Türkiyə daha bir meqalayihəni uğurla gerçəkləşdirdi

post-img

Türkiyədə Ankara–Sivas yüksək sürətli qatar xəttinin tikintisi yekunlaşıb. “TurkicWorld”un məlumatına görə, aprelin 26-da bu münasibətlə açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, inşasına 2007-ci ildə başlanılan və uzunluğu 393 kilometr olan və 66 kilometr uzunluğunda 49 tunelə, 611 körpü və suötürücüyə, 217 ədəd alt keçidə malik xətdə qatar sa­atda 250 kilometr sürətlə hərəkət edə­cək və marşrut 8 dayanacaqdan ibarət olacaq. Məlumat üçün qeyd edək ki, bu layihə əsasında təxminən 110 milyon kubmetr qazıntı işi görülüb, 30 milyon kubmetr doldurma istehsalı reallaşdı­rılıb. Prezident Rəcəb Tayyib Ərdoğa­nın iştirakı ilə aprelin 26-da istifadəyə veriləcək ümumi dəyəri 10 milyard lirə olan qatar xətti Ankara ilə Sivas ara­sındakı məsafəni 603 kilometrdən 405 kilometrə endirməklə səyahət vaxtını azaldacaq. 

Qeyd edək ki, 2009-cu ildə Ankara–Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texno­logiyasının tətbiqinə başlayıb. Daha sonra bu xəttin ardınca 2011-ci ildə An­kara–Konya, 2013-cü ildə Əskişəhər–Konya, 2014-cü ildə Ankara–İstanbul və Konya–İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya–Karaman xətti işə salı­nıb. Türkiyəli mütəxəssislərin bildirdi­yinə görə, Ankara–Sivas yüksək sürətli qatar xəttinin tikinti layihəsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə gerçəkləşdirilib və türk əsrinin lokomo­tiv təşəbbüslərindən biri kimi dəyərlən­dirilib. 

Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu meqalayihə haqqında deyib: “Anka­ra–Sivas yüksək sürətli qatar xəttinin istismara verilməsi bu bölgəyə böyük töhfə verəcək, eyni zamanda, beşil­lik strateji planda nəzərdə tutulan bu nəqliyyat layihəsinin vaxtında reallaş­dırılması Türkiyənin nüfuzunu daha da gücləndirəcək”. 

Yeri gəlmişkən, son 20 ildə Türkiyə­də nəqliyyat layihələrinin reallaşdırıl­ması nəticəsində mühüm uğurlar əldə edilib. Bu potensiala əsaslanılaraq, dəmir yolu sektorunda 2035-ci ildə 220 milyon, 2053-cü ildə isə 448 milyon ton yükdaşımaya nail olmaq qarşıya önəmli vəzifə kimi qoyulub. 

Sonda Türkiyənin dəmiryolu, ümumiyyətlə, nəqliyyat sektorun­da son 20 ildə əldə edilən uğurları diqqətə çatdırmaq istərdik:

– beynəlxalq reytinq agentlikləri tərəfindən Ankara–İstanbul və Ankara–Konya yüksək sürətli qatar xəttinin çə­kilişinə əsasən, qardaş ölkə Avropada 6, dünyada 8 ölkədən biri kimi qeydə alınıb;

– Türkiyə nəqliyyat və kommuni­kasiya sahələrində 1 trilyon lirə dövlət sərmayəsi həyata keçirib; 

– Karayolunda bölünmüş yolun uzunluğu 6 kilometrdən 101 kilometrə, avtomobil yolunun uzunluğu 28 kilo­metrdən 340 kilometrə çatdırılıb. 

– Türkiyədə tunellərin ümumi uzun­luğu 50 kilometrdən 631 kilometrə, körpülərin və viyadüklərin uzunluğu 311 kilometrdən 710 kilometrə qədər artırılıb; 

– 12 min 803 kilometrlik dəmir yolu şəbəkəsi tamamilə yenilənib, mövcud xətlərdə siqnalizasiya və elektrikləşdir­mə işlərində əhəmiyyətli irəliləyiş əldə olunub;

– Bakı–Tbilisi–Qars dəmiryolu xət­ti sayəsində Qərbi Avropadan Uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fa­siləsiz qatar xidmətinin göstərilməsinə başlanıb;

– qardaş ölkədə hava limanlarının sayı 26-dan 56-ya çatdırılıb;

– 50 ölkədən və 60 istiqamətdən beynəlxalq uçuşların sayı 127 ölkəyə və 329 istiqamətə artırılıb; 

– İstanbul Hava Limanı dünyanın ən yaxşıları arasında ikinci, Avropanın ən işlək aeroportları siyahısında birinci yerdə qərarlaşıb;

– Türkiyənin xarici ticarətində dəniz nəqliyyatının payı 4 dəfə yüksəlib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat