arasında gedən qarşıdurmanı sırf ideoloji çərçivədən çıxararaq, onu dövlətçilik və milli identiklik müstəvisinə daşıyır. Məqalə müəllifinin fikrincə, kilsəyə qarşı aparılan bu “müharibə” Ermənistanın tarixi dayaqlarını zəiflətməklə milli birliyi sarsıdır. Müharibə sonrası travmatik durumun hələ də qalması fonunda mənəvi institutlara hücum cəmiyyətdə xaos və qeyri-müəyyənlik yarada bilər. Qlobal və regional təhdidlərin artdığı bir vaxtda daxili parçalanma çağırışları təhlükəli nəticələrdən xəbər verir. Saytın Paşinyanı avtoritarizmə meyllilikdə ittiham etməsi isə təkcə siyasi deyil, sosial-iqtisadi böhranların da əsas səbəbi kimi göstərilir.

Bütövlükdə, demək olar ki, Ermənistanda kilsə ilə hökumət arasında dərinləşən qarşıdurma artıq təkcə dini yox, siyasi və ictimai böhran elementlərinə çevrilməkdədir. Bu proses həm cəmiyyətin ideoloji parçalanmasını sürətləndirir, həm də dövlət institutlarına inamı sarsıdır. Kilsənin nüfuzunun məqsədli şəkildə zəiflədilməsi iddiaları Paşinyan hakimiyyətinin legitimliyinə dair suallar doğurur. Əgər bu gərginlik nəzarətsiz qalarsa, Ermənistan daha geniş sosial və siyasi təlatümlərlə üzləşə bilər.

Ramiyə MƏMMƏDOVA, 
siyasi şərhçi

– Kilsə ilə hakimiyyət arasında gedən qarşıdurma Ermənistan cəmiyyətində dərin ideoloji və institusional böhranı açıq şəkildə üzə çıxarır. Paşinyan hökumətinin EAK-ın fəaliyyətinə müdaxilə kimi dəyərləndirilən addımları dövlət və din arasında illərlə formalaşmış tarazlığı pozur. Bu isə xüsusilə müharibədən sonra zəifləyən milli həmrəyliyi daha da zədələyir. Kilsənin ictimai nüfuzunun hökumət vasitəsilə sarsıdılması Ermənistanın mənəvi dayaqlarını zəiflətməklə yanaşı, siyasi avtoritarizmə doğru istiqamətlənmənin göstəricisidir. Cəmiyyətdə etiraz və narazılıqların artması isə daxili sabitliyi və hüquqi institutların müstəqilliyini təhlükə altına alır. Əgər bu proses dayandırılmasa, Ermənistanın qarşısında daha ciddi siyasi və sosial böhranlar yaranacaq.

Səxavət HƏMİD 
XQ

 



Siyasət