Heydər Əliyev: Mən istəyirəm siz qalıb mənə kömək edəsiniz...

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə

İkinci söhbət (əvvəli qəzetin 3 noyabr  2023-cü il tarixli sayında)

– Hidayət müəllim, Heydər Əliyevi açıq dəstəklədiyinizə görə sizə təzyiqlər, hədə qorxular olurdumu? Əjdər Xanbabayevin qətli sizi Heydər Əliyev sevgisindən üz döndərmək barədə düşünməyə vadar etdimi?

– Mümkün olardımı təzyiqlər, təqiblər olmasın? Təzyiqlər, təqiblər çox oldu, amma məni yolumdan döndərmək əsla mümkün deyildi. Bu təzyiq və təqiblər müxtəlif yollarla olurdu. 
Məsələn, bir gün axşam, çox gec saatlarda  doğmalardan biri xanımı ilə bizə gəldi. Gördüm çox həyəcanlı və pörtmüş vəziyyətdə gəlib.

Elə ailəmin, uşaqların yanında mənə dedi: “Gəl sən çəkil bu yoldan, yazma Heydər Əliyev haqqında, çıxışlarında, söhbətlərində onun adını çəkmə, bir gün səni ya tutacaqlar, ya da vuracaqlar. Tutmağa bəhanə tapmayacaqlar, çox güman ki, vuracaqlar. Ailənin yanında deyirəm, sonra mən bu uşaqlara baxmayacağam”. Aydın görünürdü ki, onu kimsə hədə-qorxu ilə buna hazırlayıb. Əlbəttə, mən onun bu sözlərin gülə-gülə, bir az da istehza ilə qəbul etdim. 

Bu, nə birinci xəbərdarlıq idi, nə də sonuncu. Qohumlar, dost-tanışlar tez-tez mənə irad tuturdular: “Sən nə üçün ümumi axına qarşı gedirsən? Özünə ciddi problemlər yaradırsan. Özünə yazığın gəlmir, barı ailəni düşün...”

20 Yanvardan və Əjdər Xanbabayevin qətlindən sonra axşam evə,  gündüz isə işə tez-tez telefon açırdılar, gəldən-getdən danışırdılar. Düşünürdüm: “Bunlar nə yaman mehribanlaşıblar?” Sən demə... Aradan müəyyən vaxt keçəndən sonra özləri söyləyirdilər ki, mənim taleyim üçün narahat olurmuşlar, bilmək istəyirmişlər necəyəm, sağam, yoxsa...

Ulu öndər hakimiyyət olimpinə qayıdandan, ölkədə sabitlik yaranandan sonra həmin yaxınlarım əvvəl söylədiklərini yeni redaktədə, bu dəfə fəxrlə deyirdilər: “Hidayət lazım olanda ümumi axına qarşı çıxa bilir...”
Doğrudur, respublikanın o vaxtkı rəhbərləri də mənim bu dönməzliyimi unutmadılar, çox yerdə qabağımı kəsdilər, çox yerdən adımı pozdular. Məsələn, həmin il Ali Sovetə seçkilər keçiriləndə, deputat seçilməyə 100 faizli şansım ola-ola, bilavasitə Ayaz Mütəllibovun göstərişi ilə seçilməyimə imkan vermədilər. Namizəd olduğum dairədən başqa bir adam deputat seçdilər. Ayazın hirsi bununla soyumadı. Moskvaya qaçandan bir müddət sonra orada yazdığı və çap etdirdiyi memuarında o vaxtın müxalifətçilərindən yalnız məni xüsusi qeyd edib “xatırlamışdı”.

Ayaza qədər Vəzirovun təqibinə tuş gəlmişdim. Hətta bir dəfə birinci katib olan  Vəzirov öz ətrafında olan adamlardan soruşur: “Mı kak mojem nemnojka rasslabit Qidayata?” İdeologiya üzrə katib işləyən  Rafiq Zeynalov demişdi: “Posledniy vremya on molçit”. Vəzirov özünəməxsus emosionallıqla iki dəfə təkrarlamışdı: “Eqo molçaniya toje opasno!” 

