Qarabağ və Şərqi Zəngəzur turizm məkanına çevriləcək

post-img

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası strategiyasında turizmin inkişafı prioritet istiqamət təşkil edir. Çünki həmin ərazilərdə turizm potensialı olduqca zəngindir, burada mövcud sektorun inkişafı üçün bütün imkanlar var. Başqa sözlə, Azərbaycanın bu qədim tarixə malik bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə maraq doğurur. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilən ərazilərin turizmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması da bunun bariz ifadəsidir. 

Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın mayın 5-də Xo­cavənd rayonuna səfərləri zamanı da 30 il ərzində düşmən əsarətində qalan Qara­bağ və Şərqi Zəngəzurun yaxın gələcək­də turizm regionu kimi tanınacağı barədə ətraflı danışılıb. Prezident İlham Əliyev və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə mə­lumat verilərək, bu ərazidə konseptual yanaşma çərçivəsində tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin dirçəldilməsi, ekoturizm və “yaşıl desti­nasiya” konseptində turizm sənayesinin inkişafına nail olunması qarşıya mühüm vəzifə kimi qoyulduğu bildirilib. 

Yeri gəlmişkən, düşmən işğal döv­ründə Tuğ kəndində ənənəvi Azərbaycan memarlığına müdaxilələr edib və bəzi tikililəri vandalizmə məruz qoyub. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdı­rılması nəzərdə tutulub. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi planlaşdırılıb. Tuğ kəndinə gələcəkdə tu­rizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması da qərara alınıb. 

Mayın 5-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd ra­yonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində də iş­tirak ediblər. Səfər zamanı Qarabağ iqti­sadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Pre­zidentinin xüsusi nümayəndəsi Emin Hü­seynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğun ictimai-in­zibati mərkəzində inşası planlaşdırılan bi­nalar barədə məlumat verərək bildirib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, res­toran tikiləcək. Burada inşa olunacaq və bərpa ediləcək binaların ümumi sahəsi isə 3200 kvadratmetr təşkil edəcək. 

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyevanın Tuğ kəndində ilk məhəllənin təməlinin qoyulması mə­rasimində iştirak etmələri isə bu yaşayış sahəsinin tezliklə məskunlaşdırılmasın­dan xəbər verir. Xatırladaq ki, ümumi sahəsi 99 hektara yaxın olan bu yaşayış sahəsinin Tuğun təsdiq edilmiş Baş pla­nına uyğun qaydada salınacağı nəzərdə tutulur. Eyni zamanda, 1089 nəfərin ya­şayacağı məhəllədə birinci mərhələdə 24 tarixi fərdi evin bərpa ediləcəyi, 95 evin isə yenidən tikiləcəyi, növbəti mər­hələlərdə isə 244 yeni fərdi evin inşası planlaşdırılır. Məhəllədə 360 yerlik mək­təb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyət­lə, yaşayış məhəlləsində əhalinin məş­ğulluğu üçün hər cür şərait təmin edilə­cək.

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva həmin gün Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilərək, bərpa olunacaq tədris müəssisəsinin 1,9 hektar ərazidə yerləşəcəyi, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaq­larının müasir avadanlıq və ləvazimatlar­la təchiz ediləcəyi bildirilib. 

Yeri gəlmişkən, Ermənistanın Azər­baycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində respublika­mızın işğal olunmuş rayonlarının təhsil infrastrukturu tamamilə dağıdılıb. Düş­məndən təmizlənən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamə­tində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə mühüm işlərin görülməsinə başlanılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər çər­çivəsində burada salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində də iştirak ediblər.

Vətən müharibəsində şanlı qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz də­də-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda 28 fərdi evdən ibarət olacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqi­ni tapır. Otuz ilə yaxın müddətdə doğ­ma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyevaya Hadrut qəsə­bəsində olarkən bu yaşayış sahəsində turizm inkişafı ilə bağlı həyata keçiriləcək layihələr barədə də ətraflı məlumat veri­lib. Həmçinin qəsəbənin tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsin­də ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpasının, həmin ərazinin abadlaşdırılmasının planlaşdırıl­dığı vurğulanıb. 

Dövlətimizin başçısı səfər çərçivə­sində “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin isti­fadəyə verilməsi, həmçinin Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında da iştirak edib. 

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva mayın 5-də Füzu­liyə də səfər ediblər. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Öz­bəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında, habelə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ra­yon mərkəzində yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olub, Pirəhmədli və Dədəli kəndlərinin təməlqoyulma, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyul­ması, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Füzuli–Hadrut avtomobil yolunun açılışı mərasimlərində iştirak ediblər.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert 

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq layihələrini yüksək səviyyədə gerçək­ləşdirmək, bərpa işlərini nəzərdə tutu­lan vaxtda həyata keçirmək məqsədi daşıyan “İşğaldan azad edilmiş əra­zilərdə iqtisadi inkişafın sürətləndirilmə­si ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli sərəncamında bildirilir ki, hazırda işğaldan azad edilən ərazilərin yenidən qurulması, milli iq­tisadiyyata sürətli inteqrasiyası, daya­nıqlı inkişafın gerçəkləşdirilməsi, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin re­allaşdırılması istiqamətində genişmiq­yaslı tədbirlər həyata keçirilir. Bu çər­çivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinə və iqtisadi inkişafına əsas verir.

Qeyd edim ki, işğalçı tərəfindən tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud zəngin resurs və infrastruktur potensi­alından səmərəli istifadə, bu ərazilərdə dövlət-özəl sektor tərəfdaşlığı, ən əl­verişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və nəhayət, dayanıqlı məskunlaşmanın təmin olun­ması tədbirləri uğurla icra olunur.

Xatırladım ki, Vətən müharibəsi par­laq qələbəmizlə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə başlanan bərpa-quruculuq prosesi ha­zırda müasir və səmərəli istehsal, ti­carət və xidmət infrastrukturunun qurul­ması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması fonunda aydın nəzərə çarpır. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın savaşdan ötən müddətdə mütəmadi olaraq düş­məndən təmizlənən ərazilərə səfər edərək, yaşayış sahələrinin bərpası is­tiqamətində görülən işlərlə tanış olma­ları, dövlətimizin başçısının quruculuq prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq qu­rumların rəhbərlərinə zəruri göstərişlər verməsi 30 il ərzində erməni faşizminin qurbanı olan Qarabağ və Şərqi Zəngə­zurun yaralarının tezliklə sağalacağı, dünyanın cənnət məkanlarından birinə çevriləcəyi əminliyi yaradır. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat