Ölkəmizin “qara qızıl” xəzinəsi

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətə başlamasından 22 il ötür. Ötən dövrdə fondun normativ-hüquqi bazasının, vəsaitinin formalaşma mənbələrinin və istifadə qaydalarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanları ilə Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktlarında edilmiş dəyişikliklərə əsasən fondun formalaşması mənbələrinin təsnifatı genişləndirilib, fondun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi qaydaları, büdcəsinin tərtibi mexanizmi təkmilləşdirilib. 

2023-cü il iyunun 22-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi­nin icrası haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Res­publikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin gəlirləri 16 milyard 866 milyon 540,3 min manat, xərcləri isə 7 milyard 988 milyon 335,2 min manat sə­viyyəsində təsdiq edilib.

Fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşıb. Azərbaycan Res­publikasının payına düşən karbohid­rogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilmə­si, müstəqil nəzarət, marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbay­can Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı oldu­ğu layihələrdə onun sərmayəsinə və ya iş­tirak payına düşən gəlirlər istisna olmaqla 19 milyard 698 milyon 890,7 min manat təşkil edib. Gəlirlərin 5 milyon 578,3 min manatı karbohidrogen ehtiyatlarının işlən­məsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlərinin, 4 milyon 212,8 min manatı neftin və qazın Azərbaycan Respublikası­nın ərazisi ilə ötürülməsinin, 3 milyard 613 milyon 844,6 min manatı Dövlət Neft Fon­dunun valyuta aktivlərinin yerləşdirilməsi və idarə olunmasının (zərər), 768 milyon 703,1 min manatı isə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sər­mayəçilər tərəfindən ödənilən bonusların payına düşüb. Bütövlükdə isə, fondun 2022-ci il büdcəsinin gəlirlər hissəsi 106,8 faiz icra olunub. 

Hesabat ilində Dövlət Neft Fondun­dan Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə 7 milyard 923 milyon manat transfert olunub. Ötən il fonddan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəs­sisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 15 milyon 236,3 min manat, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019– 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin bey­nəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilmə­sinə 22 milyon 203,3 min manat, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 27 milyon 895,6 min manat vəsait ayrılıb. Beləliklə, 2022-ci ildə fondun xərclər his­səsi 68,9 faiz yerinə yetrilib. 

Dövlət başçısı, həmçinin 2023-cü il iyunun 22-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli fərmanında dəyişiklik edil­məsi barədə” fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Döv­lət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947,2 min manatdan 16 milyard 337 milyon 500 min manata, xərcləri isə 11 milyard 392 milyon 336,5 min manatdan 11 milyard 850 mil­yon 36,5 min manata qaldırılıb.

Fərmana uyğun olaraq 2023-cü ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər üzrə gəlir maddəsi 6 milyard 571 milyon 387,3 min manatdan 11 milyard 765 milyon 793,3 min manata, ARDNF-nin valyuta aktivlərinin yerləşdi­rilməsindən və idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 1 milyard 590 milyon 905,4 min manatdan 3 milyard 752 milyon 26,1 manata qədər artırılıb. Hesabat ili üçün neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 23 milyon 590 min manatdan 15 milyon 323,3 min manata, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqa­vilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər ilə bağlı gəlir maddə­si 4 milyon 307,8 min manatdan 3 milyon 600,6 min manata qədər azaldılıb.

Fərmana əsasən ARDNF-nin 2023-cü il üzrə büdcəsinin xərc istiqamətlərində Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi üzrə xərc maddəsi 11 milyard 280 milyon manatdan 11 milyard 737 milyon 700 min manata qədər artırılıb.

Yeri gəlmişkən, Dövlət Neft Fondunun Azərbaycan iqtisadiyyatında ən böyük rolu onun dövlət büdcəsinə transfertin­dən başlayır. Bu isə 2003-cü ilə təsadüf edir. Bu il həmin əlamətdar hadisənin 20 il tamam olur. Ötən müddətdə Azərbaycan xarici şirkətlərlə əməkdaşlıq çərçivəsin­də əldə etdiyi neft gəlirlərini dövlət büd­cəsi xətti ilə ölkə iqtisadiyyatına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldib. Təkcə onu qeyd etmək kifayət­dir ki, 2003-cü ildən etibarən Dövlət Neft Fondunda olan kapitalın təqribən 138 mil­yard manatdan artıq hissəsi məhz dövlət büdcəsinə transfert edilib. Bu da ümumi xərcləmənin faktiki olaraq 95 faizi demək­dir. Büdcəyə transfert olunan vəsaitlər isə öz növbəsində Azərbaycanın istər infrast­ruktur, istər elm və təhsil, istərsə də sosi­al və iqtisadi cəhətdən inkişaf etməsində mühüm rol oynayıb. 

Bununla yanaşı, Azərbaycan Res­publikası Dövlət Neft Fondu dövlət proq­ramlarının və layihələrin icrasına mühüm töhfələr verir. Fond tərəfindən qaçqınla­rin və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli ilə bağlı tədbirlərin, Heydər Əliyev adı­na Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu­nun, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin ye­nidən qurulmasının, “Cənub qaz dəhlizi”­nin, Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak pa­yının, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının forma­laşdırılması kimi tədbir və layihələrin ma­liyyələşdirilməsi bu baxımdan diqqəti cəlb edir. 

Göründüyü kimi, Dovlət Neft Fondu Azərbaycanın maliyyə potensialının və bütövlükdə, ölkənin iqtisadi qüdrətinin artmasına mühüm töhfələr verib. Fondun vəsaitlərindən məqsədyönlü və səmərəli istifadə isə onu deməyə əsas verir ki, qar­şıdakı illərdə Azərbaycan dövlətinin iqtisa­di qüdrəti bir qədər də artacaq, xalqımızın maddi-rifah halı daha da yaxşılaşacaqdır.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

İqtisadiyyat