Neft Daşları – dəniz neft sənayesinin beşiyi

post-img

74 il əvvəl bu gün Azərbaycan neftçıxarma tarixinə yeni səhifə yazdı

Noyabrın 7-si dünya dəniz neft sənayesinin beşiyi sayılan “Neft daşları” yatağının istismara verilməsinin 74-cü ili tamam olur. 1949-cu ilin  payız günlərinin birində Xəzərin coşqun dalğalarını ram edən qəhrəman Azərbaycan neftçilərinin gərgin əməyi öz bəhrəsini verdi. Həmin dövr üçün əsl möcüzəyə bərabər ilk dəniz quyusu fontan vurdu, “Qara Daşlar”ın köksünü dəlib çıxan “qara qızıl” çətin dəniz şəraitində geçə-gündüz yorulmaq bilmədən çalışan neftçilərin üzünü ağartdı. Bununla da, dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyuldu. 
Qəhrəman Azərbaycan neftçilərinin bu şücaəti az müddətdə bütün dünyaya səs salır. Təsadüfi deyil ki, həmin vaxt bir sıra xarici  ölkələrin mətbuat səhifələrində bu barədə geniş məlumatlar dərc edilir, Azərbaycanın alim və mütəxəssislərinin yaratdığı möcüzəyə heyranlıq ifadə olunur. İnsan zəkasının şah əsəri olan Neft Daşları “möcüzələr adası”, “dünyanın səkkizinci möcüzəsi” kimi dəyər qazanır. Yeri gəlmişkən, Neft Daşları “Ginnesin Rekordlar Kitabı”na düşən ilk dəniz neft platformasıdır. Avropada ilk dəfə olaraq dərinliyi 3 min 183 metr, mailiyi 2 min 40 metr olan quyu isə qazma sürətinə görə rekord qazanıb.
 “Neft daşları” yatağı Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Burada ilk kəşfiyyat quyusunun qazılmasına 1949-cu il iyunun 24-də başlanıb. İstismar müddətini başa vurmuş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 942 metr dərinliyə, Qala lay dəstəsinə qazılan quyu noyabr ayının 7-də gündəlik 100 ton debitlə istismara verilib. Beləliklə, Azərbaycanın neft sehrbazları “Qara Daşlar”ın əsrlər boyu gizlətdiyi sirrin üstünü açmağa müvəffəq olublar. 
1949-cu ilin soyuq, küləkli dekabr günlərində ilk quyunun buruğunu növbəti qazma sahəsinə  keçirən neftçilər böyük çətinliklə üzləşirlər. İlk baxışdan quyunun qazılmasına hazırlıq işləri olduqca çətin görünsə də, peşəkar neftçilərimiz bunun da öhdəsindən gəlirlər. Tanınmış neft biliciləri Sabit Orucov, Ağaqurban Əliyev və məşhur qazmaçı Yusif Səfərovun təklifi ilə əlavə xərclərə və işçi qüvvəsinə yol vermədən daha 6 köhnə gəmi gətirilərək ərazidə süni ada yaradılır. Beləliklə, sonradan neftçilərin “Yeddi gəmi adası” adlandırdıqları ərazidə ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılır. 1950-ci ilin birinci yarısında bu quyunun da uğurla istismara daxil edilməsi ilə “Neft daşları” rayonunda karbohidrogen ehtiyatlarının mövcudluğu tam sübuta yetirilir. Bununla da, yataqda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət alır.  1951-ci il fevralın 18-də isə neftlə dolu ilk tanker sahilə yola salınır. 
Beləliklə, neftçilərin sığındığı 14 kvadratmetr sahəsi olan evcikdə, insan zəkasının məhsulu olan süni adada yaşayan və dəniz inşaatçıları tərəfindən quraşdırılmış qazma kəşfiyyat qurğusunda çalışan neftçilərin misilsiz şücaəti, siravi fəhlələrin, ustaların, mühəndislərin, digər xidmət sahələrinin işçilərinin fədakar əməyi sayəsində fırtınalı dəniz insan iradəsinə təslim olur. Xəzərin qoynunda polad dirəklər üzərində salınmış gözoxşayan estakadalar Azərbaycan neftçiləri üçün əsl sınaq, hünər meydanına çevrilir. 
Burada bir-birinin ardınca qazılan quyular istismara verildikcə Azərbaycanda neft hasilatı kəskin artmağa başlayır. Ötən əsrin 70-ci illəri isə “Neft daşları” yatağının  inkişafında “qızıl dövr” kimi xarakterizə olunur. Təsadüfi deyil ki, həmin dövrdə üç dəfə “möcüzələr adası”na səfər edən ümummilli lideri Heydər Əliyev Neft Daşlarını Azərbaycanın çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə kimi dəyərləndirib. 