– Hidayət müəllim,  Heydər Əliyevə qarşı bu qərəz, kin, qəzəb nədən irəli gəlirdi? Axı, Heydər Əliyev hakimiyyətdə olduğu 1969-1987-ci illərdə Azərbaycanda heç kimin edə bilməyəcəyi işləri həyata keçirmişdi və ona qarşı çıxanların da əksəriyyəti məhz onun sayəsində yüksək vəzifəyə, el dilində desək, çörəyə çatmışdılar. Bu namərdlik hardan, nədən qaynaqlanırdı? 

– Bu paxıllıq, qısqanclıq, maddi maraqlardan qaynaqlanırdı. Siz çox doğru qeyd edirsiniz ki, Heydər Əliyevi ədalətsiz tənqid edən, ona qarşı çıxan adamların çoxunun karyerası Heydər Əliyevin vaxtında formalaşmışdı. Amma maraqlı bir cəhət də odur ki, Heydər Əliyevin hakimiyyət pilləsində yüksək vəzifələrə irəli çəkdiyi əksər insanlar özlərinin xeyirxahına, himayəçilərinə qarşı olan ədalətsizliklərə, qərəzə, böhtana susdular, səslərin çıxarmadılar. Kim nə deyir, necə qəbul edir bilmirəm, mənə görə bu əxlaqsızlıq idi.  

Ona görə də Heydər Əliyev artıq 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra, bir qism köhnə nomenklatura adamlarının, onun keçmişdə vəzifə verdiyi, irəli çəkdiyi insanların çoxunun Heydərçi olmalarına mən inanmadım. Çünki o adamlar ən azından öz səhvlərini etiraf etmiş olsaydılar, onda onlara yanaşmam bir qədər yumşaq olardı. 

Heydər Əliyevin qayıdışından az bir müddət  sonra əvvəllər mənə qarşı çıxanlar, məni qəbul etməyənlər, mənə qarşı olan qısqanclıqlarını, məkrlərini, paxıllıqlarını yenə gizlətmədilər. İkinci dövrdə onların hücumları açıq xarakter daşımasa da, gizlin təqiblər daha böyük miqyas almışdı. Çünki onların bir qismi, Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan sonra vəzifələrdən çıxarılmışdılar, səlahiyyətləri əllərindən alınmışdı. Heydər Əliyev qayıdandan sonra onların bəzilərinə vəzifə verdi...

– Demək olarmı ki, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy hakimiyyətinin  Heydər Əliyevə qarşı olan təqib və təzyiqlərinin əsas səbəbi, ulu öndərin nüfuzu, xalqın ona olan sevgisi, bu şəxsiyyətin beynəlxalq aləmdə lider kimi qəbul edilməsindən irəli gəlirdi? Yəni onlar hakimiyyəti itirməkdənmi narahat olur, qorxurdular?

– Əlbəttə, bunlar əsas səbəblərdən idi. Heç yadımdan çıxmır, Ali Sovetin məlum biabırçı sessiyasında Heydər Əliyevə qarşı  hörmətsizlik olunan günün səhəri bir qatı Mütəllibovçu məni görəndə dedi: “Mütəllibov istər göyə çıxa, istər yerə enə, Heydər Əliyevin nüfuzuna xələl gətirə bilməz. Ona görə də  Heydər Əliyevi zalda görəndə qorxur, özünü çox narahat hiss edir”.

Heydər Əliyev son dərəcə milli adam idi. Ona görə antimilli adamlar da ona qarşı çıxır, təqib edir və böhtan atırdılar. Respublika rəhbərliyində belə adamlar çox idi. Təsəvvür edin, Heydər Əliyev Azərbaycandan gedəndən sonra Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin mətbuata baxan müdir müavini erməni idi. Bütün mətbuatı vermişdilər onun ixtiyarına. “Azərbaycan” nəşriyyatının istehsalat şöbəsinin müdiri erməni idi. Hələ mən qarışıq, gizli ermənilərdən danışmıram...

– Hidayət müəllim, AXC hakimiyyətə gələndən az bir müddət sonra siz də onların hakimiyyətində yüksək vəzifə aldınız və çox qısa bir vaxtda Prezident Əbülfəz Elçibəyin millətlərarası münasibətlər üzrə müşaviri, sonra respublikanın milli siyasət məsələləri üzrə dövlət müşaviri  işlədiniz. Onlar niyə Heydər Əliyevdən qorxur, ona təzyiq göstərir, təqib edir, Naxçıvanda Milli Məclisin sədri olması ilə barışmaq istəmir  və hətta Bakıya gəlməsinə ən müxtəlif yollarla mane olmağa çalışırdılar? Sizin Əbülfəz Elçibəylə bu barədə heç söhbətiniz olurdumu, onlara deyirdinizmi Heydər Əliyev bu xalqa lazımdır? 

– Hakimiyyətə gələnə qədər, mən bilirdim ki, Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti müsbət olub. Hətta mənə demişdilər ki, Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə Əbülfəz Elçibəyin evində onun portreti asılıb. Bunu mənə onun evinə gedib-gələn adamlar demişdilər.   Prezident olanda hətta bir dəfə ona dedim: “Heydər Əliyevə qarşı bu qədər əsassız ittihamlar nə üçündür? Niyə buna son qoymaq istəmirsiniz? Buna bir münasibət bildirin”. Elçibəy dedi: “Bilirsiniz, siz onu müdafiə edin, siz düz edirsiniz. O da bizimdir, xalqımızın oğludur”. Dedim: “Əbülfəz bəy, onsuz da mən müdafiə edirəm. Amma siz Prezidentsiniz, sözünüz daha keçərlidir”. Susdu, amma bunu etmədi. Hətta xeyli sonra mən bu mövzuya yenidən qayıdanda məndən incik halda soyuq danışdı. Mən elə başa düşürdüm ki, o ətrafındakı adamlarla münasibəti pozmamaq üçün buna getmədi. Ətrafındakılar isə Heydər Əliyevin hakimiyyətə gəlməsindən qorxurdular. 

...1993-cü il mayın 28-də – Müstəqillik Günü Zaqatalada Məmmədəmin Rəsulzadəyə büst açırdılar. Tədbirə Ali Sovetin sədri İsa Qəmbər və Dövlət müşaviri Arif Hacılı getmişdi. Zaqatala milli azlıqlar olan bir regiondur. Elçibəy bir az sonra mənə dedi ki, sabah orda Məmmədəmin Rəsulzadənin  abidəsi açılır, İsa bəylə, Arif bəy ora gediblər, sən də get”. Tədbirə gecikməyim deyə, təyyarə ilə Zaqatalaya uçdum. 

Zaqatalada abidənin açılışında İsa Qəmbər də, Arif Hacılı da, mən də  çıxış etdik. Tədbirdən sonra icra hakimiyyətinin akt zalında İsa Qəmbər müsavatçılarla görüş keçirirdi. Məni də çağırdılar və oturdum Arif, icra başçısı və İsa Qəmbərlə yanaşı. Təbii ki, mənlik orda bir məsələ yox idi, ona görə əvvəldən axıra müşahidəçilik etdim, danışmadım. Zaldan bir müsavatçı sual verdi ki, “Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev Ermənistanla müstəqil şəkildə danışıqlar aparır, bu separatçılıq deyilmi?” İsa Qəmbər sual verənin mövqeyinə uyğun ona cavab verdi. Sözündən belə çıxdı ki, o da bu addıma yaxşı baxmır. 

