Kiçik və orta sahibkarlıq bölgədə iqtisadiyyatın aparıcı sahəsi olacaq
İşğaldan azad edilən ərazilərdə sosial-iqtisadi sahələrin bərpasına yerli və xarici biznes nümayəndələrinin investisiya qoymaları üçün əlverişli mühitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədlə 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib.
Sənədin əsas hədəflərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Bu barəfdə iqtisadçı -ekspert Günay Quliyeva dedi:
– Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək Dövlət Proqramının əsas məqsədlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün 5 milyard manat nəzərdə tutulub. Ayrılmış məbləğin əksəriyyəti Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə, hərbi potensialımızın güclənməsinə yönəldilib.
Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün zəruri addımlar atılıb. Məlum olduğu kimi, Azərbaycan Prezidenti tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli sərəncam imzalanıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilib. Həmin dəyişikliklə düşməndən təmizlənən yaşayış sahələrində fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.
Dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları da 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Subsidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. 2026-cı ildən başlayaraq, 3 il ərzində subsidiya faizi 80, sonrakı 2 ildə 60, daha sonra isə 40 faiz təşkil edəcək.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti canlandırmaq üçün vergilərlə bağlı güzəştlər də mövcuddur. Sahibkarlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Onlar üçün tətbiq edilən güzəştlərdən biri də kreditlərin verilməsi ilə bağlıdır. Bu kreditlər dövlət səviyyəsində dəstəklənir.
Görülən tədbirlər isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərmək arzusunda olan iş adamlarının sayını artırıb. Azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün 1500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dedi:
–Müraciətlərin 500-ə qədəri xarici iş adamlarından daxil olib. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar. Dövlət tərəfindən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını daha da artıracaq. Sahibkarlığın inkişafı isə inşaat sahəsinin, kənd təsərrüfatının, aqrar və toxuculuq sənayesinin, heyvandarlığın, ümumilikdə isə, iqtisadiyyatın bütün sahələrinin dirçəlməsinə təkan verəcək. Belə ki, Ağdam rayonunda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Zəngilan, Qubadlı, Füzuli və Xocavənd rayonlarının isə, əsasən, kənd təsərrüfatı inkişaf etdirilir.
İqtisadçı-ekspert Mahir Zeynalov isə dedi ki, Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (bir neçə müəssisənin 2024–2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır) fəaliyyət göstərən və açılması nəzərdə tutulan sənaye müəssisələrinin əksəriyyəti kiçik və orta biznesə aiddir. Bu müəssisələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi həyatında mühüm rolu olacaq:
– Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolu böyükdür. Buna görə, ölkə başçısı tərəfindən müxtəlif zamanlarda kiçik və orta sahbkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi ilə əlaqədar müxtəlif fərman və sərəncamlar verilmiş, strateji yol xəritələrində prioritet istiqamətlərdən biri kimi daim diqqətdə qalmışdır.
Onların iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə xüsusiyyətləri ilə əlaqədardır. Daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə edilir. Eyni zamanda, iqtisadi dalğalanmalar kiçik və orta sahibkarlığa daha az təsir göstərir. Çünki böhran dövründə iri müəssisələrin müflisləşməsi ölkə iqtisadiyyatındakı böhranı daha da dərinləşdirir. Lakin kiçik və orta sahibkarlıq müəssisələrində belə risklər daha aşağıdır. Əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal potensialının səviyyəsini müəyyən edirsə, kiçik və orta sahibkarlıq müəssisələri ölkənin sosial-iqtisadi sabitliyini və inkişafını təmin edir. Bu kimi xüsusiyyətlər kiçik və orta sahibkarlığı Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olmasına imkan verir.
Bu səbəbdən də işğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığa daha çox üstünlük verilir. Məşğul əhalinin çoxu da bu müəssisələrdə çalışacaqlar.
Beləliklə, işğaldan azad edilmiş ərazilərdə kiçik və orta biznesin inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının təmin edilməsində əsas hərəkətverici amilə çevrilir.
Pünhan ƏFƏNDİYEV
XQ
Ağdam