Azərbaycan ilə Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və tibbi turizm imkanlarının qarşılıqlı təşviqi məqsədilə Trabzon şəhərinə səfər edən Azərbaycan nümayəndə heyəti ilk olaraq Özəl Imperial Xəstəxanasını ziyarət ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti xəstəxananın baş direktoru Cihan Başoğlu və idarə heyəti ilə görüş keçirib. Görüş zamanı xəstəxananın fəaliyyəti, tibbi xidmət imkanları, idarəetmə sistemi və beynəlxalq pasiyentlərə təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra xəstəxananın həkim heyəti və rəhbərliyi ilə geniş tərkibli görüş təşkil olunub. Görüşlər zamanı sağlamlıq turizmi sahəsində potensial əməkdaşlıq istiqamətləri, pasiyent yönləndirmə mexanizmləri, ortaq təşviqat fəaliyyətləri və gələcək tərəfdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, müasir sağlamlıq turizmi modelində yalnız tibbi xidmətin keyfiyyəti deyil, eyni zamanda yerləşdirmə, nəqliyyat, qidalanma, şəhər infrastrukturu və mədəni mühit də mühüm rol oynayır.
Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində praktik əməkdaşlıq platformasının möhkəmləndirilməsi, tibbi xidmət ixracı imkanlarının araşdırılması, pasiyent axınının təşkili üçün institusional tərəfdaşlığın qurulması və gələcək birgə layihələrin icrası üçün zəmin yaradılmasıdır.
Bununla yanaşı, səfərin hər iki ölkənin sağlamlıq turizmi üzrə maraqlı tərəfləri arasında əlaqələrin gücləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyi qaçılmazdır.
Görüşün sonunda Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri Azərbaycan Sahinkarlar Kongederasiyasının Rəyasət heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğlu və idarə heyətinin üzvlərini mükafatlandırıb. Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğlu isə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edib.












