İqtisadi inkişaf davamlı və yüksəksürətlidir

post-img

Gələn il ÜDM-in 118 milyard manatı keçəcəyi gözlənilir

İqtisadiyyat Nazirliyinin hazırladığı 2024-cü il və sonrakı 3 il üzrə baza-ssenaridə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, gələn il ölkəmizdə ümumi daxili məhsulun (ÜDM)  real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi gözlənilir. Növbəti ildə isə ÜDM-nin tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı proqnozlaşdırılır. Bundan əlavə, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,7 faiz azalacağı da gözlənilir.  
İcmal və dövlət büdcələri üzrə layihədə əmtəə bazarlarında 2024-cü ildə qiymətlərin aşağı enəcəyi də proqnozlaşdırılıb. Bunu nəzərə alan İqtisadiyyat Nazirliyinin təqdim etdiyi baza-ssenaridə əmtəə bazarında orta illik inflyasiya göstəricisinin 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz gözlənildiyi bildirilib. Qeyd edək ki, bu proqnozlar hazırlanarkən Nazirlər Kabineti və Mərkəzi Bankın həyata keçirdikləri antiinflyasiya tədbirlərinin nəticələri də nəzərə alınıb. 
Gələn il üçün hazırlanan makroiqtisadi proqnozlarda ölkənin inkişafının davamlı olmasının əsas şərtlərindən biri–milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalması (1 dollara qarşı 1,7 manat) dəstəklənir. Eyni zamanda, 2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında müşahidə edilməsi nəzərə alınmaqla əsas kapitala investisiyalar üzrə 1 faiz artım olacağı, o cümlədən qeyri-neft (qaz) sektoru üzrə əsas kapitala investisiyaların 3 faiz artacağı da proqnozlaşdırılır.
Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində iqtisadiyyatın inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunan regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin bölgələrin inkişafı ilə bağlı investisiya, həmçinin yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaq. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq layihələrinin icrası sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da, öz növbəsində, iqtisadiyyatın bir çox  sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq. Həmçinin bu ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması iqtisadi cəhətdən müsbət tendensiyalara rəvac verməklə bərabər, regionda sülhün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcək.
Makroiqtisadi proqnozların davamlı inkişafını şərtləndirən göstəricilər   “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində də diqqətə çatdırılır. Bu dövrdə iqtisadi inkişafın tamamilə qeyri-neft sektoru hesabına gerçəkləşəcəyi, sahənin 2024-cü ildə ÜDM-də payının 71 faizi keçəcəyi bildirilir. 
Yeri gəlmişkən, cari ilin ötən aylarında qeyri-neft sektorunun inkişafında dinamiklik nəzərə çarpdığı statistik rəqəmlərdə özünü aydın göstərir. 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard manata yaxın ÜDM istehsal olunması, qeyri-neft sektorunda isə artımın 3 faizə yaxın olması bunun bariz ifadəsidir. Təqdim edilən sənədlərdə 3 ssenari – baza, optimist və pessimist ssenarilər təklif olunub. Baza ssenaridə neftin 1 barrelinin qiymətinin 60 dollar, optimist ssenaridə 80 dollar, pessimist ssenaridə isə 40 dollar ətrafında olacağı göstərilib.
Onu da deyək ki, büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 283 milyon manat, xərclərinin isə 138 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin isə 1 milyard 35 milyon manata çatdırılması nəzərdə tutulur. 
Ekspertlərin fikrincə, bütün bu proqnoz göstəriciləri–2024-cü ilin dövlət büdcəsi layihəsində diqqətə çatdırılan rəqəmlər regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla güclü milli iqtisadi resurslara əsaslanır və Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. 
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün təsdiqlənən göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılan dövlət büdcəsi xərclərindən 3 milyard manat, nisbətdə isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Büdcə layihəsində gələn il üçün gözlənilən gəlirlərin isə  2023-cü il üçün təsdiqlənən gəlirlər proqnozu ilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacağı bildirilir. Layihədə gəlirlərin qeyri-neft və neft sektorları üzrə bölgüsünün də bərabər olacağı vurğulanır.  
Bundan başqa, dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirlərinin 17 milyard 164 milyon manat proqnozlaşdırıldığı, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunacağı nəzərdə tutulur. 
Layihədə Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur ki, bunun da cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacağı bildirilir. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.
Büdcə sənədində gələn ilin dövlət büdcəsi xərclərinin 51,2 faizinin və ya 18 milyard 833 milyon manatının məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu, eyni zamanda, dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat (2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çox) məbləğində vəsait xərclənəcəyi də vurğulanır. 
Sonda qeyd edək ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək. 
Bütün bunlarla  yanaşı, işğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və bu yaşayış sahələrində müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılacaq.
Vaqif BAYRAMOV 
XQ

İqtisadiyyat