Sudanda 3 sutkalıq atəşkəs davam edir

post-img

Sudanda hərbi münaqişə tərəfləri arasında atəşkəslə bağlı razılaşma əldə olunub. Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib. Məlumatı “Anadolu” verib. 

Blinkenin sözlərinə görə, qarşıdu­ran tərəflər intensiv danışıqlar nəticə­sində razılığa gəliblər. Atəşkəs rejimi isə aprelin 25-i gecə saatlarından baş­lanır və 72 saat müddətində davam edəcək. “Birləşmiş Ştatlar Sudanın Silahlı Qüvvələrini və Çevik Reaksiya Qüvvələrini həmin müddətdə atəşkəs rejiminə sözsüz əməl etməyə çağırır”, – deyə Blinken qeyd edib.

Dövlət katibi əlavə edib ki, Vaşinq­ton hərbi əməliyyatların tamamilə da­yandırılması üçün səylərini regional və beynəlxalq tərəfdaşlarla, Sudanın mülki institutlarının nümayəndələri və digər maraqlı tərəflərlə əlaqələndirmək niyyətindədir. 

Liviya isə Sudanda davam edən si­lahlı toqquşmalar səbəbindən bu ölkə ilə sərhədlərini bağlayıb. Bu barədə Liviya Silahlı Qüvvələrinin Baş koman­danlığına istinadla məlumat yayılıb. Li­viya ordusunun ölkənin cənub-şərqinə, Sudanla sərhəd yaxınlığındakı Kufra şəhərinə əlavə qüvvələr göndərdiyi bil­dirilir.

Qeyd edək ki, Liviya ilə Sudan arasında sərhədin uzunluğu 382 kilo­metrdir. Həmin rayon qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silah­lı qruplaşmalar və kriminal bandalar tərəfindən istifadə edilir.

Türkiyə və Səudiyyə Ərəbistanı da vətəndaşlarını Sudandan çıxarır. Tür­kiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, Ankara 1490 vətəndaşının evakuasiyası ilə məşğuldur. Ər-Riyad isə 385 nəfəri çıxarır. Sudan Suve­ren Şurasına rəhbərlik edən Silahlı Qüvvələrin komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müa­vini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkə­də hərbi vəziyyət gərginləşib. Aprelin 15-də iki güc strukturu arasında Mero­ve şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda toqquşmalar baş­layıb. 

Sudan Səhiyyə Nazirliyinin son mə­lumatına görə, aprelin 15-dən davam edən döyüşlər nəticəsində 600-dən çox insan həlak olub.

“Xalq qəzeti”

Son xəbərlər