Aİ: Qara Dəniz Enerji Layihəsi Azərbaycanda bərpa olunan enerji istehsalı potensialını üzə çıxaracaq

post-img

Aİ rəsmisi Trend-ə bildirib ki, Qara Dəniz Elektrik Layihəsi Azərbaycanda bərpa olunan enerji istehsalı potensialını üzə çıxaracaq.

“Biz bu təşəbbüsü dəstəkləyən üzv dövlətləri və tərəfdaşları Qara dənizin altından Cənubi Qafqaz regionu ilə Avropa İttifaqını birləşdirəcək elektrik kabeli çəkməyə təşviq edirik. Bu layihə hər iki tərəfin enerji təhlükəsizliyini gücləndirəcək və bazarlarımızda bərpa olunan mənbələrdən elektrik enerjisi ticarətini təmin edəcək, həmçinin Azərbaycanın günəş və külək enerjisi istehsalı potensialının açılmasına kömək edəcək”, - Aİ nümayəndəsi bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, bununla bağlı Aİ layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması prosesini və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl” enerji üzrə Buxarest memorandumunun həyata keçirilməsini böyük maraqla izləyir.

“Aİ qlobal təmiz enerji keçidində ön sıralardadır. Bərpa olunan enerjiyə sərmayələrin yatırılması prosesinin sürətləndirilməsi ikili - iqlim və enerji böhranı kontekstində xüsusi əhəmiyyət kəsb etmişdir. REPowerEU planımız vasitəsilə biz Cənubi Qafqazdakı qonşularımıza və tərəfdaşlarımıza bərpa olunan enerji istehsalını artırmaq üçün dəstək veririk. Elektrik enerjisi istehsalının ötürülmədən ayrılması, müstəqil elektrik enerjisi bazarı operatorunun yaradılması və bərpa olunan enerji hərraclarının keçirilməsi də daxil olmaqla, özəl investisiyaları təşviq etmək üçün lazımi hüquqi və tənzimləyici bazanın olması çox vacibdir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır”, - Aİ nümayəndəsi bildirib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan digər məsələlərlə yanaşı, Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq.

"Xalq qəzeti"

İqtisadiyyat