“Bir pəncərə”dən keçən Şərq–Qərb yolu

post-img

Rəqəmsallaşma bu marşrutda daşımaları asanlaşdırır

Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi (TRACECA) Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun rəqəmsallaşdırılmasına mühüm önəm verir. Bu yenilik təkcə marşrutun cəlbediciliyinin artırmır, həm də əlavə yüklərin daşınmasına əlverişli şərait yaradır. 

TRACECA-nın ayrı-ayrı marşrutlarda elektron dəmir yolu yük qaiməsinin istifa­dəsi üzrə pilot layihənin həyata keçirilməsi üzrə İşçi qrupunun videokonfrans forma­tında ilk iclasında da bu barədə ətraflı söh­bət açılıb. Sözügedən nəqliyyat dəhlizi saytının yaydığı məlumata əsasən, layihə üzrə işçi qrupunun tərkibinə beş iştirakçı ölkənin – Azərbaycan, Gürcüstan, Qa­zaxıstan, Türkiyə və Ukraynanın nəqliy­yat, dəmir yolu, dəniz nəqliyyatı və liman operatorları, habelə gömrük orqanlarının nümayəndələri daxil edilib. İşçi qrupun ic­lasında pilot layihənin həyata keçirilməsi üzrə ilkin fəaliyyətlər müzakirə olunub.

Xatırladaq ki, adıçəkilən pilot layihə­nin həyata keçirilməsi 22 may 2023-cü il tarixində imzalanan anlaşma memoran­dumu ilə nəzərdə tutulub. İşçi qrupu BMT, Dəmir Yolları arasında Əməkdaşlıq Təş­kilatı, Beynəlxalq Dəmir Yolu Nəqliyyatı Komitəsi, Avropa İqtisadi Komissiyası ilə birgə layihəni həyata keçirən TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin koordinasiyası ilə yaradılıb. Belə ki, 45-dən çox iştirakçının iştirak etdiyi iclasda elektron yük qaiməsinin is­tifadəsinin hüquqi və texniki aspektləri­nin ilkin təhlili müzakirə olunub. Növbəti mərhələlərdə TRACECA dəhlizi boyunca elektron yük qaiməsinin tam tətbiqi üçün zəruri hüquqi mühitin təmin edilməsi üçün təkliflərin hazırlanması nəzərdə tutulub. 

Bundan əlavə, həmin iclasda BMT-nin Avropa İqtisadi Komissiyası ilə əməkdaş­lıq şəraitində ayrı-ayrı TRACECA marşrut­ları üzrə elektron yük qaiməsinin istifadə­si üzrə pilot layihəyə elektron sənədinin prototipinin hazırlanması, eləcə də BMT standartlarının və proseslərin bu bey­nəlxalq təşkilatın müvafiq mərkəzlərinin ekspertləri tərəfindən hazırlanan məlumat modellərinin istifadəsi üzrə potensial tex­niki dəstək təqdim olunub. Bütün fəaliy­yətlərin TRACECA Baş katibliyinin dəstəyi ilə beynəlxalq dəmir yolu təşkilatları ilə əlaqəli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. 

Transsərhəd və milli səviyyədə e-CIM/SMGS yük qaiməsi üzrə məlumatların elektron mübadiləsi üçün mövcud və yeni hazırlanmış texniki həllərin virtual və para­lel sınaqdan keçirilməsi növbəti iki il müd­dətinə planlaşdırılır ki, bu da gələcəkdə kağız sənədlərsiz dəmir yolu nəqliyyatına keçidi asanlaşdıracaq.

Yeri gəlmişkən, TRACECA-nın bey­nəlxalq yük daşımalarının səmərəliliyi­nin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişafında mühüm rol oynayır, daşımaların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prioritet istiqamət kimi yanaşır. Bir sözlə, TRACECA boyun­ca multimodal nəqliyyatın inkişafı, dəhlizin rəqəmsallaşdırılması, sərhəd-keçid pro­sedurlarının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistemləri, habelə infrastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə böyük önəm ve­rir. 

Respublikamızda uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə indiyədək mühüm layihələr icra edilib, dəmir və magistral yollar istifa­dəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Bü­tün bunlarla bərabər, ölkəmiz Bakı-Tbi­lisi-Qars dəmir yolu infrastrukturunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırıb. Respublikamız Yeni Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsini, hava limanları layihələrinin tamamlanma­sını gerçəkləşdirilib. 

Bakı limanının ərazisi də daxil olmaq­la ətraf sahələrdə azad iqtisadi zona da yaradılacaq. Belə bir planın gələcəkdə re­allaşması isə tranzit və daşıma imkanları geniş olan mühüm nəqliyyat qovşağının–adıçəkilən limanın TRACECA-nın inkişa­fında rolunu daha da artıracaq. 

