Səmərqənddə Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq konfransda Azərbaycan da iştirak edib

post-img

Qədim Səmərqənd şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi, Özbəkistan hökumətinin təşəbbüsü ilə Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq konfrans keçirilib. 

Ümumdünya Ərzaq Günü ilə əlaqədar baş tutan tədbirdə dünyanın 30-dan şox ölkəsndən gələn nazirlər, diplomatlar, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Konfransa Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəri də qatılıb. 

Tədbirin əvvəlində Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciətini oxuyub. 

Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov ölkənin bu sahədəki uğurlarından və problemlərindən danışıb, qarşıda duran layihələr haqqında məlumat verib, son illərdə su problemi ilə üzləşdiklərini bildirib.

Tədbirdə milli və beynəlxalq qida təhlükəsizliyi, qidalanma, ərzaq məhsullarının emalı və keyfiyyəti ilə bağlı problemlər, o cümlədən ekoloji və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub. 

Konfrans çərçivəsində “Özbəkistanın aqrar-ərzaq potensialı” adlı sərgi və bununla bağlı investisiya forumu da keçirilib. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumata görə, hazırda ərzaq təhlükəsizliyi məsələləri dünyanın aktual problemlərindən biridir. İndi dünyada təxminən 2,3 milyard adam ərzaq çatışmazlığı ilə bağlı problemlərlə üzləşib ki, bunun da 25 faizi Asiyada yaşayır. Bu da 566 milyon insan deməkdir. 

Konfransın sonuncu günü bu məsələləri əks etdirən Səmərqənd Bəyannaməsi qəbul edilib. 

 

Qulu Kəngərli

“Xalq qəzeti”nin xüsusi müxbiri

Daşkənd       

 

 

İqtisadiyyat