Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi yüksəlib

post-img

Son 20 ildə sənayenin bu sahəsində istehsal 21,6 dəfə artıb

Son illər məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi kimi tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. 

Son 20 il ərzində Azərbaycanda is­tehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq, 4 milyard ma­natdan 86,4 milyard manata çatıb. Sə­naye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz ol­duğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. 2002–2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard ma­nata çatıb ki, bu da 4,3 dəfə real artım­dan xəbər verir. Bu dövrdə respublikada 4 min 95 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1,6 milyard dollar olduğu halda, keçən il bu rəqəm 10,4 milyard dollara çatıb.

Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asan­laşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin no­tarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib. 

Sənaye zonalarında sahibkarlıq fəa­liyyəti üçün zəruri infrastrukturun yaradıl­ması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbir­lərindəndir. İnnovativ sahibkarlığın inkişa­fında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləş­mə, sənayenin rəqəmsal transformasiya­sı, “ağıllı biznes” modellərinin yaradılma­sı kimi məsələlər əsas hədəflərdəndir. 

Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlər­dəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istis­na olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB ev­ləri” vasitəsilə verilməsi davam etdirilir. Həmçinin lisenziya və icazələr elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilir. 

Ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti də sənayenin inkişafın­da əhəmiyyətli rol oynayıb. Başqa söz­lə, respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, əlverişli coğrafi mövqeyə malik mühüm tranzit mərkəz olması davamlı investisiya qoyu­luşunu şərtləndirməklə sənayedə məhsul istehsalına müsbət təsir göstərib. 2004–2021-ci illərdə Azərbaycana, ümumilikdə, 288,9 milyard dollar həcmində investisi­ya yatırılması da məhz həmin amillərlə bağlı olub. Bir faktı da xatırladaq ki, təkcə ötən il ərzində əsas kapitala yönəldilən vəsaitin məbləğinin 18,3 milyard manata yüksəlməsi, bu sahəyə yatırılan inves­tisiyaların 80,6 faizinin daxili mənbələr hesabına formalaşması da əlverişli biz­nes və investisiya mühitinin mövcudluğu nəticəsində reallaşıb. 

Azərbaycanda investisiya cəlbedici­liyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanun­verici-institusional tədbirlərin həyata keçi­rilməsidir. Bu baxımdan “İnvestisiya fəaliy­yəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu qanun investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaq­la yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqla­rının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Azərbaycan hökuməti tərəfindən bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, habelə investisi­yaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər imzalanması da davamlı investisiya qo­yuluşunu sürətləndirir. Bütün bunlarla yanaşı, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaşdırılması­na, sərmayə qoyuluşunun genişlənmə­sinə böyük təsir göstərən amillərdən bi­ridir. 

Bütün bunlarla yanaşı, Azərbaycan Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvesti­siya təşviqi sənədi cari ilin yanvar ayının 1-dən 3 il müddətində sənaye məhəl­lələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də döv­lət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərin gerçəkləşdirilməsinə verilməsi nəzərdə tutulub.

İqtisadi Zonaların İnkişafı Agentliyin­dən aldığımız məlumata görə, respublika­mızda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Balaxanı, Qaradağ, Pirallahı, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sə­naye parkları, 5 sənaye məhəlləsi (Ha­cıqabul, Masallı, Neftçala, Sabirabad, Şərur) fəaliyyət göstərir. İndiyədək səna­ye zonalarına 6,6 milyard manat investi­siya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 milyon manata yaxın investisiya qoyulu­şu, 6 min 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda da sənaye park və məhəl­lələrinin yaradılması xüsusi diqqətdə sax­lanılır. Belə müəssisələrdən biri hazırda Ağdamda yaradılır. Burada qurulan səna­ye parkında hazırda 19 rezident, 6 qey­ri-rezident fəaliyyət göstərir. İndiyədək 12 milyon manata yaxın investisiya qoyulan bu parkın ilk müəssisəsinin gələn il fəaliy­yətə başlayacağı gözlənilir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat