Azərbaycan–Qazaxıstan əməkdaşlığı strateji tərəfdaşlıq münasibətləri əsasında davam edir. Belə bir vəziyyət Xəzər hövzəsi regionu, Orta Asiya–Cənubi Qafqaz və Türk Dövlətləri Təşkilatı coğrafiyasında əhəmiyyətli dəyişikliklərə müsbət təsir göstərir. Bakı–Astana arasında mövcud səmimi əlaqələr, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını da sürətləndirir. Bununla yanaşı, hər iki ölkənin zəngin enerji daşıyıcıları potensialına malik olması da strateji tərəfdaşlıq münasibətlərini getdikcə möhkəmləndirir.
Prezident İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bu barədə ətraflı söhbət açıb. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu diqqətə çatdırıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilən razılıqların uğurla həyata keçirildiyini, eyni zamanda, həmin razılıqların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev çıxışında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb. Ölkəmizin rəhbəri qardaş dövlətin baş nazirinin səfərinin dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Qazaxıstanın Baş naziri isə nitqində ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu bildirib və ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, cari ildə isə bu dinamikanın davam etdirildiyini məmnunluqla xatırladıb və potensialın daha da artırılması üçün böyük imkanların olduğunu bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərən bir sıra məsələlərə də toxunulub. Məsələn, dost Qazaxıstan tərəfindən işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyətinə xüsusi önəm verilib, həmçinin ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlığın müsbət nəticələrlə müşahidə olunduğu diqqətə çatdırılıb.
Yuxarıda qeyd edilənlərlə bərabər, son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla vurğulanıb, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının zəruriliyi qeyd edilib.
Bütün bunlar iki ölkə arasında münasibətlərin zamanın sınağından uğurla çıxdığından, yuxarıda adları çəkilən sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğundan xəbər verir. Dövlətimizin başçısı məhz buna görə də gələcəkdə əməkdaşlığın inkişaf perspektivlərinin çox müsbət olacağına, bundan sonra da ikitərəfli formatda müştərək layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.
Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir. Cari ildən Aktau–Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması isə qeyd edilən fikrin parlaq təsdiqidir. Eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq göstərilməsi də diqqətçəkən məqamdır.
İki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək bir məsələni də diqqətə çatdırmaq istərdik. Belə ki, Qazaxıstanın Baş naziri Alixan Smailovun respublikamıza səfəri çərçivəsində Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum imzalanıb. İmzalanma mərasimində dost ölkələr arasında neft–qaz sahəsində əməkdaşlığın müsbət inkişafı vurğulanaraq, cari ilin əvvəlində Qazaxıstan neftinin Azərbaycan ərazisindən üçüncü ölkələrin bazarlarına tranzitinin başladığı məmnuniyyətlə diqqətə çatdırılıb.
Xatırladaq ki, bundan əvvəl “KazMunayQaz” Səhmdar Cəmiyyəti və SOCAR şirkəti tərəfindən Tengiz yatağından Bakı–Tbilisi–Ceyhan ilə ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanmışdı.
Yeri gəlmişkən, iki ölkə arasında iqtisadi-ticari əlaqələrdə də müsbət dinamika nəzərə çarpır. Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 468 min dollara çatıb. Ötən il Azərbaycandan dost ölkəyə 104 milyon dollar həcmində məhsul ixrac olunub. Qazaxıstandan ölkəmizə isə 494,4 milyon dollar həcmində məhsul idxal edilib.
Onu da qeyd edək ki, respublikamızda Qazaxıstan investisiyalı 182 kommersiya qurumu qeydiyyatdadır. Bu ölkədən Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Azərbaycan–Qazaxıstan əməkdaşlığının strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının formalaşması əsas rol oynayıb. İndiyədək iki dost ölkə arasında 140-a yaxın sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır.
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi də Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni imkanlar yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
İki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilməsinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər də xüsusi önəm daşıyır. Bununla bağlı vurğulamaq yerinə düşər ki, ötən il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”