Neft-qaz, qiymətli metallar bahalaşır, dollar möhkəmlənir
HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrail ərazisinə qəfil hücumu ilə tərəflər arasında başlanan hərbi əməliyyatlar dünya iqtisadiyyatına da öz təsirini göstərir. Artıq beynəlxalq mediada bu barədə yazılar verilir. “The Guardian” nəşri münaqişənin dünya iqtisadiyyatına təsir göstərməyə başladığını, neft və qızılın bahalaşdığını yazır. Nəşr, həmçinin belə bir şəraitdə dolların məzənnəsinin daha da möhkəmləndiyini xatırladaraq geosiyasi gərginliyin və vəziyyətin düzgün proqnozlaşdırılmaması səbəbindən investorların qiymətli metallara və ABŞ dollarına investisiya qoymağa üstünlük verdiklərini diqqətə çatdırır.
Ekspertlər bildirirlər ki, hazırda İsrailin dövlət bankı şekelə dəstək məqsədilə 30 milyard dollar satış elan edib. Çünki ölkədə hərbi əməliyyatların başlanmasından sonra milli valyutanın məzənnəsi səkkiz ilin ən aşağı səviyyəsinə düşüb.
Bildirilir ki, 1973-cü ilin oktyabrından indiyədək İsraillə Fələstin arasında bu şəkildə genişmiqyaslı hərbi toqquşma baş verməyib. Münaqişə davam edəcəyi və genişlənəcəyi təqdirdə isə dünya xammal bazarlarında, xüsusilə, neft bazarında qiymətlərin daha kəskin bahalaşacağı proqnozlaşdırılıb. Belə gözləntinin nəticəsidir ki, artıq həftənin ilk günündən başlayaraq, dünya bazarında qızıl və neftin bahalaşması diqqət çəkib. Londonun “ICE Futures” əmtəə birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 5,2 faiz artaraq pik həddə çatıb: bir barel neft 88,99 dollara satılıb. Daha sonra qiymətlər 86-87 dollar həddində sabitləşib.
Ekspertlər, vəziyyəti təhlil edərkən, İsrail–Fələstin müharibəsindən əvvəlki günləri də nəzərdən keçirirlər. Onlar savaş başlayana kimi, “Brent” markalı neftin 11,3 faiz ucuzlaşdığını, bu göstəricinin isə cari ilin martından ötən müddətdə qeydə alınan ən aşağı göstərici olduğunu bildirirlər.
Xatırladaq ki, keçən həftə ərzində Azərbaycan nefti – “Azeri Light”ın (CIF) 1 barelinin orta qiyməti 94,616 dollara bərabər olub. Bu isə əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,97 dollar və ya 5,94 faiz az deməkdir.
Ekspertlərin fikrincə, Yaxın Şərqdə baş verən müharibələr hər zaman neftin bahalaşmasına gətirib çıxarıb. Məsələn, 1973-cü ildə Ərəb–İsrail müharibəsi dövründə neft dəfələrlə bahalaşıb, eyni zamanda, hətta ixracatçılar tərəfindən yanacaq satışı dayandırılıb. Yaxud, 1990-cı ildə Fars körfəzində baş verən savaş neft qiymətlərində 240 faiz, 2003-cü ildə İraqdakı müharibə 45 faiz, 2011-ci ildə Liviyadakı qarşıdurma isə 40 faiz bahalaşma ilə nəticələnib və bu, az müddət sonra əvvəlki məcraya qayıdıb.
Bu məqamda “Reuters” agentliyinin bir məlumatını da xatırlatmaq istərdik. Agentlik bildirir ki, İsrailin Energetika Nazirliyi “Chevron Mediterranean Limited” şirkətinə ölkənin şimal sahillərində yerləşən “Tamar” dəniz qaz yatağının bağlanması ilə bağlı göstəriş verib. Lakin bu prosesin nə qədər davam edəcəyi və belə bir qərarın hansı səbəblə əsaslandırıldığı göstərilməyib.
Hələlik isə həftənin əvvəlində Avropada birjada qazın qiyməti avqust ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb. Buna “Chevron” şirkətinin Avstraliyadakı LNG zavodlarında işçilərin tətilinin tezliklə bərpası və İsraildəki “Tamar” qaz yatağında hasilatın dayandırılması ilə bağlı xəbərlər səbəb olub. Sentyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 417 dollar, oktyabrın ötən günlərində isə 412 dollar təşkil edib.
“Reuters”, eyni zamanda, yatağın 2009-cu ildə kəşf edildiyini, layihənin tərəfdaşlarının “Chevron Mediterranean Limited” (25 faiz), “İsramco” (28,75 faiz), “Tamar Petroleum” (16,75 faiz), “Mubadala Energy” (11 faiz), “Tamar Investment 2” (11 faiz), “Dor Gas” (4 faiz) və “Everest” (3,5 faiz) olduğunu bildirib. Agentlik, həmçinin ehtiyat anbarın Hayfadan 90 kilometr qərbdə, dəniz səviyyəsindən 5 min metr dərinlikdə yerləşdiyini, hər 6 quyudan hasilatın sutkada 7,1-8,5 milyon kubmetr təşkil etdiyini də vurğulayıb.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Şübhəsiz ki, hərbi münaqişə regionda sabitliyi pozur, lakin İsrail–HƏMAS savaşı kimi hadisələr, bir qayda olaraq, neft bazarına yalnız qısamüddətli təsir göstərir. Bu fikrin təsdiqi olaraq, bəzi məqamlara diqqət yönəltmək istərdim. Belə ki, neft qiymətləri yeni həftənin əvvəlində kəskin yüksəlib. Londonun “ICE Futures” əmtəə birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 5,2 faiz artaraq pik həddə–bir barel 88,99 dollara satılıb. Lakin ticarət məlumatları göstərir ki, az sonra artım 3,48 faizə qədər azalıb və neft müqavilələri bir barel üçün 87,59 dollara başa gəlib.
“BCS World of Investments”in ekspertləri də qeyd ediblər ki, neftin qiymətinin dinamikasının dəyişməsinə səbəb Yaxın Şərqdə gözlənilmədən başlanan münaqişənin neft tədarükünə ola biləcək risklərin artımından qaynaqlanır.
Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, Yaxın Şərqdəki hərbi münaqişələrin neft bazarına təsirləri qısamüddətli olur. Oktyabrın 7-dən başlanan HƏMAS–İsrail münaqişəsi nəticəsində oktyabrın 10-da səhər hərraclarda neftin dekabr fyuçerslərinin qiyməti qısa müddətə 89 dollara qədər yüksəlib, daha sonra yenidən aşağı düşərək 86 dollara enib.
Bu münaqişədə əsas təhlükə kimi İranın HƏMAS-a real dəstək verməsinin təsdiqlənməsi, İsrail və ABŞ tərəfindən bu dövlətə qarşı tədbir görülərək, Hörmüz boğazından neft tankerlərinin keçidinin qarşısını almaları, yaxud həmin tankerlərin sayının məhdudlaşdırılması qeyd olunur. Lakin münaqişənin başlanmasından ötən müddətdə məlum olub ki, İran hər nə qədər siyasi bəyanatlarla HƏMAS-ı dəstəkləsə də, bu, praktik müstəviyə keçməyib. Yəni, Tehran İsrailə qarşı açıq hərbi güc tətbiqi niyyətində olmayıb. Bu amil isə bazarda qiymətlərin sabitləşməsinə təsir göstərib.
V.BAYRAMOV
XQ