Tədbir gec başa çatdı və ona görə biz Zaqatalada qalmalı olduq. Təbii ki, Ali Sovetin sədri tədbirdə iştirak edirdisə, Azərbaycan televiziyası bunu nümayiş etdirəcəkdi. Axşam qonaq evində şam yeməyi zamanı dedim: “İsa bəy, tapşır bu çəkilişi montaj etsinlər, Heydər Əliyevlə bağlı hissəni verməsinlər. İndi konsolidasiya, birlik vaxtıdır. Bir də Heydər Əliyev neyləyir axı? O Naxçıvanı erməni işğalından qoruyur! Bunun özü çox böyük işdir. Orada da bir cəbhə açılsa bizə asan olmayacaq axı”.  Arif də, icra başçısı da bizi eşidirlər. Dedi: “Düz deyirsiniz, tapşıraram verməsinlər”.  

Səhəri İsa Qəmbər  təklif etdi ki, Bakıya onlarla bir yerdə qayıdım. Dedim, mənim İran səfiri ilə görüşüm var, işdə olmalıyam Ona görə təyyarə ilə Bakıya uçdum. Həmin gün axşam televiziyada xəbərləri izləyəndə baxdım ki, müsavatçılarla görüşdən yalnız Heydər Əliyevlə bağlı həmin sualı və İsanın cavabını verdilər. Elə bil görüş məhz bu məsələyə həsr edilibmiş... 

Ertəsi gün Prezident Aparatında müşavirədə İsa Qəmbərlə görüşdük, tək sözü bu oldu: “Gördüm, İranın səfirini qəbul etdiniz...” Zaqataladan onlarla qayıtmamağıma işarə edirdi. Mən də elə o tərzdə cavab verdim: “Mən də gördüm... Zaqataladakı tədbiri deyirəm!” Mənim nəyə işarə etdiyimi dərhal anladı.

Artıq ölkədə vəziyyət gərginləşməkdə idi. Surət Hüseynovun qiyamı qapını döyürdü.  Qərara gəlmişdik ki, Elçibəyin respublika ağsaqqalları ilə görüşünü təşkil edək. Xidmətdəki əməkdaşlara kimin hansı bölgələrin icra hakimiyyətlərinin başçıları ilə danışacağını  tapşırandan sonra dedim: “Naxçıvanla özüm danışacağam”. Zarafat deyil, Heydər Əliyevlə mən danışmasam, kim danışasıydı.  
“VÇ” telefonla zəng vurdum, dəstəyi o zaman onun köməkçisi olan Vasif Talıbov götürdü. Dedim: “Heydər Əlirzaoğluynan danışmaq istəyirəm”.Təəccüblə soruşdu: “Özü ilə?” Dedim: “Bəli”. Calaşdırdılar. 

Söhbətimiz çox uzun çəkdi. Əvvəlcə mənimlə Zaqataladakı tədbirlə bağlı çox narazı danışdı. Sonralar məlum oldu ki, mənim haqqımda ona məlumat veriblər. Yeni Azərbaycan Partiyasının təşkilatçıları ona demişdilər ki, Hidayət sizi istəyən və müdafiə edən adamdır. Daim də bu yolda mübarizədədir.  Vəziyyət aydınlaşanda Nizami Xudiyevə demişdi: “Düzdür, onun özü və mənimlə bağlı yazıları haqqında çox eşitmişəm. Bəs nə əcəb onu orada saxlayırlar?” 

Telefonda mənə dedi: “Siz bunlara demirsiniz, mənim haqqımda bu nə böhtanlar, yalanlardır yayırlar? O nəydi parlamentin sədri Zaqatalada danışırdı?” Televiziyadakı süjetdə məni İsanın yanında gördüyü üçün lap qəzəblənmişdi, yəni mən orda ola-ola niyə onun qarşısını almamışam. Dedim: “Heydər Əlirzaoğlu siz böyük şəxsiyyətsiniz. Sizin xidmətlərinizə kölgə sala bilməzlər. Xalq sizi sevir və dəstəkləyir”. Uzun söhbətdən sonra zəng etməyimin məqsədini dedim. Əslində elə özüm də istəyirdim onunla söhbət edim. Dedi: “Bu gün cümə günüdür. Tapşıraram, hazırlayarlar, bazar ertəsi sizə məlumat verərik”. 

