30 yaşlı “Sabah”ın üfüqləri

post-img

Azərbaycan kinosunun 125, milli kinostudiyamızın 100 illikləri ilə əlamətdar olan 2023-cü ildə həm də “Sabah” Yaradıcılıq Birliyinin 30 yaşı tamam olur. AzTV-nin nəzdindəki bu studiya, əsasən, televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri hazırlayır.

“Sabah”ın direktoru görkəmli teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur. Ünlü sənətkarlar – Həsənağa Mirzəyevlə Ətayə Əliyevanın ailəsində dünyaya gəlmiş Ramiz Həsənoğlu yarım əsrdən artıqdır ki, Azərbaycan mədəniyyətinə xidmət göstərir. İlk işlə­ri “Mən, sən, o və telefon”, “Dindirir əsr bizi”, “Ötən ilin son gecəsi” teletamaşa­ları olub. “Qatarda” tamaşasından sonra daha artıq populyarlıq qazanıb. Onun te­letamaşaları sırasında ən uğurlu alınan­lardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “Topal Teymur”dur. “Günahsız Abdulla”, “Evləri köndələn yar” və ilk Azərbaycan telemü­zikli “Ordan-burdan” rejissora daha geniş şöhrət gətirib. Ramiz müəllimin zəngin filmoqrafiyası var, 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramla­ra da quruluş verib.

“Sabah”ın ilk günündən R.Həsənoğlu onun sükanı arxasındadır. Obrazlı şə­kildə “Azərbaycan teleməkanında üzən ada” adlandırılan “Sabah” çoxlarının üzünə işıqlı sabahlar açıb. Onun pən­cərəsindən sabaha boylanan insanlar – dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar artistlər Elxan Qa­sımov, Sənubər İsgəndərli, rejissor Şə­rif Qurbanəliyev, studiyanın veteranları operator, Əməkdar mədəniyyət işçisi El­dar Məmmədov və kino xadimi, Əməkdar mədəniyyət işçisi Arif Kərimov və başqa­ları “Sabah”a bağlılıqları ilə fəxr edirlər. 

“Sabah”ın bu illər ərzində çəkdiyi “Kamança”, “Ac həriflər”, “Nigarançılıq”, “Fatehlərin divanı”, “Bala – başa bəla”, “Yarımştat”, “Nekroloq”, “Yaşıl eynəkli adam - 2” kimi televiziya tamaşaları gün­bəgün daha artıq sevilir, daha böyük ma­raqla baxılır və Azərbaycan mədəniyyəti yaşadıqca baxılacaq və seviləcək. 

Studiyada 44 günlük Vətən mühari­bəsi ərəfəsində quruluş verilmiş və şə­hid atasının fədakarlığından bəhs edən “Yağlı boya ilə ailə portreti”, müharibədən dərhal sonra Böyük Qayıdış mövzusun­da çəkilmiş “Ocaq yeri” tammetrajlı bədii televiziya filmlərini də tamaşaçılar böyük rəğbətlə qarşıladılar. 

“Sabah” bu il “Televizor” lirik komedi­yası ilə özünün “Yeni il bayramına – yeni əsər” ənənəsini bərpa etdi.

“Sabah”ın son layihələrindən olan Yaradıcılıq Studiyasının “Yad et məni” silsiləsinin də ideya müəllifi Ramiz Həsənoğludur. İlk dəfə məhz o təklif edib ki, görkəmli şəxsiyyətlərimizin ev və xatirə muzeylərində onların həyatın­dan müəyyən hadisələri canlandırmaqla qısa bədii televiziya filmləri çəkilsin. Qə­rara alınıb ki, layihənin maarifçi yükünü artırmaq məqsədilə çəkiləcək filmlərdə müəyyən sənədliliyə yer verilsin. Belə­liklə də sənədli hissələri əsas, faktların bədii bərpa hissələri isə köməkçi olan ənənəvi bədii-sənədli filmlərdən fərqli bir janr alınıb – bədii quruluş əsas olub, sənədli hissələrsə köməkçi, izahedici və maarifçi haşiyə rolunu oynayıb. Bu çərçi­vədə görkəmli şəxsiyyətlər haqqında bə­dii-sənədli filmlər davamlı olaraq çəkilir.

