“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda da yenidənqurma işlərini davam etdirir.
ASC-nin məlumatına əsasən, rayon düşməndən təmizlənəndən indiyədək enerji sisteminin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılır. Hazırda Qorçu və Tiğik kəndləri istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin, habelə Tiğik kəndinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq hava xəttinin çəkilişi davam edir.
Laçın şəhərində yeni 35 kV-luq, Minkənd ərazisində 1 ədəd 35 kV-luq yarımstansiyaların tikintisi, bu yarımstansiyalar istiqamətində 35 kV-luq ÖİN xəttinin çəkilməsi və şəhərsalma planına əsasən, Güləbird, Şəlvə, Qorçu qəsəbələrinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi də nəzərdə tutulur.
Rayonun Şəlvə, Malıbəyli, Qaragöl, Cağazur və Minkənd yaşayış məntəqələrində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri isə tam yekunlaşıb.
XQ