Telefon söhbəti uzun çəkdiyindən tənəffüsdən xeyli keçdi. Mən söhbəti bitirib çıxdım ki, nahar edim. Pilləkənlə  yeməkxanaya qalxanda baxdım ki, o vaxt dövlət katibi olan Əli Kərimov aşağa düşür. Elə pilləkəndə onu saxlayıb dedim: “İndicə Heydər Əliyevlə danışdım. O çox narahatdır, bizdən də gileyləndi. Buna haqqı da var, çünki  son vaxtlar Bakıda bəzi rəsmi adamlar onun haqqında əsası olmayan söz-söhbətlər danışırlar. Biz Naxçıvana gedib  Heydər Əliyevlə görüşək, danışaq, vəziyyətlə tanış olaq, ora kömək edək. Yoxsa meydana yeni ağır problemlər çıxar” İnsafən, Əli Kərimov dedi: “Düz deyirsiniz. Qoy bu məsələ qurtarsın, gedərik”. Amma sonra buna imkan olmadı. Ağsaqqallarla görüş də baş tutmadı. Bir həftə keçməmiş Heydər Əliyev özü Bakıya və hakimiyyətə gəldi. 

– Heydər Əliyev hakimiyyətə qayıdandan  və Prezident seçiləndən sonra təbii ki, dövlət quruculuğuna öz komandasını formalaşdırmaqla başlamalı idi. Heydər Əliyevə  komandada Hidayət Orucovu öz vəzifəsində saxlamağa əsas verən səbəb nə idi? Bu məsələni ulu öndər özü sizinlə müzakirə etmişdimi?

– Əvvəl ondan başlayım ki, necə oldu AXC hakimiyyətində mənə yüksək post təklif etdilər və Əbülfəz Elçibəy nə üçün bu vəzifəyə  məhz məni seçdi? O illərdə milli məsələlər, xalqımızın tarixi, mənəvi dəyərlərinin bərpası, qorunması, erməni təcavüzü və digər bu kimi problemlər mənim publisistikamın əsas mövzusu idi. Bu, şübhəsiz, AXC-nin saf qüvvələrini, xüsusilə Əbülfəz Elçibəyi çox maraqlandırırdı. Hətta bu təşkilat hakimiyyətə gəlməmiş, ən nüfuzlu vaxtlarında məni İdarə Heyətinə üzv seçmək istəyiblər və məlum olub ki, mən Cəbhənin üzvü deyiləm. Təsirli olsun deyə, qərara gəliblər ki, Əbülfəz bəy mənə zəng vursun. Zəng vurdu və söhbətimiz 40 dəqiqədən çox çəkdi. Mən dedim: “Müstəqil qalmaq istəyirəm. Onsuz da sizi dəstəkləyirəm. Bir də sizin Cəbhədən kənar dəstəyə də ehtiyacınız var...” Qəbul etmirdi, hətta arada əsəbləşdi də: “Sonra da deyirlər ziyalıları saymırıq”. Mənim haqqımda yüksək fikirlər söylədi, ancaq qərarımı dəyişmədim. Mən deyəndə ki, “Əbülfəz bəy, sizin də konstruktiv müxalifətə ehtiyacınız var axı. Məni niyə bu şansdan məhrum edirsiniz?” Ucadan qəhqəhə çəkib güldü və dedi: “Sizinlə bacarmaq olmur, nə deyim”.

Ancaq buna baxmayaraq, Prezident olanda fəaliyyətimi dəyərləndirdi və öz təşəbbüsü ilə məni yüksək vəzifəyə təyin etdi. Əminliklə deyirəm ki, əgər Əbülfəz öz təşəbbüsü ilə yüksək vəzifəyə beş nəfər təyin edibsə biri mənəm, bir nəfər təyin edibsə, o da mənəm. Özü də AXC üzvü olmaya-olmaya...