Prezident İlham Əliyev Ələt Azad İq­tisadi Zonasının fəaliyyətinin, inkişafının və idarəsinin hüquqi rejimini müəyyənləş­dirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb. Sənədə əsasən, həmin iqtisadi zonada təsərrüfat subyektləri üçün vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimlərin yaradılması nəzərdə tutu­lub. 

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, TRACECA beynəlxalq nəqliyyat dəhli­zinin Azərbaycan hissəsi ilə yük daşıma­ları 2022-ci ildə 51 milyard 420 milyon tondan artıq olub ki, bu da 2021-ci ildəkin­dən 29,76 faiz və ya 11 milyard 8 milyon ton çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə isə qeyd olunan dövrdə bu nəqliyyat dəhlizinin Azərbaycan hissə­si ilə yük dövriyyəsi 12 trilyon 649 milyard ton-kilometrdən artıq olub ki, bu da 2021-ci ilin göstəricisindən 31,9 faiz yüksəkdir. 

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun
böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Müstəqilliyimizin ilk illərində iqtisa­di, o cümlədən nəqliyyat əlaqələrinin daha geniş coğrafiyada bərpası zə­rurəti yaranmışdı. Buna görə də Böyük İpək Yolunun müasir şəraitdə yeni elmi əsaslarla qurulması mühüm və təxirə­salınmaz vəzifələrdən biri kimi qarşı­ya qoyulmuşdu. Avropa Komissiyası tərəfindən hazırlanan və respublika­mızın iqtisadi inkişaf strategiyasında əsas yer tutan həmin yolun bərpası, “Avropa-Qafqaz-Asiya” (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata ke­çirilməsi isə həmin məqsədin gerçək­ləşməsində həlledici rol oynadı. 

Azərbaycanın beynəlxalq nəqliy­yat dəhlizlərinin üzərində yerləşməsi baxımından mühüm coğrafi üstünlük­lərə malik olması da layihənin sürətlə icrasını reallaşdırdı. Respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi də bu təşəbbüsün həyata vəsiqə qazanması­na müsbət təsir göstərdi. Ölkəmiz beynəlxalq daşımalarda fəaliyyətə başladığı ilk vaxtlardan etibarən yer­li infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoymağa, qonşularla bağlantı körpülə­rinin qurulmasını diqqətdə saxlamağa başladı. “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemini gerçəkləşdirdi. Bununla da nəqliyyat dəhlizləri ilə əlaqədar digər proseslərin sürətlə aparılması asanlaşdı. 

Hazırda beynəlxalq daşımaların səmərəliliyinin artırılması məqsədilə Yeni Bakı Ticarət Limanı genişləndiri­lir. Bu zərurət Şərqdən Qərbə daşınan yüklərin həcminin getdikcə artması ilə əlaqədardır. Əgər limanın yükaşırma probleminin həlli diqqətdən kənar qa­larsa, o zaman qarşıya qoyulan və­zifənin reallaşmasında ciddi çətinlik­lər yaranır. Belə ki, sözügedən ticarət infrastrukturu istifadəyə veriləndə onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. İndi isə Bakı Limanının imkanları 25 milyon tona qədər artırılıb. Digər tərəfdən Xəzər dənizində gəmi tikintisi də diqqətdə saxlanılıb. Gəmiqayırma zavodunda il ərzində 20-dək gəminin inşa ediləcəyinin planlaşdırılması da bu məsələyə dövlətimizin həssaslıqla yanaşmasından xəbər verir. 

Ümumiyyətlə, son illər ərzində Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizində ən böyük ticarət donanmamızın inkişafı dəniz nəqliyyatının rəqabətqabiliyyətini yük­səldib. Nəticədə TRASEKA potensial imkanlarından istifadəni xeyli genişlən­dirib. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ilk yarısında dəniz nəqliyya­tında yükdaşımaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artaraq 4 milyon 514 min 700 ton təş­kil edib. Ölkəmizin dəniz limanları tərə­findən isə 2023-cü ilin birinci yarımilli­yində 6 milyon 328 min ton yükaşırma işləri həyata keçirilib ki, bunun da 82,4 faizi tranzit yüklərin payına düşüb.

TRASEKA-dan danışarkən, bir məqamı da vurğulamaq istərdim. Belə ki, TRASEKA Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında önəmli bir baza, körpü rolunu oynayıb. Başqa sözlə, Azərbaycan bununla Av­ropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə böyük töhfə verib, ölkəmizin dünya dövlətləri ilə inteqrasi­yasının daha da dərinləşməsinü sürət­ləndirib. Təkcə ötən il Azərbaycan üzə­rindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınması məhz bunun bariz ifadəsidir.

V.BAYRAMOV
XQ



İqtisadiyyat