İlin sonunadək Macarıstana təbii qaz nəqlinə başlanılacaq

post-img

Macarıstanın “MVM CEEnergy Zrt.” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz tədarükü barədə saziş imzalanıb. SOCAR-ın məlumatında həmin sazişə əsasən artıq 2023-cü ilin dördüncü rübündən etibarən respublikamızdan bu ölkəyə təbii qazın nəqlinə başlanılacağı bildirilib. 

“MVM CEEnergy Zrt.”in məlumatın­da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iki ölkənin qaz tədarükü üzrə saziş bağlamasını yük­sək dəyərləndirib. Nazir, eyni zamanda, Rumıniya, Bolqarıstan, Türkiyə, Serbiya, eləcə də Yunanıstan və Slovakiya ilə bir­gə regionun enerji infrastrukturunun mo­dernləşdirilməsinin mümkün olacağına, həmçinin ölkəsinin alternativ enerji mən­bələrinə çıxış əldə edəcəyinə ümidini də vurğulayıb. 

Xatırladaq ki, Azərbaycanın Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya qaz tə­darükü 2020-ci il dekabrın 31-dən re­allaşır. Trans–Adriatik Boru Kəmərinin (TAP) ilkin buraxılış gücünün 20 milyard kubmetrədək genişləndirilmə potensialı ildə 10 milyard kubmetr təşkil edir.

Energetika naziri Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında keçirilən görüş­də də Azərbaycan ilə bu ölkə arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəf­daşlığının inkişafından ətraflı danışılıb, təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. “Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötü­rülməsi sahəsində strateji tərəfdaşlıq sa­zişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem opera­torları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” ara­sında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra və­ziyyəti nəzərdən keçirilib.

Görüşdə yuxarıda vurğulandığı kimi, Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Azərbaycan­dan Avropaya qaz tədarükünün artırılma­sı üçün infrastrukturun inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi də xatırladılıb. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlə­rin, Qara dənizin dibi ilə kabelin çəkilmə­sini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iq­tisadi əsaslandırması və digər zəruri təd­birlərlə bağlı geniş fikir mübadiləsi edilib.

Ekspertlərin fikrincə, Macarıstan res­publikamızla birgə “yaşıl dəhliz” layihəsi­ni də maliyyələşdirməyə maraqlıdır. Ona görə də iki ölkə arasında əlaqələrin təbii qaz sahəsində özünü yüksək səviyyə­də doğruldur, bununla belə Azərbaycan bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Ümumiyyətlə, bu, Cənubi Qafqazdan “yaşıl elektrik” ener­jisinin Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana ötürülməsi burada enerji təchizatının şaxələndirilməsi, eyni za­manda, təmin edilməsi üçün əlverişli bir imkandır.

Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsi ilə bağlı artıq texniki və maliyyə məsələlərinin nəzərdən ke­çirilməsinə başlanılıb. Bununla da, 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəmərinin tikintisi nəzərdə tutulub. olacağı . 

Xatırladaq ki, Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstan hökumət­ləri arasında “yaşıl” enerjinin inkişafı və təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş ötən ilin dekabrında Buxarestdə (Rumıniya) imzalanıb.

Yeri gəlmişkən, Azərbaycanla Maca­rıstan arasında əməkdaşlıq təkcə qaz tə­darükü, eləcə də “yaşıl” enerjinin inkişafı və təchizatı ilə məhdudlaşmır. İki ölkə arasında sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin güclən­dirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu, isə Azərbay­can-Macarıstan əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir. 

Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qaba­rıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaşlığı­nın daha da genişlənməsində imzalan­mış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamı­za 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə 18,1 mil­yon ABŞ dolları həcmində investisiya ya­tırması bunun məntiqi nəticəsidir.

Son illər ərzində iki ölkə arasında ti­carət əlaqələri də dinamik şəkildə geniş­lənib. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici 47,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bunun­la da hesabat ilində əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə 34,81 faiz artıb. 

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imza­lanıb. Eyni zamanda, dəmir yolları vasitə­silə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürül­məsinə başlanılıb. 

Hazırda Macarıstan şirkətləri tərəfin­dən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təqdim edilir. Döst dövlət düşməndən təmiz­lənən torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir. 

Macarıstan Azərbaycan ilə enerji sahəsində də əməkdaşlığa böyük əhə­miyyət verir və Avropanın enerji təhlükə­sizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu ölkə Cə­nub Qaz Dəhlizi (CQD) layihəsini dəstək­ləyir və ona qoşulmasının əhəmiyyətini yüksək dəyərləndirir. 

Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev və Avropa Komissi­yasının prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən 2022-ci ilin iyulun 18-də enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu­na əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırıb. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbay­can, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl enerji” sahə­sində strateji tərəfdaşlığa dair müvafiq saziş imzalanıb. Saziş bu ölkələr arasın­da “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara dəniz sualtı elektrik enerjisi xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tu­tub. 

Bu layihənin implementasiyası regi­on və Avropa bazarları arasında elekt­rik enerjisinin ixracı imkanlarının ge­nişləndirilməsi, eləcə də Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat