Qazaxıstana qeyri-neft ixracı 2 dəfədən çox artıb

post-img

Bu gün Azərbaycan–Qazaxıstan arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm,  təhsil,  ətraf mühitin  mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. 

Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Ölkənin  sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.

İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Ölkələrimizin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.

Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir. Cari ildən Aktau-Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması qeyd edilən fikrin parlaq təsdiqidir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq göstərilməsi də diqqətçəkən məqamdır.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ötən 7 ayında  ölkəmizdən Qazaxıstana 66 milyon 472 min dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 34, 2 milyon dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Qazaxıstana ümumi ixrac 68,6 milyon dollar, dost ölkədən ümumi idxal isə 169,3 milyon dollar təşkil edib.

“Xalq qəzeti”

 

İqtisadiyyat