Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə 37, Mərkəzin Qarabağ DOST Evi filialına isə 40 yeni benefisiar qəbul olunub.
Beləliklə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, onun İsmayıllı və Qarabağ DOST Evi filiallarında benefisiarların sayı 317-yə çatıb. Onlardan 172-si Mərkəzdə, qalanları filiallarda xidmətlərdən yararlanır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz və filiallarında həssas qrupların (əlilliyi olan şəxslər, şəhid ailələrinin, aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar və b.) yaradıcı potensialının inkişafına dəstək işləri aparılır.
Benefisarlar 14 fəaliyyət istiqaməti (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və s.) üzrə təlimlərə cəlb edilir və bu təlimlər, ustad dərsləri vasitəsilə onların bacarıqları təkmilləşdirilir.
Habelə onların yaradıcılıq uğurlarının cəmiyyətə təqdim edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Mərkəz və filiallarında benefisarlar sosial psixoloji, pedaqoji dəstək xidmətləri ilə də təmin edilirlər.

