İİTKM-də Qazaxıstanın dövlət qulluqçularına dövlət idarəçiliyində tətbiq olunan innovativ texnologiyalar təqdim olunub

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xəttilə Azərbaycana gələn dövlət qulluqçularına ölkəmizin iqtisadi islahatlar sahəsində təcrübəsi öyrədilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfindən ölkəmizə dəvət olunan qonaqlara “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təqdimatlar edilib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək Azərbaycanda həyata keçirilən iqtisadi islahatların səmərəliliyindən bəhs edib. O qeyd edib ki, son illərdə ölkədə aparılan institusional və struktur islahatlar nəticəsində iqtisadi idarəetmədə şəffaflıq, hesabatlılıq və operativlik əhəmiyyətli dərəcədə artıb. Vüsal Qasımlı innovativ texnologiyaların tətbiqinin dövlət idarəçiliyində qərar qəbuletmə proseslərini daha effektiv və nəticəyönümlü etdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycanda keçirilən iqtisadi islahatlar həm ölkə daxilində investisiya mühitinin yaxşılaşdırılmasına, həm də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib.

XQ xəbər verir ki, tədbirdə Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynovun təqdimatından sonra Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinin portal üzərindən həyata keçirilməsi mexanizmlərinə dair çıxış edib.

Daha sonra şöbənin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə “Layihə İdarəedilməsi” modulu və onun effektivliyi barədə ətraflı məlumat verib. O bildirib ki, bu modul vasitəsilə layihələrin planlaşdırılması, icrası və nəticələrinin izlənməsi vahid platforma üzərindən həyata keçirilir.

İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycanda rəqəmsal ixracın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatlar təqdim edib. 

Tədbirin sonunda iştirakçılar dövlət idarəçiliyində innovativ həllərin tətbiqinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar, qonaqlara Mərkəz tərəfindən nəşr olunan kitablar hədiyyə olunub.







İqtisadiyyat