“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, bu ilin fevral ayında Mingəçevirdə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisinə başlanıb.
Müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir. Tikinti işləri Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri tərəfindən həyata keçirilir. Stansiyanın tikintisinə İtalyanın “AFRY” məsləhətçi şirkəti və İspaniyanın “İDOM” layihələndirmə şirkəti nəzarət edir. Bu günə kimi dörd ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir.
Qeyd edək ki, yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək.
F. HÜQUQQIZI,
“Xalq qəzeti”