Bu gün paytaxtımızda kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun I mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Yarış Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin rəsmi hissəsində çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun aparıcı məsləhətçisi və Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov yarışın əhəmiyyətini vurğulayaraq idmançılara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov nitqində federasiya tərəfindən idmançıların həm fiziki, həm də texniki hazırlıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, bu cür yarışların rəqabət mühitinin güclənməsində və yeni istedadların üzə çıxmasında mühüm platforma olduğunu qeyd edərək Bakı şəhər kubokunun I mərhələsini açıq elan edib.
Rəsmi hissə yekunlaşdıqdan sonra yarışın təsnifat mərhələsinə start verilib. Ümumilikdə 51 idmançı birincilik uğrunda mübarizə aparır. Böyüklər kateqoriyası üzrə iştirakçılar 70 metr, U15 kateqoriyası üzrə idmançılar (oğlanlar və qızlar) isə 40 metr məsafədə hədəfləri nişan alırlar. Bu gün keçirilən təsnifat mərhələsində toplanan xallar idmançıların final yolundakı reytinqini və rəqiblərini müəyyən edəcək. Qeyd edək ki, proqrama uyğun olaraq sabah yarışın sıralama atışları keçiriləcək.
Fərid Xəlilov bildirib ki, start verilən Bakı şəhər kubokunun I mərhələsi təkcə daxili yarış deyil, həm də idmançıların cari hazırlıq səviyyəsini yoxlamaq üçün mühüm platformadır. Onun sözlərinə görə, federasiyanın əsas hədəfi oxatanların həm fiziki dözümlülüyünü, həm də psixoloji-texniki hazırlığını beynəlxalq standartlara çatdırmaqdır.
Baş katib xüsusilə qeyd edib ki, 51 nəfərlik iştirakçı heyəti arasında böyüklərlə yanaşı, U15 kateqoriyasında gənc istedadların olması sevindirici haldır. Bu isə ölkədə kamandan oxatmanın kütləviliyinin artmasının və gələcək nəsil idmançıların yetişməsinin bariz göstəricisidir. Onun sözlərinə görə, 70 və 40 metr məsafələrdə keçirilən yarışlar rəqabət mühitini gücləndirməklə yanaşı, yeni adların üzə çıxmasına xidmət edir.
Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov əlavə edib: “Bu kubok seriya xarakteri daşıyır və mərhələli şəkildə davam edəcək. Hər bir mərhələ idmançılarımıza öz üzərlərində işləmək və təcrübə toplamaq imkanı verəcək. İnanıram ki, bu yarışda nümayiş olunan yüksək konsentrasiya və əzmkarlıq bizi beynəlxalq arenalarda, xüsusən də qarşıdakı Avropa çempionatı və digər reytinqli turnirlərdə böyük qələbələrə aparacaq”.
Qabil ƏLİYEV
Rauf İBRAHİMOV, Cavid QAÇAYEV (foto)


.jpeg)