Bu layihənin qayəsi görkəmli azər­baycanlıların tərcümeyi-halını tam şəkil­də əhatə etmək deyil, onların əksəriyyə­tinin bioqrafiyası çox geniş öyrənilib və çoxdan, özü də dəfələrlə işıqlandırılıb; yaradıcı heyət istəyir ki, qəhrəmanların həyatındakı ilk baxışda parlaq olmayan və adətən də üzərində çox dayanılma­yan epizodlardan itələnsin, müəyyən xır­dalıqlardan çıxış etsin – bəzən bu xırda təfərrüatlar onların bütün həyat kredosu­nu olsun ki yığcam, amma daha dolğun şəkildə əks etdirir. Üstəlik, bütün bunlar 35-40 dəqiqəlik bir filmdə cərəyan edir. Beləliklə, gənc nəslə – başgicəlləndirici sürət nəslinə, KİV və sosial şəbəkələr­də informasiya və əyləncənin maarifçilyi üstələdiyi dövrün nəslinə böyük azərbay­canlıları tanıtmaq və sevdirmək mümkün olur. 

İkincisi, bu filmlər həmçinin ev və xa­tirə muzeyləri kimi mədəniyyət ocaqları­nın təbliğinə xidmət edir. 

“Yad et məni” silsiləsinin ilk 5 bədii-sənədli filmi ömrünü bu xalqın yo­lunda çıraq etmiş Nəriman Nərimanovun (“Son səfər”), Abdulla Şaiqin (“Danışan xatirələr”), Mirzə Cəlilin (“Keçmişdən re­portaj”), Üzeyir Hacıbəylinin (“Bir portre­tin ştrixləri”), Cəfər Cabbarlının (“Azad bir ruh”) haqqındadır. Bu silsilədən olan film­lərdə “sabah”çıların artıq müəyyən bir üs­lubu formalaşıb və bu üslub filmdən-filmə cilalanır. Əlbəttə, bu üslubun çərçivələri kifayət qədər elastikdir və onda yaradıcı yeniliklərə və fərqliliklərə geniş meydan var…

“Sabah”ın bədii tərəfi sənədli tərəfin­dən ağır gələn filmlərində qəhrəmanları oynayan aktyorların onlara bənzər zahiri cəhətlərinin olması da əsas götürülür. Axı canlandırılan obrazlar gerçək və məşhur şəxsiyyətlərdir, onların fotoları, kino-xro­nikaları qalıb, rəsmlərini çəkiblər, heykəl­lərini ucaldıblar, haqlarında əvvəllər də tamaşalar, kinolar yaradılıb və s. 

“Sabah”da Məmməd Səid Orduba­di (“Gələcəyə müsahibə”), Turan Cavid (“Sədaqət”), Abbas Mirzə Şərifzadə (“So­nuncu monoloq”) haqqında filmlər də uğurlu alınıb. 

“Sabah” dəst-xətli “Ustad sözü” veri­lişi də maraqlıdır. Orada görkəmli sənət­karlar – rəssamlar, bəstəkarlar, yazıçılar, müğənnilər, heykəltaraşlar, rejissorlar, operatorlar, aktyorlar öz sənət təcrübələ­rini tamaşaçılarla bölüşürlər. 

Bundan başqa, çəkilməsi nəzərdə tutulan “Fatehlərin divanı. Qarabağ”, “Fa­tehlərin divanı. Qərbi Azərbaycan” tele­viziya tamaşalarının, Kamal Abdullanın “Əsgər ağa və Gülçöhrə” telepovesti əsa­sında bədii filmin də “Sabah”ın şöhrətinə əlavə şan gətirəcəyi şəksizdir. 

2023-ci il üçün quruluşlarla bağlı təkliflər üzrə yaxın planda M.Ə.Sabir və Niyazi haqqında bədii-sənədli filmlər də var. 

“Sabah”ın yaradıcı heyət üzvləri – rejissorlar Anaxanım Abdullayeva, Si­rac Mustafayev, Ramina Qarayeva, Adil Azay, Namiq Ağayev, ssenaristlər Sey­mur Şahbazzadə, Səxavət Sahil, Afaq Vasifqızı, Pərvin və digərləri burada öz potensiallarını hərtərəfli şəkildə göstərə bilirlər.

“Sabah” studiyası öz-özlüyündə bir məktəbdir. Studiyanın gəncləri – rejissor Fərəc Şirəlibəyov və montaj rejissoru Orxan İman yaradıcılıq yollarının başlan­ğıcında belə bir məktəbə tuş gəlmələrinin qürurunu yaşayırlar. 

Ölkədə milli kinonun 125 illiyinin qeyd edildiyi bir vaxtda 30 yaşlı “Sabah”dan söz açmağımız həmçinin kinomuzun sa­bahına ümidlərimizin daha böyük olduğu­nu göstərən bir tutalqadır.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət