“Şahdəniz” qazının nəqli 8 faizdən çox artıb

post-img

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 14 milyard 711,7 milyon kubmetr qaz nəql edilib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. 

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, qaz nəqlinin 49,9 faizi Cənubi Qafqaz boru kəməri (Bakı-Tbi­lisi-Ərzurum) vasitəsilə həyata keçirilib. “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qazın ixracını həyata ke­çiriən bu kəmərlə hesabat dövründə 7 milyard 346,4 milyon kubmetr qaz nəql edilib. Bu da 2022-ci ilin eyni dövründə­kindən 8,3 faiz artıqdır.

Yeri gəlmişkən, ötən il magistral qaz kəmərləri ilə 39 milyard 216,9 milyon kubmetr Azərbaycan qazı nəql edilib ki, bu da illik müqayisədə 11,7 faiz çoxdur. İl ərzində nəql olunmuş qazın 20 milyard 803,7 milyon kubmetri və ya 53 faizi Ba­kı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb. Bu isə 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,08 faiz artım deməkdir. 

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi­nin 878 kilometrlik hissəsini təşkil edən Trans-Adriatik boru kəməri (TAP) va­sitəsilə Avropaya qazın kommersiya məqsədli nəqlinə başlayıb. TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mil­yard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Al­baniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Gələ­cəkdə kəmərin illik ötürücülük gücünün iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. 

 

“Xalq qəzeti”

İqtisadiyyat