Avrasiyada Afrika taunu baş qaldırıb

post-img

Rusiyanın Primorsk diyarında Afrika taunu baş qaldırıb. Bu vaxtadək, təxminən, 5 min yoluxmuş donuz yandırılıb. Bu barədə Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuriya Baytarlıq Stansiyası məlumat yayıb. Bildirilir ki, hazırda ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunub.

Məlumatda qeyd edilir ki, klassik donuz taunu – donuzların virus xəstə­liyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının ilti­habı ilə xarakterizə olunur. Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanlar 80 –100 faiz məhv olur. Kütləvi qırılmadan sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənir.

Virus insanlar üçün təhlükə yaratma­sa da infeksiya daşıyıcısı ola bilərlər. Ta­unlar arasında bu xəstəlik daha təhlükəli sayılır.

Afrika donuz taunu digər ölkələrdə də yayılıb. Ermənistanda epidemiyanın aşkarlanması ilə əlaqədar komissiya, karantin məntəqələri yaradılıb. Bölgədə donuz əti satışına nəzarət gücləndirilsə də, yerli əhali onu satmaqda davam edir. 

Xəstəlik Kiyevin Qoloseyevski ra­yonunda Konça–Zaspa meşə parkının ərazisində də qeydə alınıb. 10 kilometr radiusda bölgədə karantin tətbiq edilib. Diri donuzların, baytarlıq sənədləri olma­yan ətlərin ticarəti, habelə mal-qaranın yeridilməsi və yığılması ilə yarmarkaların keçirilməsi qadağan edilib. 

Rumıniyanın Sibiu rayonunda da Afri­ka donuz taunu epidemiyası aşkar edilib. İri fermada bütün heyvanlar evtanaziya edilib, 10 kilometrlik zonada sanitar post­ları qurulub. 

Moldovanın Ukrayna ilə sərhədə yaxın ev təsərrüfatlarında da xəstəlik aş­kar edilib. Epidemioloqlar ölkəyə virusla çirklənmiş məhsulların gətirildiyini güman edirlər. Yaponiyada isə 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-qərbindəki böyük Kyuşu adasında xəstəlik aşkarla­nıb. 10 minə yaxın heyvan məhv edilə­cək. 

Görəsən, bu xəstəlik ölkəmizə gələ bilərmi? Mütəxəssislər bildirirlər ki, istə­nilən virus təhlükəlidir. Sadəcə, hər bir virusun yayılma dinamikası var. Dünyada taun epidemiyaları olub və bunlar daha çox çirklənmiş ərazilərdə baş verib. Bu xəstəlik məqsədyönlü şəkildə də yayıla bilər. İndiki taunun Ukrayna sərhədində aşkarlanması virusun süni laboratoriya­da yaradılması və ondan bioloji silah kimi istifadə edilməsi ehtimalı doğurur. 

Avrasiya məkanında yayılan taunun ölkəmizə gəlməsi mümkündür. İnsanlar və gətirilən qida məhsulları xəstəlik da­şıyıcısı ola bilər. Hələ ki, taun ölkəmizdə aşkarlanmayıb. Qabaqlayıcı tədbirlər isə zəruridir. 

Z.HÜSEYNOVA
XQ



Son xəbərlər