Neft Daşlarını Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəri, çox gözəl inkişaf nümunəsi kimi xarakterizə edən Prezident İlham Əliyevin 2019-cu il noyabr ayının 6-da yatağın istismara verilməsinin 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə ünvanladığı təbrikində deyilir: “Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır”. Ötən müddətdə  dəniz şəraitində müasir infrastruktura malik istehsalat “şəhəri”nə çevrilən Neft Daşlarının öz inkişafının yeni mərhələsini yaşadığını vurğulayan dövlətimizin başçısı  yatağın zəngin ehtiyatlarının bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini əminliklə söyləyir. 
Ötən müddətdə “möcüzələr adası”nda insan əli ilə əsl xariqələr yaradılıb, neftçilərin normal işləməsi və istirahəti üçün misilsiz işlər görülüb. Belə ki, 1950-ci illərdə tirlər üzərində salınmış 2 qəsəbədə 24 ədəd iki mərtəbəli yataqxana binası və digər lazımi sosial obyektlər tikilib. 1975-ci ildən başlayaraq süni adada 5 ədəd beşmərtəbəli və 2 ədəd doqquz mərtəbəli yataqxana binası, beşmərtəbəli idarə binası, mədəniyyət sarayı, çörək zavodu, xəstəxana, idman meydançası, mağazalar, kitabxana, yeməkxana və başqa obyektlər tikilərək neftçilərin sərəncamına verilib. Burada polad dirəklər üzərində 180 kilometrdən artıq estakada salınıb, 333 istehsal meydançası quraşdırılıb, 100 kilometrlərlə neft, qaz və su kəmərləri çəkilib. Bütövlükdə isə, hazırda Xəzərin qoynunda füsunkar bir yaşayış məskənini xatırladan Neft Daşları 74 il ərzində əsrlərə bərabər inkişaf yolu keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilib. 
Son illər “Neft Daşları” NQÇİ tərəfindən işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxsaylı təmir və abadlıq işləri görülüb, istehsalat meydançalarında və xidmət sahələrində zəruri avadanlıqlar quraşdırılıb, yaşayış və yeməkxana evcikləri yaradılıb. Hazırda qəsəbədə 2,5 hektar ərazisi olan park fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda xaricdən gətirilmiş avadanlıq hesabına ən müasir işıqlandırma sistemi yaradılıb, əraziyə daş plitələr döşənib, yeni oturacaqlar quraşdırılıb. Parkın yaxınlığında neftçilər üçün müasir futbol və voleybol meydançaları, bir sıra idman qurğuları inşa edilib. Bundan əlavə, adada muzey və Ümummilli liderin  heykəli, idarənin Qarabağ müharibəsində şəhid olmuş əməkçilərinin xatirəsinə ucaldılmış abidə, çay evi fəaliyyət göstərir. Sosial sahədə görülmüş bütün işlər isə neftçiləri ölkəmizin iqtisadi inkişafına yeni-yeni töhfələr verməyə ruhlandırır. 
SOCAR-dan aldığımız məlumata görə, bu ilin 9 ayında  “Neft daşları” və “Palçıq pilpiləsi” yataqlarında istismarda olan 544 quyudan 841 min 110 ton neft və 111 milyon kubmetrdən çox qaz hasil olunub. Bütövlükdə isə, işlənmənin əvvəlindən indiyədək bu iki yataqda 2330 quyu qazılıb. Bu quyulardan, təqribən, 180 milyon tona yaxın neft və 14 milyard kubmetrdən artıq qaz çıxarılıb. “Neft daşları” yatağında ən böyük hasilat isə 1967-ci ildə qeydə alınıb. Həmin il burada 7,6 milyon ton neft çıxarılıb.
Azərbaycan dəniz neft sənayesinin flaqmanı sayılan “Neft daşları” yatağı işlənmənin son mərhələsində olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ tükənməyib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il bundan qabaq “Neft daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoyub. Dövlət başçısının tapşırığından irəli gələn məslələrin həlli istiqamətində görülən işlərin nəticəsidir ki, qocaman “Neft daşları” yatağı indi özünün yeni yüksəliş dövrünü yaşayır. 

Mirbağır YAQUBZADƏ 
XQ

İqtisadiyyat