İki aydan bir az artıq olardı AXC hakimiyyətə gəlmişdi. 1992-ci il avqustun 1-i, şənbə günü ailəmlə birlikdə Saray qəsəbəsində məskunlaşan qaçqın xalamoğluna baş çəkməyə getməyə hazırlaşırdıq. Telefon zəng çaldı. Dedilər: “Hidayət bəy, sizi narahat edən Pənah Hüseynovun köməkçisidir. Pənah bəy sizinlə görüşmək istəyir”. Soruşdum: “Nə vaxt?” Dedi: “İndi gələ bilərsinizmi?” Dedim: “Gələrəm”. Yol boyu düşünürdüm ki, görəsən bunları nə maraqlandırır? 

Aparata gəlib Pənahla hal-əhval tutandan sonra dedi: “Hidayət bəy, biz istəyirik siz gəlib Prezidentin millətlərarası münasibətlər üzrə müşaviri işləyəsiniz”. Dedim: “Pənah bəy, mən nəşriyyatın baş redaktoruyam,  Yazıçı üçün bundan böyük vəzifə yoxdur. Mən nə qədər istəyirəm o nəşriyyatda qalıb işləyəcəyəm. İndi ki, bura məsləhət bilirsiniz gəlib işləyərəm, pəncərənizdən görünən o dənizi məsləhət bilsəz, gedib dənizdə işləyərəm. İndi iqtidarda vəzifə seçmək vaxtı deyil”. Dedi: “Təşəkkür edirəm ki, bizim sözümüzü yerə salmadınız. Gedək Prezidentin yanına”. 

Getdik Prezidentin qəbuluna. Əbülfəz bəy gəlib kabinetin ortasında mənimlə səmimi görüşdü. Söhbət etdik, ayrılanda soruşdu: “Bu gündən işə başlaya bilərsinizmi?” Dedim: “Başlaya bilərəm”.  Amma çox təəccübləndi: “Nə üçün bugündən?” Demə bu sahədə vəziyyət son dərəcə acınacaqlı imiş. 

Gecəyarı yeni vəzifədə ilk iş günümü başa vurub evə gedəndə  özümə söz verdim ki, nə vaxt işdən çıxsam və ya məni çıxarsalar, başımı dik tutub Prezident Aparatından evə qədər piyada gedəcəyəm və ... hamının gözünə dik baxarcağam. 

Heydər Əliyev Milli Məclisin sədri kimi Prezident səlahiyyətlərini icra edəndə məni yanına çağırdı. Dedi: “Mən istəyirəm siz qalıb mənə kömək edəsəniz. Düzdür, siz bunlarla gəlmisiniz, amma bilirəm ki, bunlardan deyilsiniz”. Mən ona Pənaha söylədiklərimi qısaca danışdım. Sonra dedim: “Heydər Əlirzaoğlu, Pənah bəyin kabinetinin pəncərəsindən dəniz görünürdü, elə buradan da dəniz görünür. İndi bura lazımdı, burada işləyim, dənizdə lazımdı, gedim dənizdə işləyim”. Sonra ümumi vəziyyətlə bağlı söhbət etdik, bəzi məsələlərlə maraqlandı, suallarına cavab verdim.

Heydər Əliyev hər sözün, hər hərəkətin, kiçik bir xidmətin belə dəyərini verməyi bacaran şəxsiyyət idi. Mənim əvvəlki fəaliyyətimi də, 10 ay AXC hakimiyyətilə işimi də, tutduğum mövqeyi də dəyərləndirirdi. AXC hakimiyyətinin  yüksək vəzifəyə təyin etdiyi adamlardan onun komandasında tək mən qaldım.

– Heydər Əliyevin Sizi öz postunuzda saxlaması əlbəttə, təsadüfi deyildi, ölçülü-biçili bir qərar idi və yəqin elə sizə inam da burada böyük rol oynamışdı. Mənim üçün maraqlıdır, ulu öndər milli məsələlərə niyə bu qədər böyük əhəmiyyət verirdi?  

– Şübhəsiz belə idi. Mən o vaxt erməni təcavüzündən, milli münasibətlərdən çox yazırdım. Amma heç ağlıma da gəlməzdi ki, gəlib milli siyasət üzrə dövlət müşaviri postunda oturam. 

Açığını deyim ki, o vaxt milli siyasətlə məşğul olmaq mina təmizləyənlərin işinə bənzəyirdi. Kiçik bir ehtiyatsızlıq, səhv faciəyə gətirib çıxara bilərdi. Çox çətin zaman idi. Heydər Əliyev bunu hamıdan gözəl bilirdi. Məsələn, sonralar onun rəhbərliyi altında işləyəndə ulu öndər xarici həmkarlarımı, milli məsələlərlə bağlı beynəlxalq təşkilatların rəhbərlərini qəbul edəndə, mən də görüşlərdə iştirak edirdim.

Bəzən söhbət elə yerə gəlib çatırdı ki, gözləyirdim indi o çönüb məndən həmin məsələni soruşacaq. Çünki elə məsələlər olurdu ki, Heydər Əliyev onu bilməyə borclu deyildi. Mən gözləyirdim ki, indi mənə üz tutub soruşacaq. Əlbəttə, mən də buna hazırlaşırdım, sözügedən məsələylə bağlı bildiklərimi özüm üçün sistemləşdirirdim. Amma yox, özü hər suala elə yüksək ustalıqla, detallarla, dürüst cavab verirdi, özüm məətəl qalırdım. Deyirdim, İlahi axı o haradan bunu bilir? Etiraf edim ki, inanmıram milli məsələləri dövlət rəhbərlərindən kimsə onun kimi mənimsəmiş olaydı. 

Bir dəfə Boris Yeltsinin müşaviri onun qəbulunda oldu. Heydər Əliyev axşam onu iqamətgaha şam yeməyinə dəvət etdi.  Məclisdə mən də iştirak edirdim. Söhbət əsnasında rusiyalı həmkarımın söylədiyinə etiraz etdim və onun fikri ilə razılaşmadığımı bildirdim. O isə izah edirdi ki, doğru fikirdədir. Heydər Əliyev dedi: “Hidayət düz deyir, o haqlıdır, bu işi o yaxşı bilir”. Yəni ulu öndər hər şeyi dürüst qiymətləndirirdi.

Cənubda Ələkram Hümbətov qondarma “Talış Muğan Respublika” elan etmişdi. Heydər Əliyev də yenicə Ali Sovetin sədri seçilib fəaliyyətə başlamışdı. Bu separatizmin haradan qaynaqlandığı bəlli idi. O gərgin günlərdə Heydər Əliyev  mənə tapşırdı ki, “Lənkərana get, gör bu Ələkram Hümbətov nə etmək istəyir, o camaatı niyə gərginlikdə saxlayır”. Razılaşdıq ki, Lənkərana Şeyxülislamla birlikdə gedək. Göstəriş verdi təyyarə ayırdılar ki, vaxt itirməyək. Elçibəy də hələ Bakıda idi. İstədim ona da deyim. Köməkçisinə zəng vurdum. Dedi: “Cəbhəçilər gəlib tökülüblər, başı qarışıqdı, vaxtı yoxdur”. Dedim: “Yaxşı mən sabah Lənkərana getməliyəm, zəng vurdum ki, məlumatı olsun”.

Zaqulbadakı hökumət bağına yola düşdüm. Nə qədər olmasa, ora hava limanına yaxındır. VİP salona keçəndə mənə məlumat verdilər ki, Elçibəy sübh tezdən harasa uçdu. Hara, bilinmir. Ordan Heydər Əliyevə zəng vurdum. Dedim: “İndi burada məlumat verdilər ki, Elçibəy səhər tezdən harasa uçub”. Dedi: “Düz eşitmisən, gedib”. Dedim: “Mən neyləyim, gedim, qayıdım?” Dedi: “Sən get”. Yəni o məqamda da dövlətçilik üçün vacib olan işi ertələmədi. 

İlqar RÜSTƏMOV,  
XQ
Əməkdar jurnalist



Siyasət