Ötən il xaricə 23,8 milyard kubmetr qaz, 25,2 milyon ton neft ixrac edilib
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb.
Həyata keçirilən layihələrin uğurlu nəticələri 2023-cü ilin göstəricilərində də öz aydın ifadəsini tapıb. Energetika Naziriyinin məlumatına əsasən, hesabat dövründə respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. “Mavi yanacağ”ın 12,9 milyard kubmetri “Azəri–Çıraq–Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”, 8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ümumi qaz hasilatında 2022-ci ilə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetrə (2022-ci illə müqayisədə 5,3 faiz çox) yüksəlib. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək “Azəri–Çıraq–Günəşli”dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetri ixraca yönəldilib.
Neft sənayesində də yüksək göstəricilər əldə olunub. Belə ki, 2023-cü il ərzində ölkədə 30,2 milyon ton “qara qızıl” (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 milyon ton təşkil edib. Bu dövrdə ixraca yönəldilən 25,2 milyon ton neftin (kondensatla birlikdə) 22,1 milyon tonu konsorsiumun, 3,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il yanvar ayının 1-dək 629,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri–Çıraq–Günəşli”dən 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon tona yaxın kondensat çıxarılıb. Cari ilin əvvəlinədək həmin həcmin 627,3 milyon tonu ixraca yönəldilib.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, hımin boru kəməri ilə Türkmənistan və Qazaxıstan nefti də nəql edilir.
Təbii qaz həcmləri isə Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum) və Trans–Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Qardaş ölkəyə ölkəmizin “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
Onu da qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə sazişlə bağlı xarici sərmayədarlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 450 milyon ABŞ dolları bonus ödənilib.
Yeri gəlmişkən, Azərbaycanın ən böyük neft yataq bloku olan AÇG-nin işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabr ayının 20-də, həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş isə 2017-ci il sentyabrın 14-də imzalanıb. Bu sazişlə yataqların 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub. Sazışin 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində sərmayəçilər tərəfindən, ümumilikdə, 3,6 milyard ABŞ dolları məbləğində bonus ödənişlərinin reallaşdırılması qərara alınıb.
Energetika Nazirliyinin məlumatına görə, hesabat ilində neft emalı ilə bağlı göstəricilər də yüksəlib, bu sahədə 5 faizədək artım qeydə alınıb. Başqa sözlə, ötən il 6,5 milyon tona yaxın neft (2022-ci illə müqayisədə 4,84 faiz çox) emal edilib.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Müəssisə respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Ölkəmizin neft sənayesinin ötən ilki uğurlarından bəhs edərkən Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksinin hesabat dövrü fəaliyyətinə də diqqət yetirmək istərdik. Xatırladaq ki, bu kompleks 2023-cü ildə 557 milyon dollar ixrac gəliri ilə liderliyi qoruyub saxlayıb. “Petkim”, eyni zamanda, Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında həm ümumi reytinqdə, həm də kimya kateqoriyasında birinci yeri tutub.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulan “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Burada plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyədək Türkiyənin ilk və yeganə inteqrasiya edilən neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard dollar həcmində investisiya qoyulub.
“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
Sonda qeyd edək ki, 2006-cı ildən başlayaraq, enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.
Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib. Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.
Vaqif BAYRAMOV
XQ