Azərbaycan “yaşıl keçid”in önündə

post-img

Qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpaolunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır, “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlığı genişləndirməyə can atırlar. Hətta uzun illər dünyanın neft-qaz sektorunda uğurla fəaliyyət göstərən şirkətlər də enerji sahəsinə yeni prizmadan yanaşır, “yaşıl” potensialın istifadəsinə öz töhfələrini verməyə çalışırlar. 

Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bu vacib məqama toxu­naraq bildirib ki, hazırda bir çox aparıcı neft şirkətləri hətta öz adlarını da dəyişdi­rib enerji şirkətlərinə çevirirlər: “Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər “yaşıl enerji” layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaş­dırıcı addımlar da istisna deyil”. 

Belə bir şəraitdə Azərbaycanın da bu ümumi trendin içində olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, dünyada, xüsusilə dünyanın ener­ji məkanında gedən proseslərdən geridə qalmamaq üçün ölkəmizin misilsiz poten­sialı var. Belə ki, təsdiqlənmiş proqnoz­lara görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanla­rı mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Yeri gəlmişkən, Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizindəki 157 min meqavatlıq bərpaolunan enerji potensialı­nı yüksək qiymətləndirib. 

Məlum olduğu kimi, son illər Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilib. Bu da tə­sadüfi deyil. Çünki dünyanın neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olun­ması da məhz bu inamdan irəli gəlir. Yeri gəlmişkən, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zama­nı COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarı Azərbaycanın beynəlxalq nü­fuzunun və uğurlu siyasətinin göstəricisi kimi dəyərləndirərək deyib: “Tam səmi­miyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbay­canda keçirmək üçün imkan əldə etdik... Biz istəyirik öz vəsaitimizi bu sahəyə ayı­raq ki, həm ölkəmizdə, necə deyərlər, “yaşıl enerji” inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi ma­hiyyət üzrə də çox ciddi proseslər gedə­cək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslə­rin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizim­lə bu hazırlıq dövründə əməkdaşlığın is­tiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq”

Hazırda ölkəmizin ümumi enerji is­tehsalında bərpaolunan enerjinin payı, təqribən, 20 faiz təşkil edir. Bununla belə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişa­fa dair Milli Prioritetlər”də ölkəmizdə “ya­şıl enerji” istehsalının genişləndirilməsi məsələsinə xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Bu da onu göstəririr ki, Azərbaycan yaxın gələcəkdə karbon emissiyalarının azaldılmasına mühüm töhfələr verməyə tam qadirdir. Elə Prezi­dent İlham Əliyev də məlum müsahibə­sində bu məqama toxunaraq bildirib ki, “yaşıl enerji”yə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. “Yaşıl enerji” dəhlizinin, o cümlədən Qara dəni­zin dibi ilə çəkiləcək kabelin də Azərbay­canın resurslarına hesablandığını diqqətə çatdıran dövlət başçısının sözlərinə görə, “yaşıl enerji”ni ixrac etməklə ölkəmizin önəminin daha da artacağını Avropa Ko­missiyasında yaxşı anlayırlar. Yeri gəl­mişkən, bu il martın 1-də öz Bakıda ke­çiriləcək Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək. Azərbaycanla Av­ropa Komissiyasının həmsədrliyi ilə real­laşdırılacq bu mötəbər enerji toplantısının gedişində bərpaolunan enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv imkanlar geniş müzakirə olu­nacaq. 

Ölkə Prezidenti yerli televiziya kanal­larına müsahibəsi zamanı bərpaolunan eneji potensialından səmərəli istifadənin Azərbaycanın enerji siyasətinin priori­tet istiqaməti kimi xarakterizə edərək bu sahədə həyata keçirilən tədbirlərə də nəzər salıb. Dövlətimizn başçısı ötən ilin oktyabrında Qaradağ rayonunda Günəş Elektrik Stansiyasının istismara verilmə­sini bu baxımdan təqdirəlayiq addım kimi dəyərləndirərək qeyd edib ki, ölkəmizdə yaxın 3-4 ilə bərpaedilən enerji növləri­nin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdırmaq mümkün olacaq. Ölkə rəhbəri fikrinin davamı olaraq bildi­rib ki, hazırda elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. “Yaşıl enerji” istehsalının artırılma­sı isə il ərzində, təqribən, 3-3,5 miyard kubmetr “mavi yanacağ”a qənaət etməyə imkan yaradacaq. Heç şübhəsiz, Avropa­da Azərbaycan qazına tələbatın getdik­cə artdığı indiki şəraitdə bunun iqtisadi səmərəsi olduqca yüksəkdir. 

Məlum olduğu kimi, ötən müddətdə Azərbaycan hökuməti bərpaolunan enerji sektorunda əməkdaşlıq etdiyi dünyanın aparıcı şirkətləri ilə imzaladığı müqavilə və anlaşma memorandumları çərçivəsin­də 10 min meqavat “yaşıl enerji” istehsa­lına nail olmağı hədəfləyib. Bunun iqlim dəyişikliyi məsələlərinə, həmçinin təbii qazı daha böyük həcmdə ixrac etməyə imkan yaradacağını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, ölkə­mizin bu sahədəki potensialı həddindən artıq çox olduğundan bununla kifayətlən­mək olmaz. Deməli, son illər mötəbər və etibarlı enerji tərəfdaşı imicini qazanmış Azərbaycanın Avropa İttifaqı ilə “yaşıl keçid” platforması sahəsində də əmək­daşlığın genişləndirilməsi üçün imkanları kifayət qədərdir. 

Eyni zamanda, bərpaolunan ener­ji potensialının hərəkətə gətirilməsi ilə bağlı həyata keçirilən layihələrin ölkədə məşğulluğun təminatına da mühüm töhfə verəcəyi şəksizdir. Təsadüfi deyil ki, yerli televizya kanallarına verdiyi müsahibədə bu vacib məqama toxunan dövlətimizin başçısı bildirib ki, bərpaolunan eneji la­yihələrinin reallaşdırılması yeni texno­logiyaların Azərbaycana gətirilməsinə im­kan yaratmaqla yanaşı, həm iş yerlərinin açılmasına, həm də bölgələrin inkişafına böyük təsiri olacaq. “Çünki Xəzər dənizin­dən kənarda bizim bütün qalan potensi­al stansiyalarımız bölgələrdə yerləşir, o cümlədən Qarabağ bölgəsində”, – deyə ölkə Prezidenti əlavə edib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat