“Gəlin, baxın – öz məhsullarımızdır”

post-img

İstehsalat və istehsal texnologiyaları sərgisində 100-ə yaxın müəssisə iştirak edir

Xəbər verildiyi kimi, dekabrın 7-də Bakı İdman Sarayında I Yerli İstehsalat və İstehsal Texnologiyaları sərgisi öz işinə başlayıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Bakı şəhərində və ölkənin regionlarında fəaliyyət göstərən 100-ə yaxın müəssisənin istehsal etdiyi qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunur.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, alıcıların yerli brendlərin istehsal texnologiyaları barədə  məlumatlandırılması, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir. Yerli istehsal müəssisələri üçün, bir növ, hesabat xarakteri daşıyan sərgidə iştirak edən bir sıra dövlət və hökumət nümayəndələri müxtəlif məhsullarla tanış olub, ölkənin sosial-iqtisadi mənzərəsi ilə bağlı mülahizələrini söyləyiblər. 

Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə, xüsusilə insan kapitalının inkişafı, innovativ cəmiyyətin formalaşdırılması istiqamətində ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ilin yanvar–oktyabr ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 2,7 milyard dolları təşkil edib.

Qeyd olunub ki, cari ilin yanvar–oktyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və digər sahələrin payına düşüb. Nazir müavini deyib ki, bu ilin üçüncü rübünün yekunlarına əsasən, sənaye zonalarının ölkə qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz olub. Yanvar–sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb və bunun 31,2 faizi ixrac edilib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə satılıb. 

İqtisadiyyat nazirinin müavini onu da qeyd edib ki, sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir. Sahibkarlıq üçün yaradılmış mühitin sabit, şəffaf və hüquqların təmin olunduğu komponentləri özündə birləşdirdiyini vurğulayan R. Abdullayevin sözlərinə görə, bu alətləri düzgün istiqamətləndirmək, iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün əlverişli biznes mühiti yaratmaq hökumətin prioritetləri sırasındadır. O deyib ki, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Nazir müavini fikrinin davamı olaraq qeyd edib ki, burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə, neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Rövnəq Abdullayev sahibkarların istehsal etdikləri məhsul və xidmətlərin təqdim edilməsi üçün belə sərgilərin təşkilinin xüsusi  əhəmiyyət daşıdığnı diqqətə çatdırıb. 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədr müavini Eldar Həmidov isə bildirib ki, bu ilin 11 ayında fond tərəfindən özəl sektor nümayəndələrinə 147 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon manat çoxdur. Onun dediyinə görə, həmin vəsait hesabına 2840 layihə maliyyələşdirilib. Ötən il isə güzəştli kreditlər hesabına 2343 layihə maliyyələşdirilib. Bu zaman regionlarda fəaliyyət göstərən sahibkarlara  daha çox üstünlük verildiyini diqqətə çatdıran E.Həmidovun dediyinə görə, bu ilin ötən dövründə  verilən kreditlərin 71 faizi məhz onların payına düşüb. 

Sahibkarlığın İnkişafı Fondunun əsas missiyalarından birinin dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməkdən ibarət olduğunu vurğulayan sədr müavini deyib ki, fondun fəaliyyət göstərdiyi ötən 30 il ölkə üzrə 45 min 600-dən artıq layihəyə 3 milyard manata yaxın güzəştli kredit ayrılıb ki, bunun da hesabına 182 min iş yerinin açılması təmin edilib. 

E.Həmidov, həmçinin deyib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın dəstəklənməsi üçün sahibkarların təşəbbüslərinə ehtiyac var. Onun sözlərinə görə, hazırda geniş bərpa və quruculuq işlərinin aparıldığı həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi Sahibkarlığın İnkişafı Fondu tərəfindən icra ediləcək. 

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli isə qeyd edib ki, istənilən mal və xidmətin təqdim edilməsi əsas iki mərhələdən keçir, bunun biri istehsaldırsa, digəri məhsulun satışıdır. “Çox sevindirici haldır ki, son zamanlar bizim istehsalçılarımız ikinci mərhələyə kifayət qədər böyük əhəmiyyət verirlər. Satışların artırılması biznesin dayanıqlı olmasında olduqca önəmli bir məsələdir” – deyə o əlavə edib. 

Hazırda Azərbaycanda sahibkarlara dəstək mexanizminin yetərincə olduğunu deyən agentlik sədrinin sözlərinə görə, güzəştli kreditlər, startap şəhadətnamələrin verilməsi və digər istiqamətlər ölkəmizdə özəl sektorun inkişafına töhfəsini verir. Bu istiqamətlər içində istehsal xüsusi önəm kəsb edir. Çünki istehsal iqtisadiyyatın dayanıqlılığı deməkdir. İstehsal xarici valyutanın Azərbaycana daxil olması deməkdir. Bununla yanaşı, istehsal məşğulluq deməkdir. 

Qeyd edək ki, 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi bu gün öz işini başa çatdıracaq. 

 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat