Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə Azərbaycan dünyanın 89 ölkəsinə məhsul ixrac edib. Bununla yanaşı, cari ilin ilk rübündə respublikamız 165 ölkədən müxtəlif növ mallar idxal edib.
Dövlət Statistika Komitəsi ölkəmizin əsas xarici ticarət tərəfdaşlarının adlarını açıqlayıb. Komitənin məlumatına görə, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,8 faizi Türkiyə, 9 faizi Rusiya, 5,3 faizi Çin, 3,9 faizi Almaniya, 3,8 faizi İsrail, 3,5 faizi İspaniya, 3,2 faizi Yunanıstan, 3,1 faizi Hindistan, 2,7 faizi Rumıniya, hər biri 2,5 faiz olmaqla Çexiya və Fransa, 2,3 faizi Gürcüstan, 1,8 faizi Türkmənistan, 1,4 faizi Avstriya, hər biri 1,1 faiz olmaqla İran və Qazaxıstan, 1 faizi Vyetnam, 12,7 faizi isə digər ölkələrlə aparılmış idxal-ixrac əməliyyatlarının payına düşüb.
Bütövlükdə isə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin birinci rübündə ölkəmizin xarici ticarət dövriyyəsi 12 milyard 269,3 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 7 milyard 700 milyon dolları ixracın, 4 milyard 569,3 milyon dolları isə idxalın payına düşüb. Hesabat dövründə Azərbaycandan 912,2 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub.
Cari ilin ilk rübündə Azərbaycanın ixrac marşrutları vasitəsilə xam neft, neft məhsulları və təbii qazın ixracı da ahəngdar şəkildə davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-mart aylarında ölkəmizdən 4,2 milyard dollarlıq xam neft və neft məhsulları ixrac olunub. Həmin məhsulların alıcıları isə İtaliya, İsrail, İspaniya, Hindistan, Çexiya, Almaniya, Türkiyə, Yunanıstan, Avstriya, Rumıniya, İrlandiya, Sinqapur, Vyetnam, İndoneziya, Fransa və Portuqaliya olub. Bundan əlavə, hesabat dövründə Azərbaycan 6,5 milyard kubmetr təbii qaz ixrac edib. Qazın 2,9 milyard kubmetri Avropaya, 2,7 milyard kubmetri Türkiyəyə, 0,9 milyard kubmetri isə Gürcüstana göndərilib.
Azərbaycanda davam etdirilən çevik iqtisadi islahatlar, iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsi qeyri-neft sektoruna bir dinamizm, inkişaf gətirib. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə qeyri-neft məhsullarının istehsalında artım müşahidə edilir. Bu da ixracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasına səbəb olur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı ilkin məlumata əsasən, cari ilin aprel ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 275 milyon dollar təşkil edib. Xatırladaq ki, bu göstərici 2022-ci ilin aprel ayı ilə müqayisədə 15 faiz və ya 35,8 milyon dollar çoxdur. Ötən ay ixrac olunan qeyri-neft məhsulllarının 66,3 milyon dollarını və ya 24,1 faizini yeyinti məhsulları, 208,7 milyon dollarını, yaxud 75,9 faizini isə qeyri-yeyinti məhsulları təşkil edib. Bütövlükdə isə, bu ilin ilk dörd ayında yeyinti məhsulları üzrə ixrac 236,2 milyon dollar təşkil edib. İxracın strukturunda spirtli və spirtsiz içkilərin payı 6 dəfə, şəkər ixracı isə 27,6 faiz artıb.
Mərkəzin məlumatında qeyd olunur ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1 faiz artaraq 248,2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq 74,7 milyon dollar olub. Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcmi 5 milyard dollaradək artacaq.
2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft məhsulları ixrac edən ölkələrin siyahısında ilk yerdə qardaş Türkiyə qərarlaşıb (339,9 milyon dollar). Sonrakı yerlər Rusiya (200,7 milyon dollar), Gürcüstan (109,2 milyon dollar), İsveçrə (29,7 milyon dollar) və Qazaxıstana (27,6 milyon dollar) aid olub.
Bununla belə, mövcud ixrac əməliyyatları ölkəmizin iqtisadi potensialını tam əks etdirmir. Məhz buna görə də son illər Azərbaycan özünün ticarət tərəfdaşları ilə bu sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini artırır. Bu baxımdan dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də hökumətlərarası iqtisadi komissiyaların birgə iclasları xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda 0,4 faizlik iqtisadi artım qeydə alınsa da, Dünya Bankının ölkəmizlə bağlı son proqnozu nikbinliyə əsas verir. Belə ki, bank hesab edir ki, cari ilin yekununda Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Eyni zamanda, bank növbəti iki ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının müvafiq olaraq 2,1 faiz və 2,6 faiz yüksələcəyini proqnozlaşdırır. Ekspertlərin fikrincə, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım, əsasən, böyük həcmli investisiyalar, eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması hesabına baş verəcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”