Mayın 16-da 6-cı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 10-cu sessiyası keçirilib. Bu barədə qəzetimizə Muxtar Respublika Ali Məclisinin mətbuat xidmətindən bildirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sessiyanın gündəliyi barədə məlumat verib:
1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi;
2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi;
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi№
5. Cari məsələ.
Gündəlikdə duran 1-ci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrası haqqında” Qanun səsə qoyularaq qəbul olunub. Muxtar respublikanın 2022-ci il büdcəsinin icrası gəlirlər üzrə 197 milyon 968 min 88 manat, xərclər üzrə isə 605 milyon 869 min 766 manat məbləğində olmaqla, təsdiq edilib.
Gündəlikdə duran 2-ci məsələ – “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi ilə bağlı bildirilib ki, nəzərdə tutulan münasibətlər Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihələri oxunub, “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunlar ləğv edilib.
Sessiyanın gündəliyində duran 3-cü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, dəyişikliyin əsas məqsədi deputatlara verilən vergilərdən azad olunmuş pul təminatının ləğv edilməsidir. Azərbaycan Respublikasının müvafiq qanununda da dəyişikliklər edilərək bu pul təminatı ləğv olunub. Müzakirə olunan məsələ ilə bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib.
Sessiyada gündəlikdə duran 4-cü məsələnin müzakirəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə 16 saylı Qıvraq Seçki Dairəsindən seçilmiş deputat İbrahimov Anar Adil oğlunun namizədliyi irəli sürülüb. Müzakirədən sonra səsvermə keçirilib və Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.
Gündəlikdə duran 5-ci məsələ ilə bağlı sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul olunub.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası öz işini başa çatdırıb.
“Xalq qəzeti”