Ötən illərdə bu məqsədlə 2,5 milyon manat vəsait xərclənib
BP şirkətinin ölkəmizin Qərb bölgəsində, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərdə reallaşdırdığı sosial layihələr barədə Gəncə şəhərinə və Samux rayonuna təşkil olunmuş mediaturda jurnalistlərə ətraflı məlumat verilib.
KİV təmsilçilərinə bildirilib ki, Azərbaycanda iri neft-qaz layihələrinin operatoru olan BP şirkəti tərəfdaşları ilə birlikdə bir sıra sosial təşəbbüslərə də yaxından dəstək verir, icmaların inkişafına sərmayələr yönəldir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri boyunca reallaşdırılan sosial layihələr bu baxımdan diqqəti xüsusilə cəlb edir.
BP və tərəfdaşları hesab edirlər ki, Xəzərdəki layihələrin uğurlu olması region ölkələri insanlarına onun əhəmiyyətli faydalar gətirməsindən asılıdır. Buna nail olmaq üçün BP və onun tərəfdaşları ölkəmizdə, o cümlədən həyata keçirilən əməliyyatların qonşuluğunda yerləşən icmalarda mühüm sosial investisiya layihələrini davam etdirirlər. Bu layihələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, sahibkarlıq, ətraf mühit, idman, mədəni irsin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Mediaturda qeyd edilib ki, cari ilin birinci yarısında BP və tərəfdaşları Azərbaycanda belə sosial investisiya layihələrinə 1 milyon dollardan artıq vəsait xərcləyiblər. Həmin layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə bir təşəbbüs daxil idi. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP şirkəti özünün və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə, təqribən, 109 milyon ABŞ dolları vəsait xərcləyib.
Ölkə iqtisadiyyatının güclənməsinə dəstək məqsədilə reallaşdırılan həmin layihələr ayrı-ayrı bölgələrdə yerli bacarıqların yaradılmasına və sahibkarlığın inkişafına önəmli töhfələr verir. “Gələcəyini qur”, “Yaşıl ürək”, “Şirin qızıl”, “Kənd yerlərində sahibkarlığa dəstək”, “Autizm Mərkəzinin potensialının gücləndirilməsi” və s. şirkətin tərəfdaşları ilə birlikdə həyata keçirdiyi sosial layihələrdəndir. Bu layihələrin coğrafiyası paytaxtın Qaradağ rayonundan başlayaraq Abşeron, Sumqayıt, Hacıqabul, Şirvan, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Ağcabədi, Goranboy, Gəncə, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Şəkiyədək geniş bir ərazini əhatə edir. Bununla yanaşı, şirkət ötən müddətdə Qobustan, Xaçmaz və Qəbələ rayonlarında da bir sıra icma əsaslı layihələrə maliyyə dəstəyi və texniki yardımlar göstərib.
Sonda bildirilib ki, Şəmkir, Samux və Qobustan rayonlarında həyata keçirilən “Yaşıl ürək” və “Şirin qızıl” layihələri çərçivəsində ötən müddətdə 316 hektar ərazidə, ümumilikdə, 167 min 900 ağac əkilib. Sözügedən layihələrin əsas məqsədi torpaqların eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasıdır. BP və tərəfdaşlarının qonşu icmalarda bacarıq və səriştələri artırmaqla onların davamlı inkişafı üçün imkanların yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsi kimi, bu layihələrin icrasına indiyədək 2 milyon 496 min 100 manat xərclənib.
Mirbağır YAQUBZADƏ
XQ